XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 08:54

DÜNYA BU GÜN

EKSPERT: AVROPANIN ERASI BITIR, ASIYA TARIX YAZIR

Dünyanın inkişaf mərkəzi Qərbdən Şərqə keçir. Bunu “Sputnik” informasiya agentliyinə müsahibəsində Özbəkistanda keçirilən “Valday” beynəlxalq diskussiya klubunun X Asiya konfransında iştirak edən Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib. Ekspertin sözlərinə görə, dünya hazırda Böyük Asiyanın yaradılışının şahidi olur.

“Bu gün Böyük Asiya haqqında yalnız arzu etmək yox, danışmaq da olar, onun necə yaradıldığını görmək olar. Buraya müxtəlif ölkələr tərəfindən təşkil olunan yeni alyanslar, əməkdaşlığın yeni iqtisadi formaları, azad zonalar daxildir”, - deyə Aleksandr Rar “Mərkəzi Asiya və Avrasiya: Qlobal qarışıqlığın çağırışları qarşısında çoxtərəfli əməkdaşlıq” konfransı çərçivəsində çıxışı zamanı bəyan edib.

Eyni zamanda, mütəxəssis vurğulayıb ki, Böyük Asiyaya “Qərbdən uzaqlaşan” Türkiyə və “2-3 il əvvəl Birləşmiş Ştatlarla əməkdaşlığa yönələn” Filippin və Vyetnam da daxil olub.

“Asiyada iqtisadi əməkdaşlıq üçün bəşəriyyətin bütün tarixi boyunca heç vaxt görmədiyi böyük məkan yaradılır. Bu məkan özündə dünya iqtisadiyyatının 50 faizini ehtiva edir. Bütün bu iqtisadi proseslərin bazasında həm də gələcək dünya düzənini formalaşdıracaq siyasi institutlar və hərbi birliklər də yaradılacaq”, - deyə Aleksandr Rar qeyd edib.

Ekspertin sözlərinə görə, Asiya dünyadakı vəziyyəti nizama salmaq və sabitləşdirmək üçün ən mürəkkəb və müxtəlif ölkələr arasında təmas nöqtələri axtaracaq.

“Bu gün, ola bilsin ki, doğrudan da Avropanın erası bitir və biz Asiyanın bəşəriyyətin tarixini yazacağı digər bir eraya qədəm qoyuruq. Başqa qaydalarla yeni dünya nizamı formalaşdırılacaq. Bu, hər şeyi liberal iqtisadi və siyasi sistem bazası üzərində qurmağa cəhd edən Qərbin istədiyi kimi olmayacaq”, - deyə Aleksandr Rar vurğulayıb.

 

 

EVO MORALESI MÜXALIFƏTÇI SENATOR ƏVƏZLƏYIB

İstefa verməyə məcbur edilmiş Boliviya prezidenti Evo Moralesin Meksikadan siyasi sığınacaq almasından sonra müxalifətdən olan senator Janin Anyes növbəti seçkilərədək prezident vəzifəsini yerinə yetirəcəyini açıqlayıb. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, 52 yaşlı Janin Anyes Konstitusiyaya əsasən idarəetməni təhvil almaq növbəsinin onda olduğunu bəyan edərək, tezliklə növbəti seçkilərin keçiriləcəyini bəyan edib.

Evo Morales bu açıqlamanı tənqid edib və Janin Anyesi “çevriliş taciri sağçı senator” adlandırıb. “Twitter” hesabından açıqlama verən 60 yaşlı siyasətçi “tarixdəki ən məkrli zərbə” ifadəsindən də istifadə edib.

Boliviya Silahlı Qüvvələrinin Ali Komandanlığının nümayəndələri artıq Senatorlar Palatasının ikinci vitse-spikeri Janin Anyesi müvəqqəti dövlət başçısı kimi tanıyıb və ona dəstək olduqlarını bildiriblər.

Bununla yanaşı, ölkə müxalifətinin rəhbəri, prezident seçkilərində Evo Moralesə rəqib olmuş Karlos Mesa dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq icra edən Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib.

Xatırladaq ki, Evo Morales 20 oktyabr seçkisindən sonra etirazlar nəticəsində bazar günü istefa verdiyini açıqlayıb. Moralesin istefasını istəyənlər arasında Bolivya ordusunun yüksək rütbəli zabitləri də olub.

 

 

FRANSADA MÜSƏLMANLAR DINI AYRI-SEÇKILIYƏ MƏRUZ QALIR

Fransanın İctimai Rəy İnstitutu (IFOP) ölkə əhalisi arasında sorğu keçirib. “Report” agentliyi xəbər verir ki, sorğunun nəticələrinə əsasən, Fransada hər on müsəlmandan dördü irqi və dini ayrı-seçkiliyə məruz qalıb.

Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışında ayrı-seçkiliklə üzləşiblər.

Sorğuya əsasən, Fransada yaşayan hər dörd müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz təşkil edib.

Eyni zamanda, bildirilir ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45, kişilərin isə 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarını qeyd ediblər.

 

 

TRAMP: DEMOKRATLAR QƏLƏBƏ QAZANARSA, IQTISADI DEPRESSIYA BAŞ VERƏCƏK

ABŞ prezidenti Donald Tramp demokratları “totalitarlıqda” ittiham edib və 2020-ci ildə keçiriləcək prezident seçkilərində onların qələbə qazanacağı təqdirdə iqtisadi depressiyanın baş verəcəyini əvvəlcədən xəbər verib. Bu barədə “Report” agentliyi “RİA Novosti”yə istinsadən məlumat yayıb.

Donald Tramp Luizianadakı mitinqdə tərəfdarları qarşısındakı çıxışı zamanı deyib: “Amerikanı transformasiya etmək cəhdində demokratlar daha da totalitar olurlar: narazıları boğur, günahsızlara şər atır, hüquq standartlarını məhv edir, açıq məhkəmə prosesləri qurur və Amerika demokratiyasını devirməyə çalışırlar. Sizə dəqiq deyirəm: əgər demokratlar qayıtsa, onda heç vaxt görmədiyiniz depressiyaya uğrayacaqsınız”.

Qeyd edək ki, Donald Tramp 2020-ci ilin prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Respublikaçıların rəqibi olan demokratların isə vahid namizədi gələn ilin yayında müəyyən ediləcək.

Məlumat üçün qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.

 

 

BERLIN ABŞ VƏ RUSIYANI YANLIŞ ADDIM ATMAMAĞA ÇAĞIRIB

Almaniyanın Nazirlər Kabineti ABŞ və Rusiyanı “Açıq Səma Sazişi”ni qoruyub saxlamağa çağırıb. “Sputnik” informasiya agentliyinin “Süddeutscher Zeitung” qəzetinə istinadən xəbər verib ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib.

Qeyd edək ki, “Açıq Səma Sazişi” sənədinə imza atmış 32 ölkənin silahsız kəşfiyyat təyyarələrinin bir-birlərinin hava məkanında uçuşlar həyata keçirərək hərbi aktivlik haqqında məlumat toplamağa imkan verir.

Hayko Maas deyib: “Açıq səma haqqında saziş hazırda onsuz da pis vəziyyətdə olan tərk-silah prosesində mühüm rol oynayır”.

Xatırladaq ki, Amerika mediası bir müddət öncə ABŞ prezidenti Donald Trampın ölkəsini bu sazişdən çıxarmağa hazırlaşdığı haqqında məlumat yayıb.

“Açıq Səma Sazişi” iştirakçı ölkələr arasında inamın, daha dəqiq desək, onlardan birinin digərinə qəflətən hücum etmək niyyətinin olmamasına dair etimadın qurulmasına kömək etməyə yönəlib.

Xatırladaq ki, bir müddət öncə ABŞ ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişdən də çıxıb. Sözügedən saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və yaxınmənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.

2018-ci ilin oktyabrında Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini “yerinə yetirməməsini” göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın bu qərarına cavab olaraq 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandırıb.

 

 

BREJNEVIN SÜRÜCÜLÜK VƏSIQƏSI SATIŞA ÇIXARILIB

Rusiyada Leonid İliç Brejnevin sürücülük vəsiqəsi satışa çıxarılıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, baş katibin vəsiqəsi 1,5 milyon rubl (24 min dollar) miqdarında dəyərləndirilib.

Məlumata görə, Leonid İliç Brejnevin sürücülük vəsiqəsi “Litfond” hərrac evi tərəfindən hərraca çıxarılıb. 1975-ci ildə baş katibə verilmiş sənəddə onun bütün kateqoriyalara sahib olduğu müəyyən edilib. Belə ki, Brejnevin motosiklet, minik avtomobili, 3,5 tonluq yük maşını, avtobus və hətta qoşqulu avtomobillər sürmə hüququ olub.

Yaxın zamanlara qədər sənəd Brejnevin bağ evində saxlanılırmış. Ev satıldıqdan sonra baş katibin əşyaları bazara çıxarılıb. Auksion evinin saytında qeyd edilib ki, sürücülük vəsiqəsi əla vəziyyətdədir.

Sürücülük vəsiqəsi ilə yanaşı, sürücünün heç bir qayda pozuntusunun olmadığını əks etdirən xəbərdarlıq talonu da olub.

Keçən ilin aprel ayında isə Brejnevin “Çayka” avtomobili satışa çıxarılmışdı.1980-cı il istehsalı olan və 2000 kilometr məsafə qət etmiş avtomobil 30 milyon rubla (470 min dollar) satışa qoyulmuşdu. Reklam müəllifi avtomobili baş katibin Özbəkistan səfəri zamanı istifadə etdiyini iddia edirdi.

 

Read 79 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494356

Currently are 122 guests and no members online