XƏBƏR LENTİ

Çərşənbə, 11 Yanvar 2017 07:38

“The Streight Times” qəzeti Bakının turizm potensialı barədə məqalə dərc edib

Sinqapurun məşhur “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib.

Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır. Qeyd edilir ki, həm Şərq, həm də Avropa mədəniyyətlərini özündə üzvi şəkildə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində az rast gəlinsə də, məşhur “TripAdvisor” turizm səhifəsi Bakının ötən ay asiyalı turistlərin seçimləri arasında ilk yeri tutduğunu elan edib.

Daha sonra məqalədə İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer tutduğu nəzərə çatdırılır.

Azərbaycan mətbəxindən - kabab, paxlava və ənənəvi çay evlərindən söhbət açılır, İçərişəhərin ətrafındakı müasir tikililərə diqqət yetirilir. Yüksək memarlıq həlli ilə diqqəti cəlb edən “Alov Qüllələri” və “Heydər Əliyev Mərkəzi”ndən bəhs olunur.

Məqalədə “TripAdvisor” səhifəsinin Azərbaycan ilə bağlı diqqət yetirdiyi iki cəhət xüsusi qeyd olunur. Bunlardan birincisi, Azərbaycanda çörəyin müqəddəs hesab edilməsi, ikincisi isə Naftalan nefti və onun müalicəvi əhəmiyyətidir.

AZƏRTAC

 

 

 

Read 40 times