XƏBƏR LENTİ

Çərşənbə, 11 Yanvar 2017 07:37

DÜNYA BU GÜN

PARLAMENTIN PREZIDENT BARƏSINDƏ QƏRARI LƏĞV EDILIB

Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın “TeleSur” telekanalı məlumat yayıb.
Xəbər verilir ki, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.
Məlumatda deyilir: “Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etmək səlahiyyəti yoxdur”.
Xatırladaq ki, dekabrın 9-da Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirmişdi. Parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermə zamanı qərarın lehinə 106 deputat səs vermişdi. Hökumət yönlü deputatlar səsvermədən əvvəl zalı tərk etmişdilər.
“El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, parlamentdə qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.
Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlamenti arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina etmişdi.

 

ŞOYQU: BEYNƏLXALQ KOALISIYANIN BIZƏ XEYRI DƏYMƏDI
“Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) ölkə başçısının bütün tapşırıqlarını yerinə yetirib”. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.
“Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəyməyib. Biz bu dəstəyi görmədik, ona görə də vəziyyət bütün qüvvələrimizi və imkanlarımızı səfərbər etməyi tələb etdi. Nəticədə Suriyaya aviadaşıyıcı qruplaşmasını, HKQ-nin əlavə qüvvələrini, eləcə də hərbi polisi cəlb etməli olduq”, - deyə Sergey Şoyqu vurğulayıb.
Pentaqon rəhbərinin “Rusiyanın İŞİD-lə mübarizəyə verdiyi töhfə sıfıra bərabərdir” fikrinə gəldikdə isə Sergey Şoyqu amerikalı həmkarının ölkə adını səhv dediyini və onu diqqətli olmağa çağırıb.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı terrorçu qruplaşmalara qarşı əməliyyata başladığı 2015-ci ilin sentyabr ayından etibarən İŞİD-ə məxsus 174 neft istehsalı obyektinin məhv edildiyini açıqlayıb. V.Gerasimov həmçinin İŞİD-in əsas gəlir mənbəyindən də məhrum olduğunu bildirib.
Rusiya təyyarələrinin əməliyyatın başladığı tarixdən bu günədək terrorçu qruplaşmalara qarşı 71 min hava hücumu təşkil etdiyini qeyd edən Valeri Gerasimov eyni zaman kəsiyində Suriyada 12 min 360 kvadrat kilometr uzunluğundakı sahənin terrorçu qrupların əlindən geri alındığını bildirib.

 

ABŞ RUSIYA İSTINTAQ KOMITƏSININ RƏHBƏRINƏ SANKSIYA TƏTBIQ EDIB
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin adını sanksiya siyahısına əlavə edib. “APA”nın verdiyi məlumata görə, A.Bastrıkinlə birlikdə daha dörd Rusiya vətəndaşı - Stanislav Qordiyevski, Dmitri Kovtun, Andrey Luqovoy və Gennadi Plaksinin adları da “Maqnitski siyahısı”na daxil edilib.
Xəbər verilir ki, A.Bastrıkin, S.Qordiyevski və G.Plaksin 2009-cu ildə “Matrosskaya tişina” istintaq təcridxanasında auditor Sergey Maqnitskinin ölümü, A.Luqovoy və D.Kovtun isə Rusiya xüsusi xidmət orqanlarının zabiti olmuş Sergey Litvinenkonun Britaniyada zəhərlənərək öldürülməsi ilə əlaqədar sanksiyaya məruz qalıblar.
Məlumat üçün qeyd edək ki, Rusiyada insan hüquq və azadlıqlarını pozanlara qarşı “Maqnitsk qanunu” ABŞ Konqresində 2012-ci ildə qəbul olunub. 2016-cı ilin dekabrında isə bu qanuna qlobal xarakter verilib. Artıq qanun bütün dünya ölkələrinin vətəndaşlarına şamil oluna bilər.

 

RUSIYA KONSULUNUN AFINADA MEYITI AŞKAR EDILIB
Yunanıstanda Rusiya səfirliyinin konsul şöbəsinin rəhbərinin Afinadakı mənzilində meyiti tapılıb. Bu barədə “BBC” agentliyi Yunanıstanın hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Agentlik xəbər verir ki, 55 yaşlı Andrey Malanin ölümündə zorakılıq əlamətləri aşkar edilməyib, lakin polis rəsmiləri hadisənin ciddi araşdırılacağını bəyan ediblər.
Rusiya rəsmiləri artıq konsulun ölümünü təsdiqləyiblər.
“Proto Tema” saytı bildirib ki, A.Malanin bazar ertəsi işə gəlməməsi və telefon zənglərinə cavab verməməsindən sonra, həmkarları polisin müşayiəti ilə onu yoxlamaq üçün evə gəlib və qapının içəridən bağlı olduğu aşkar ediblər. O, öz yataq otağında döşəmənin üstündə uzanılı halda tapılıb.
Polis bildirib ki, meyit üzərində görünən zədə olmayıb və evə məcburi daxil olmanın əlamətləri aşkarlanmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyədəki Rusiya səfiri Andrey Karlov Suriyanın Hələb şəhərinin bombalanmasında Rusiyanın iştirakına etiraz əlaməti olaraq qətlə yetirilmişdi.

 

ABŞ SURIYADA TÜRKIYƏ ORDUSUNA DƏSTƏYINI GÜCLƏNDIRƏCƏK
ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat aparan Türkiyəyə dəstəyini artıracaq. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Vaşinqton Post” nəşrinin məlumatında bildirilir.
Xəbər verilir ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatları Türkiyə ordusu üçün Suriyanın şimal-qərbində İŞİD mövqelərinə aid kəşfiyyat məlumatları toplamağa başlayıb. Həmçinin Vaşinqtonun Türkiyə ordusunun Əl-Bab şəhəri istiqamətində irəliləməsi üçün dəstəyini gücləndirəcəyi vurğulanır.
Bununla yanaşı, qeyd olunur ki, ABŞ terrorçuların mövqelərinə havadan zərbələr endirəcək, Türkiyə ordusunu lazımi avadanlıqla təmin edəcək.
Eyni zamanda, Türkiyə ordusu ABŞ-ın xüsusi təyinatlılarının məsləhətçiləri tərəfindən yardım alacaq. Analoji yardımın müxalifət qüvvələrinə də göstəriləcəyi bildirilir.
Bununla belə Pentaqon istisna etmir ki, əməliyyat bölgəsində Türkiyə və Rusiya təyyarələrinin uçuşları ABŞ aviasiyasına müəyyən problem yaradacaq.
Qeyd edək ki, Türkiyə ordusu ötən ilin yayından etibarən Suriyanın şimalında “Fərat qalxanı” hərbi əməliyyatı keçirir. Əməliyyatın məqsədi ölkə ilə sərhəd bölgələrini İŞİD və YPQ terrorçu qruplaşmalarından təmizləmək, habelə qaçqınların geri qayıtması üçün təhlükəsizlik zonasını yaratmaqdır.

 

İRANIN ƏLAVƏ NEFT SATIŞI QIYMƏTLƏRI UCUZLAŞDIRDI
Həftənin ilk birja günündə neft yenidən ucuzlaşmağa başlayıb. “APA”nın verdiyi xəbərə görə, bazar iştirakçılarını narahat edən məqam yenə də OPEK daxilində razılaşmaya əməl olunacağına şübhələr yaranması və ABŞ-da şist neftinin hasilatının artmasıdır.
Məlumata görə, bazar ertəsi “Brent” neftinin bir barreli 56,14 dollardan satılıb, Qərbi Texas nefti isə 53,23 dollardan təklif olunub. Çərşənbə axşamı isə qiymətlər müvafiq olaraq 55,13 və 52,13 dollara kimi geriləyib. Ümumilikdə hər iki neft markası gün ərzində 2 faizədək ucuzlaşıb.
Xatırladaq ki, OPEK üzvləri və kartelə daxil olmayan bəzi neft hasilatçısı ölkələri yanvarın 1-dən gündəlik hasilatı 1,8 milyon barel azaltmaq barədə razılıq əldə ediblər.
Hələlik hasilatın real olaraq nə qədər azaldığı və razılaşma tələblərindən azad edilən İran, Liviya və Nigeriya kimi dövlətlərdə hasilat səviyyəsi ilə bağlı real durum məlum deyil.
Neft hasilatını sanksiyalara qədərki səviyyədə azaltmağa razılıq verən İran qəfildən neft satışının həcmini artırıb. Bazar ertəsi İran tərəfi dəniz tankerlərində saxlanan 13 milyon xam neftin satışını həyata keçiriblər.
Qiymətlərin yüksək olması ABŞ-da isə şist neftinin hasilatını sürətləndirib. “Baker Hughes” şirkətinin açıqlamalarına görə, ölkədə şist qazma qurğularının sayı 2015-ci ilin dekabrından bu yana ən yüksək həddə çatıb.

 

 

 

Read 16 times