XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 11:05

Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin önəmi

Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür

 

Son bir neçə on ildə bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzə qalır. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Bu proses razılaşdırılmış addımlar və anlaşmalar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində aparılır ki, qəbul edilən qərarlar və qətnamələr beynəlxalq səviyyədə müsbət həllini tapsın, həqiqi təsir gücünə malik olsun. Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Təşkilat hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan hücumlara qarşıdır. 

 

Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin önəmini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr — İndoneziya, Tunis, Niger, Dominik Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sözügedən ölkələrin belə qəti mövqe sərgiləmələri Qoşulmama Hərəkatının prinsip və dəyərlərinə sadiqliyini və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Azərbaycan tərəfindən bu mövqe ikitərəfli nümasibətlərdə tarixi dostluq əlaməti kimi qəbul olunur. Məlumat üçün bildirək ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür və təşkilata 2011-ci ildə qəbul olunub. Və elə həmin il bu qurumun və onun üzvlərinin dəstəyini alıb. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı özünü göstərib. Bu 2011-ci ildə Azərbaycanın təşkilata qəbul olunduğu eyni ildə baş verib. Azərbaycan Qoşulmama Hərəkatındakı tərəfdaşlarının güclü dəstəyini alıb. Bu, o qədər də asan məsələ olmayıb. Çünki Azərbaycanın güclü rəqibləri var idi və həmin rəqiblər bu təşkilata üzv olmayan ölkələr idi. Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün 16 raund tələb olundu və ölkəmiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildi. Beləliklə, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Azərbaycanın ən mötəbər beynəlxalq quruma üzv seçilməsində həlledici rol oynadı.

Bunu üzv dövlətlər arasında həmrəyliyin təzahürü kimi dəyərləndirən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu, eyni zamanda, Qoşulmama Hərəkatının imkanlarının göstəricisidir: “BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində orada təşkilatımızın bütün üzvlərini təmsil etdi. Bəyan etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət və beynəlxalq hüququ müdafiə edəcəyik”.

Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya birliyinə üzv dövlətlərin təmsil olunduğu ən böyük siyasi platformadır. Məhz bu amilin özü qurumun müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir. Qeyd edək ki, 2019-cu ildə Bakıda keçirilən XVIII Zirvə görüşünün Yekun Sənədinə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsi işlədilir ki, bu da Ermənistanın 120 dünya birliyi dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Bu təşkilat hər zaman rəsmi Bakının siyasi və diplomatik mövqeyini qlobal səviyyədə dəstəkləyib. Azərbaycan Respublikası da 2018-ci ildə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin və 2019-cu ildə Bakıda keçirilən Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

 

Şükür ƏLİZADƏ,

“Respublika”.

Read 53 times