XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:45

Paytaxtda uşaq bağçaları fəaliyyətini ənənəvi qaydada davam etdirir

Hazırda Bakı şəhərindəki bütün Dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və  müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bağçalar tibbi maskalar, əlcəklər, hərarətölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyətinin və uşaqların temperaturu ölçülür.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri E.İmanov bildirmişdir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəssisəsi vardır ki, onların 330-u fəaliyyət göstərir. Hazırda yalnız 9 bağça koronavirusla əlaqədar karantinə bağlanıb.

Qeyd edilməlidir ki, son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir, yenidənqurma və sökülərək yenidən tikinti işləri həyata keçirilmişdir. 19 bağça sökülərək yenidən tikilib, 6  bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb.

Bu məktəbəqədər təhsil müəssisələrində 2177 qrupda 41074 uşaq təlim-tərbiyə alır və  orada ümumilikdə 11781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri  bu günə vaksinasiya prosesindən keçib və qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyəti

Mətbuat Xidməti.

Read 63 times