XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 07:36

Erməni vandalizmi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır

İƏT Təmas Qrupunun nümayəndələri Ağdamda erməni vəhşiliklərinin şahidi olublar

Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Əvvəlcə Ağdam şəhərindəki avtovağzal və texniki peşə məktəbinin binalarının qalıqlarına baxış keçirilib. Ağdam şəhər sakini Zülfü Qasımov məlumat verib ki, avtovağzal binası 1991-ci ilin fevralında erməni terrorçuları tərəfindən partladılıb. Avtovağzalın yaxınlığındakı peşə məktəbinin binası keçmiş SSRİ dövründə təhsilin səviyyəsinə və texniki bazasına görə ən qabaqcıl təhsil ocaqlarından idi. Erməni vandalları Ağdamdakı bütün binalar kimi peşə məktəbinin binasını da yerlə-yeksan ediblər.

Xarici nümayəndələr sonra Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olublar. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.

Ağdam şəhərinin viran qoyulmuş mərkəzi küçəsi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada 15 mindən artıq fərdi yaşayış evi, 31 çoxmərtəbəli bina olub, 42 mindən çox insan yaşayıb. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Sonra nümayəndə heyəti Ağdamın I Şəhidlər xiyabanını ziyarət ediblər. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.

Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Sonra səfər iştirakçıları Ağdam şəhərindəki İmarət qəbiristanlığına gəliblər. Məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Bildirilib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli var idi. İndi onlardan əsər-əlamət qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.

Səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət edib.

 

 

AZƏRTAC

Read 80 times