XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:25

Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

AZƏRTAC xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət ediblər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırkı vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, Merdinli kəndinə səfərin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı,  kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir: “Digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burada da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib. İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı, onun təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir”.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi, bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: “Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən iş aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanı olub”.

 

 

AZƏRTAC

Read 79 times