XƏBƏR LENTİ

Bazar, 07 Mart 2021 10:19

Cəmiyyətimizin mənəvi dayağı

Bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı isə ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Cəmiyyətdə əxlaqi problemlərin həllində, ideya mübarizəsində əzmkarlıq və möhkəm əqidə saflığı nümayiş etdirən qadınlarımız haqqında ulu öndərimiz deyirdi: “Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır... Qadın hərəkatı böyük qüvvədir”.

Heydər Əliyev şəxsiyyətinin qadına hörmət, diqqət və qayğısının daha bir nəticəsidir ki, keçmiş Sovet İttifaqının təşəbbüsü ilə hələ 1975-ci ildə BMT Beynəlxalq qadınlar gününün bütün dünyada qeyd olunmasını tövsiyə etsə də, SSRİ dağıldıqdan sonra bir sıra yeni dövlətlər bu bayramı ləğv etdikləri halda, məhz onun təşəbbüsü ilə Azərbaycanda 8 Mart günü nəinki bayram kimi saxlanılmış, həmçinin qeyri-iş günü kimi qanunvericilik qaydasında təsbit edilmişdir.

Sevindirici haldır ki, dövlət başçımız cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ulu öndərin gender siyasətini də uğurla həyata keçirir. Son dövrlər Milli Məclisdə, dövlət idarəçiliyi orqanlarında, elm, təhsil, səhiyyə, məhkəmə, hüquq, mədəniyyət, siyasət və idman sahələrində təmsil olunan qadınlarımız üzərinə düşən vəzifələrin öhdəsindən nəinki layiqincə gəlir, hətta dövlətimizi bir çox beynəlxalq qurumlarda ləyaqətlə təmsil edirlər. Dinamik iqtisadi inkişafa nail olmuş və müstəqillik yolu ilə inamla addımlayan ölkəmizdə son illər qadınların ölkə daxilində fəaliyyəti ilə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələri də forma və məzmunca təkmilləşdirilmişdir.

Qürurverici haldır ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınını şəxsi nümunə göstərərək ailə, qadın və uşaqların problemlərini öz nəzarətində saxlayır. Onun təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, tərbiyəsi sahəsində böyük layihələr uğurla həyata keçirilir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının dərin ağlını, incə qəlbini, yüksək xeyirxahlığını və alovlu vətənpərvərliyini bütün dünyaya nümayiş etdirir. Onun beynəlxalq aləmdə gördüyü misilsiz işlər, siyasi və mədəni fəaliyyəti ölkə qadınlarının adını daha yüksək zirvələrə qaldırmışdır.

Danılmaz həqiqətdir ki, qadın hərəkatı güclü qüvvədir. Bu gün geniş miqyasda fəaliyyət göstərən qadınlarımızın əsas amalı da ölkəmizdə demokratik proseslərin daha da möhkəmləndirilməsi yolunda çalışmaq, milli quruculuq konsepsiyasına sadiq qalaraq gənclərimizi vətənsevərlik, Azərbaycançılıq ruhunda tərbiyə etməkdir. Ulu öndərimiz hər zaman Azərbaycan qadınının ağlına, düşüncəsinə, gözəlliyinə, mərdliyinə, cəsarətinə arxalandığını deyirdi. Ölkəmizdə bu gün təhsil və səhiyyədə çalışanların əksəriyyətinin qadınlardan ibarət olması qadınların təhsil səviyyəsinin kifayət qədər yüksək olmasından xəbər verməklə yanaşı, həm də onların iqtisadi sferada fəallığını sübut edir.

 

Ləman ƏLİYEVA,

Caspian İnternational

Hospitalın cərrah,

mama-ginekoloqu.

Read 69 times