XƏBƏR LENTİ

Şənbə, 06 Mart 2021 10:28

Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb

Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Avropa Şurasının 2018-2021 illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilib.

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki cari vəziyyət, postmüharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb.

Zoltan Hernyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. Z.Hernyeş təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini qeyd edib.

Tərəflər arasında, həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Read 83 times