XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:56

Dünyanı heyrətləndirən mədəniyyət ocağı - Şuşa...

Sizlərə təqdim etdiyim bu yazıda Azərbaycan xalqına, dünya azərbaycanlılarına və türk dünyasına milli mənəvi dəyərimizin alınmaz qala simvolu kimi müqəddəslik qədər əziz olan Şuşa şəhərindən, bu şəhərdə keçirilmiş poeziya və muğam festivallarından biri ilə bağlı xatirələrimi danışacağam.

Bəri başdan deyək ki, bir ölkənin böyüklüyü o ölkənin ərazisi ilə deyil, insanlarının mədəni səviyyəsi ilə qiymətləndirilir. Qürur hissi ilə deməliyik ki, belə mədəni şəhərlərdən biri də Azərbaycanın Mədəniyyət Mərkəzi sayılan Şuşadır.

Dahilər söyləyiblər tərifin bizdən əzəl,

Gecələr ulduzların qoynunda yatan Şuşam!

Həqiqətən də, Şuşa başqa bir aləmdir, başqa bir dünyadır...

Sizdən nə gizlədim: ləl-gövhər yatır,

Şuşa torpağının hər guşəsində.

Özgə gözəllik var, özgə ətir var,

Şuşa torpağının bənövşəsində.

Zəngin flora və faunaya malik olan Şuşanın havası buz salı kimi şəffaf, gül-çiçəklərinin rəngi isə qeyri-adidir: qırmızıdırsa al qırmızıdır, sarıdırsa sapsarıdır, ağdırsa parlaq ağdır. Bu, torpaqdan, sudan və havadan asılıdır...

Bu müqəddəs şəhərin yaranma tarixi, memarlıq və incəsənət abidələri, dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri, şair və xanəndələri, sənətkarları, nəhayət, mənfur düşmənə - vətənsiz və işğalçı ermənilərə əbədi göz dağı olması ilə bağlı xeyli yazılar da yazmışam. Ayağım dəyən ölkələrdə, iştirakçısı olduğum tədbirlərdə, ayrı-ayrı mətbuat səhifələrində, radio və televiziya verilişlərində, hətta bir neçə xarici ölkə mətbuatında da Şuşadan söz açmağı, dünyaya tanıtmağı özümə mənəvi borc bilmişəm. Məndən Şuşanın necə şəhər olduğunu, hansı coğrafi məkanda yerləşdiyini soruşanlara:

Üç min il yaşayır sərv ilə çinar,

Onlar evkaliptin kölgəsindədir.

Everest zirvələr şahı olsa da,

Şuşa ulduzların cərgəsindədir!..

- cavabını vermişəm.

Şuşa həm keçmişi, həm də indiki qəhrəmanlıqlarıyla dolu və saysız-hesabsız hadisələrin şahidi olan Azərbaycan şəhəridir. Şuşa dədə-babalarımızın Vətənimizə sonsuz sevgi və məhəbbətlərindən, milli ruhlarından, milli istəklərindən, milli birliklərindən yaranmış şəhərdir...

Sizlərdən nə gizlədim, Şuşadan ayrı düşdüyüm 29 ilə yaxın müddətdə bir an da olsun yadımdan çıxarmadığım, ümidimi üzmədiyim, nə vaxtsa yenidən qovuşacağıma olan inamımı itirmədiyim, muzeyləşdirib ürəyimdə - ruhumda yaşatdığım Ana Vətənim Şuşaya:

Bir qara daşın da əzizdir mənə,

Qarış torpağını yada qıymaram.

O, ürək yerinə sığıb sinəmə,

Yüz il vəsf eləsəm yenə doymaram!

- dediyim bu şəhəri ona görə ürəyimdə muzeyləşdirmişəm ki, Şuşanın özünün və övladlarının nəyə qadir olduqlarını məndən soruşanlara tanıda bilim. Muzeyləşdirmişəm ki, Şuşaya qayıdanda (təəssüf ki, işğaldan azad olduğu gündən bu günə qədər gedib görməyimə şərait yaradılmamışdır...) Ana Vətənimə əliboş qayıtmayım!..

Qürur hissi ilə deməliyəm ki, Şuşa 8 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgərlərinin, zabitlərinin, xüsusilə canlarını Vətən uğrunda qurban vermiş şəhidlərimizin, qazilərimizin və xalqımızın monolit birliyinin sayəsində düşməndən azad edilmişdir. Şuşanı, eləcə də digər şəhər və kəndlərimizi işğaldan azad edən qəhrəman əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm!

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm!

Apardığımız araşdırmalardan məlum olmuşdur ki, Şuşa ilə bağlı 2000-dən çox əsər yazılmışdır. Və yazılacaqdır...

Şair, gözəlliyin vurğunusansa,

Dolan Qarabağı, dayan Şuşada.

Yat zümrüd meşədə, bulaq başında,

Bülbül nəğməsinə oyan Şuşada!

...1989-cu ilin may ayının 21-i idi. Həmin gün evimizin on addımlığında yerləşən, adı dillər əzbəri olan Cıdır düzündə “Xarı bülbül” festivalı keçirilirdi. Həmin gün Şuşa və şuşalılar öz bəxtəvər günlərini yaşayırdılar.

Həmin gün:

Qarabağın güllərinin,

Şeh öpürdü yanağından.

Şuşadakı qızılgülün

Bal axırdı dodağından!..

Ətrafdakı zümrüd meşələr, başı qarlı əzəmətli dağlar, qoyunlu-quzulu yaylaqlar, buz köynəkli qumru bulaqlar, nəğməkar bülbüllər adamı ovsunlayırdı. Üçmıxın sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən Xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri sözün həqiqi mənasında heyrətləndirirdi...

Sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, neçə-neçə yadellilərin işğalına məruz qalan, öz məğrurluğunu qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi qurşanan möhtəşəm qala divarları, bürclər qədim Çin səddini xatırladırdı. Bir sözlə, Şuşanı ilk dəfə görənlər sanki möcüzələr aləminə düşmüşdülər...

Mərhəmətli ana təbiət öz əlləri ilə Cıdır düzünə gül-çiçəklərdən xalı döşəmişdi. Allah bu torpaqdan heç bir gözəl payını əsirgəməmişdi...

Festivala Qazaxıstandan, Başqırdıstandan, Türkmənistandan, Moskvadan, Pribaltika ölkələrindən, Ukraynadan, Dəmir Qapı Dərbənddən, Borçalıdan, Belqoroddan, əsasən də Azərbaycanın öz şəhərlərindən: Bakıdan, Naxçıvandan, Şamaxıdan, Şəkidən, Füzulidən, Cəbrayıldan musiqiçilər, xanəndələr, şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdilər. Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin ustalarının düzəltdikləri tar, kamança, saz, qaval, ud, nağara və digər musiqi alətləri ilə yanaşı, öz mahir sənətkarlığı ilə tanınan şəbəkə ustası (ona Şuşada “şəbəkə” Rafiq deyirdilər. Hazırda Bakıda yaşayır, sənətini övladlarına: Vüsala və Fəridə də öyrədibdir - Ə.Ş.) Allahverdiyev Rafiq Qaffar oğlunun düzəltdiyi şəbəkə nümunələrinə qonaqlar heyranlıqla tamaşa edirdilər. Tədbirdə iştirak edən bir çox qonaqlar adlarını sadaladığımız musiqi alətlərindən və şəbəkə nümunələrindən alıb öz ölkələrinə apardılar.

Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Balaca oğlu Hüseynovun özünün və oğlanları Təvəkkülün, Allahverdinin, qız nəvəsi 10 yaşlı Rəşadın, pəhləvanın qızının (adını unutmuşam -Ə.Ş.) atıb-tutduqları ağır çəki daşları, dartıb saxladıqları minik maşınları, xüsusilə Qaçay pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər adamla dolu “Qaz-53” markalı maşını keçirməsi səhnəsi zamanı alqışlar hələ də gözlərimin önündə canlanır.

Xanəndələrin zəngulələri dağlarda, dərələrdə əks-səda verirdi...

Yeddi rəngdə düzəldilmiş çadırlar qədim Oğuz-türk fatehlərinin çadırlarını xatırladırdı. Sanki yeni bir dünyaya düşmüşdük... Yadımda ikən deyim ki, “Xarıbülbül” festivalının baş tutmaması üçün Azərbaycanın Xankəndi şəhərini terror yuvasına çevirmiş vətənsiz, mədəniyyətsiz, mənəviyyatsız, vəhşi, işğalçı və paxıl ermənilər Ağdamdan Şuşaya gələn yolları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birlikdə bağlamışdılar. Onlar Şuşanın ətrafındakı Şuşakənddən, Mıxatardan, Qırmızı kənddən, Sığınaqdan, “Topxana” meşəsindən və digər yerlərdən hər gün Şuşanı mərmi atəşinə tuturdular. Hətta onlar Cıdır düzünə toplaşmış festival iştirakçılarına bir neçə dəfə güllə atmışdılar. Şuşadan başqa rayonlara gediş-gəliş olduqca çətin idi. Elə buna görə də şənlikdə iştirakı nəzərdə tutulmuş bir çox mötəbər qonaqlar Əsgəran, Xocalı, Xankəndi və Şuşa yollarında təhlükəsizliklərinə şərait yaradılmadığı üçün yarı yoldan geri qayıtmağa məcbur olmuşdular, bir çoxları isə vətənpərvər oğullarımızın köməyi ilə gəlib çıxmışdılar.

Xankəndidə erməniləri qoruyub saxlayan, havadarlıq edən Volski hökuməti və onun tabeçiliyində olan “Xüsusi Təşkilat Komitəsi”nin “sülhməramlı” qoşunları ermənilərlə birlikdə qəsdən qonaqların Şuşaya gəlmələrinə əngəl yaratmışdılar.

...Amfiteatrı xatırladan Cıdır düzündə bir-birindən 30-40 metr aralı qurulmuş çadırların qapısının üstündə ifa ediləcək muğamın adı yazılmışdı.

Qazax, Türkmən və Başqırd musiqiçiləri yerə döşənmiş xalı və gəbələrin üstündə bardaş qurmuşdular.

Festivalın açılışında dahi Üzeyir Hacıbəylinin milli ruhundan, milli istəyindən yaranmış “Koroğlu” uvertürası səsləndirildi. Bu qəhrəmanlıq və vətənpərvərlik əsərinin sədaları dağlarda, dərələrdə, Qarabağın bütün el-obalarında, göylərin sonsuzluğunda əks-səda yaradırdı. Bu möhtəşəm musiqi əsəri Şuşanın böyük şəxsiyyətlər Vətəni olduğunu dünyaya çatdırırdı... Bu uvertüra həm də o vaxtlar Qarabağın və onun zümrüd tacı sayılan Şuşanın üstünə uzanan düşmən caynaqlarının təhlükəsindən xəbər verirdi, bizi ayıq-sayıq olmağa çağırırdı...

Mən Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən təməl daşının qoyulduğu Şuşanın oğluyam. Səmimi deyim ki, Şuşanın işğal altında olduğu illərdə məni doğma şəhərimizə qayıdacağımıza güclü inamı yaşadıbdır. Səmimi deyim ki, Şuşadan ayrı düşdüyüm illərdə:

Ümidi qoymadım puç ola gedə,

İçimdən kədəri, qəmi qovmuşam.

Sönmüş çıraqları yandırmaq üçün,

Gah alov olmuşam, gah od olmuşam!

...Yaxşı yadımdadır: moskvalı Vyaçeslav, xarkovlu Natalya çıxış etdilər. Onlar Qarabağın, Şuşanın, Xankəndinin, Şahbulağın, Əsgəranın, Xocalının Azərbaycan xalqına məxsusluğundan, ermənilərin 1828-1830-cu illərdə Qarabağa köçürülüb gətirildiklərindən elmi əsaslarla tarixi faktlar söylədilər, Şuşanın gözəlliyi qarşısında heyranlıqlarını dönə-dönə dilə gətirdilər. Onların çıxışları alqışlarla qarşılandı.

“Xarı bülbül” festivalında Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu da iştirak edirdi.

Azərbaycan Respublikasının Xalq artisti, mərhum professor Vasif Adıgözəlovun çıxışı iştirakçılarda xoş təsir yaratdı.

“Xarı bülbül” festivalında Vasif Adıgözəlovla birlikdə Oqtay Quliyev, Bayram Hüseynov, Həsən Adıgözəlov, Şamil Axundov və Qarabağın gözəli, təkrarsız və bənzərsiz muğam ifaçısı, Xalq artisti Sara Qədimova da iştirak edirdi. Söz çıxış üçün Sara xanıma verildi. Sara xanım bir anlığa gözlərini Cıdır düzündən açıq-aydın görünən Şahbulağa, Əsgərana, Xocalıya, Xankəndiyə, “Topxana” meşəsinə, Daşaltı çayına, Qırxqız və Kirs dağlarına, Gülablıya, Malıbəyli və Quşçular kəndlərinə, bir sözlə, Qarabağın mənzərələrinə tərəf yönəldərək “Qarabağ şikəstəsi” muğamını oxudu.

Sara xanımın insanı ovsunlayan qeyri-adi səsi göylərin ənginliklərində buludlara layla çalırdı. Onun zəngulələri Təbrizə, Ərdəbilə, Dəmir Qapı Dərbəndə, Borçalıya qanadlanırdı. Bu sehrli şikəstə Şuşadan bütün türk dünyasına yayılırdı... Mənə elə gəlirdi ki, bir vaxtlar vətənindən ayrı düşmüş Ağabəyim ağanın ruhu da Şuşada gəzib-dolaşırdı. Sara xanım Ağabəyim ağanın dilindən deyilmiş bayatını olduğu kimi oxuyurdu:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

Bu məşhur bayatı ilə “Qarabağ şikəstəsi” Şuşada bir-birinə qovuşmuşdu... Səmimi deməliyəm ki, bu “Qarabağ şikəstə”si milli ruhumuzun, tariximizin, mədəniyyətimizin, poeziyamızın qızıl səhifələrindəndir.

Həmin anlarda “Ağzıyastı” kahanın qarşısında çay dəstgahı süfrəsi ətrafında əyləşmiş “Məclisi-üns”ün və “Məclisi-fəramuşan”ın şair və xanəndələrinin ruhları da festivala qovuşmuşdu.

...Naxçıvanlılar “Segah” çadırında çıxış etdilər. Xanəndə Hünər Əliyevi tarda Elman Əliyev, kamançada Nazim Hüseynov müşayiət edirdilər. Onlar öz çıxışları ilə tamaşaçıları feyziyab etdilər.

Şəkililər “Şur” çadırında oxuyurdular. Milli geyimdə 75-80 yaşlı qoca xanəndənin şaqraq zənguləsini bu vaxta qədər unutmamışam. Onu tarda Əbdülrəşid Məmmədov, kamançada Fərrux Məmmədov müşayiət edirdilər. Şəkililərin mədəniyyət evi Ələsgər Abdullayevin adını daşıyırdı. Xanəndənin adı Əbülfəz Nəcəfov idi. Onun yanıqlı səslə oxuduğu “Dərdimi söylədim bir gözəl qıza, o da bənzəyirdi aya, ulduza” mahnısının əvəzi yox idi... Bu vaxta qədər onların ifa etdikləri “Ah gülə-gülə” mahnısını da unuda bilməmişəm.

Şamaxılılar “Rast” çadırında çıxış edirdilər. Ağakərim və Hafiz adlı xanəndələr oxudular. Onları tarda Şamil İsmayılov, kamançada Azər Hacıbalayev milli geyimdə və başlarında gümüşü papaqla müşayiət edirdilər.

Füzulilərin çadırı “Şüstər” adlanırdı. Məşhur xanəndə Ağabala Abdullayevin oğlu Nizami Abdullayev və Təşkilat Nəsirov oxudular. Təşkilatı, Nizamini və Fatma Əhmədovanı tarda Rasim Tahirov, kamançada Əhməd Vəliyev müşayiət edirdilər. Fatmanın şaqraq və yanıqlı səsi adamı ovsunlayırdı.

Cəbrayıl elindən gələnlər “Bayatı-Şiraz” çadırında əyləşmişdilər. Bu muğamı Məmməd Muradov adlı xanəndə oxudu. Onu tarda Nurəddin Quliyev, kamançada şuşalı Vaqif Mirzəyev müşayiət etdilər. Çox gözəl çalıb-oxudular.

Bakı Muğam Teatrının nümayəndələri “Çahargah” çadırında idilər. Xanəndə Mehman Səmədovu tarda Mirxalid Salayev, kamançada Zahid Rzayev müşayiət etdilər. Mehman Səmədovun qeyri-adi səsini hələ də unutmamışam. Onun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.

Dünyanı heyrətə salan - Qafqazın konservatoriyası sayılan Şuşanın çadırı ağ rəngdə idi. Şuşanın muğam və mahnı ifaçıları mərhum Hüseyn Məşədiyev, Gülnaz Tağıyeva, Hafiz Sədirzadə, Mehdi Mehdiyev, mərhum xanəndə İsa Rəhimov, qarmon və tar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzən mərhum Nadir Abbasov, tarzən mərhum Gülağa Zeynalov (Gülağa Zeynalov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur), tarzən İntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. İsa Rəhimov klassik xanəndələrə xas olan dəstgahla “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva, “Qatar”, Hafiz Sədrzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər. Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi. Konsertmeystr Rəsul İsmayılov idi. Şuşalılar sözün əsl mənasında tədbirə sonsuz gözəllik qatdılar. Tədbirə Nizami Gəncəvinin, Əfsələddin Xaqaninin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Xurşidbanu Natəvanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Zabul Qasımın, Keçəçi oğlu Məhəmmədin, Əbdülbaği Zulalovu (Bülbülcanın), Sadıqcanın, Üzeyir Hacıbəylinin ruhları qovuşmuşdu.

Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun çaldığı “Zabul” segahın müşayiəti ilə “Aman Allah, Şuşada nə möcüzələr vardı?!.” və “Şuşaya gəlməlisən” şeirlərimi söylədim.

Bu gün Şuşa bizi qələbə ruhu ilə öz ana qucağına çağırır. İnanırıq ki, tezliklə, hamılıqla yolumuzu gözləyən el-obalarımıza qovuşacağıq, xarabalıqdan cənnətə döndərilmiş şəhərlərimizi və kəndlərimizi yenidən gülüstana çevirəcəyik!

Şuşa bizi çağırır ki, 1993-cü ildən bu günümüzə qədər unutmadığımız, qoruyub saxladığımız “Məclisi-üns”ümüzü (“Məclisi-üns” - “Söz-gülüstanı” adı ilə fəaliyyət göstərir) və “Məclisi-fəramuşan”ı öz anasına - Şuşaya qovuşduracağıq.

İnanırıq ki, tezliklə Şuşa şəhərində xalqımızın, bütün türk dünyasının, eləcə də dünyanın sülhsevər ölkələrinin şairləri, yazıçıları, musiqiçiləri, sənət korifeyləri, dövlət xadimləri, muğam ifaçıları, xüsusilə də Şuşanı və digər el-obalarımızı işğaldan azad edən qəhrəman əsgərlərimiz “Xarıbülbül” festivalı süfrəsi ətrafında əyləşəcəklər!

 

Əyyub ŞIRLANLI,

şair-publisist, Əməkdar müəllim,

Birinci Qarabağ müharibəsinin veteranı,

“Məclisi-üns” - “Söz gülüstanı” Ədəbi Birliyinin rəhbəri.

Read 152 times