XƏBƏR LENTİ

Cümə, 05 Mart 2021 09:51

“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli  aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir. Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər  həftədə iki dəfə- bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız - “Standart” və “Super” tariflər üzrə təklif edir. Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə  (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri  üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir. Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.  

Bakı-İstanbul-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bakı-İstanbul istiqaməti üzrə reysin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalı, koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin https://www.butaairways.az/az/covid/turkey saytında tanış olmaq olar.

Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçiləcək klinikaların siyahısı aviaşirkətin saytında https://www.butaairways.az/az/covid/clinics. dərc edilmişdir.

İstanbul-Bakı istiqaməti üzrə reysin sərnişinləri Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalı, koronavirus infeksiyasının olmaması barədə arayış  almalı və ya QR-kod qeyd olunan COVİD-19-a dair PCR-testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə https://www.butaairways.az/az/covid/azerbaijan tanış olmaq mümkündür.

Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin Səhiyyə Nazirliyinin https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür.

Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVİD-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

Qeyd etməliyik ki, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, 19 mart tarixindən isə Tbilisiyə reyslər yerinə yetirməyə başlayacaq. 

Xəbər və yenilikləri “Buta Airways” aviaşirkətinin sosial şəbəkələrdəki facebook.com/ButaAirways, instagram.com/ButaAirways, twitter.com/ButaAirways,  vk.com/ButaAirwaysru, t.me/Buta_Airways rəsmi səhifələrində  tanış olmaq mümkündür.

“Buta Airways” - Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilmiş, ilk reys 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

“Buta Airways” aviaşirkətinin

mətbuat xidməti.

Read 68 times