XƏBƏR LENTİ

Cümə axşamı, 04 Mart 2021 05:43

QARABAĞ ADƏTLƏRİ YAŞAYIR

Azərbaycan xalqının adət-ənənələri bölgələrdə mövcud olan bəzi fərqli cəhətlər nəzərə alınmaqla eynidir. Xalqımıza məxsus qədim tarixə malik adətlər zaman-zaman müəyyən dəyişikliklərə uğrasa da onların əsas mahiyyət və xüsusiyyətləri bu gün də yaşamaqdadır. Mentalitetimizə uyğun olan adət və ənənələr zaman boyunca həyat tərzimizdə nəsillərə ötürülmüşdür. Əlbəttə, ictimai davranış qaydası kimi yaranan adət və ənənələr insanların maddi və mənəvi həyatını ata-baba ruhunun ifadəsi kimi özündə təcəssüm etdirmişdir. Məsələn, qonşuluq, dostluq, qonaqpərvərlik, qarşılıqlı yardım, kömək, əməksevərlik, yaşlılara hörmət kimi adətlərə hörmət etmək tarixən müqəddəs olmuş, həyat vərdişimizə çevrilmişdir. “Qonaqsız ev uğursuz olar”, “Hər şeyin təzəsi, dostun köhnəsi”, “Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan”, “El gücü, sel gücü”, “Birlik harada, dirilik orada”, “İnsanın əli dəyən yerlər qızıla dönər”, “Böyüyə hörmət kiçiklərin borcudu”...


Qarabağ camaatının qərinələr, əsrlər boyunca əsas məşğuliyyəti maldarlıq, əkinçilik olmuşdur. Buna görə də onlarda təbiət hadisələrilə bağlı çölçülük adətləri formalaşmışdır: “Dağaköçmə”, “Köç günü”, “Seyrə çıxmaq”, “Şum bayramı”nı buna misal çəkmək olar. Bu adətlər azərbaycanlıların arasında həmişə yaşamışdır. “Ata-baba günü”, yəni, ata-baba ruhuna ehtiram adəti də hər zaman mövcud olmuşdur.
Qədim azərbaycanlılar ruhların yaşadığına, mənsub olduqları el-oba, ailə ilə “əlaqə” saxladığına etiqad edirdilər. Onların inamına görə bu ruhlar hər il martın 15-25-i arasında evlərinə gəlir. “Ata-baba günü” mərasimi sonralar öz məzmununu bir qədər dəyişmişdir. Belə ki, Novruz ərəfəsi məzar üstə gedib, dünyasını dəyişənləri yad edir, bunlar yeni nəslin köhnə nəslə ehtiramı, onları unutmadığının ifadəsi kimi bu gün yaşamaqdadır. Novruzda həmçinin qohum-qonşulara, qocalara pay aparırlar.
Məlumdur ki, söz sənəti inciləri də Qarabağın zəngin təbiəti, füsunkar gözəlliyi ilə ideal ahəng təşkil edir. Vətənindən, elindən ayrı düşmüş Ağabəyim ağa Cavanşirin söylədiyi bu bayatı da onun Şuşa nisgili ilə yaşadığının möhtəşəm ifadəsidir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ!
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
VII əsrdə Azərbaycanda İslam dininin qəbul edilməsi ilə Qarabağda milli ideologiya kimi mövcud olan dini birlik parçalandı. Qarabağın düzən zonası və əsas hissəsi İslam dinini qəbul etdi. Yalnız Dağlıq bölgələrdə yaşayan əhali xristian dini ideologiyasını davam etdirmişdi. 1836-cı ildə Rusiya çarı I Nikolayın fərmanı ilə alban mənəvi birliyinin dayağı olan Alban kilsəsi sənədləri ilə birgə ləğv edilir. Bununla da orada albanlar erməniləşməyə qarşı mənəvi-ideoloji mübarizə imkanlarını itirdilər. Bu hadisələr də qarabağlıların sonrakı həyat tərzlərinə, adətlərinə təsirsiz ötüşmədi.
Mənbələrdən XIX əsrdə Qarabağ bölgəsində övladı olmayan qadınların vənglərə, Alban məbədlərinə getmələri də məlumdur. Bu, yerli əhalinin İslam dinini qəbul etməsindən əvvəl alban-xristian dini ibadətgahlarına getmələri ənənəsinin qalıqları idi.
Məişətində yaşanan adətləri isə təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: qonaqpərvərlik, çörəyə hörmət, ailədə keçirilən bayram və ənənələr, məhərrəmlik, orucluq, Qurban bayramının eldə-ailədə icra edilməsi. Ailə bayramları ailə adətlərinin tərkib hissəsidir. Onların bir qismi ailə daxilində, müəyyən qismi də həm ictimai bayramlar kimi qeyd olunur.
Milli Məclisin 27 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Orucluq, Qurban, Novruz və s. bayramlar dövlət səviyyəsində qeyd olunur.
Milli bayramlar və tarixi günlər, həmçinin beynəlxalq bayramlar və tarixi günlərin xalq arasında əsaslı sayılanları ailə səviyyəsində də qeyd olunur. Məsələn, Milli bayramlar sırasında Novruz bayramı, Orucluq, Qurban bayramını göstərmək olar. Beynəlxalq bayramlar və tarixi günlərdən isə Yeni il bayramı, Beynəlxalq Qadınlar günü, Faşizm üzərində Qələbə günü, digər tarixi, təqvim peşə günlərini də qeyd etmək lazımdır.
Azərbaycanda İslam dininin və müsəlmançılığın təsiri ilə yaranmış bir sıra mərasimlər, məsələn, məhərrəmlik də ailələrdə icra olunur.
Orucluq və Qurban bayramının tarixi qədimdir. Sovetlər dövründə də Azərbaycanın hər yerində Qurban bayramı günü keçirilirdi. Qoyun, inək kəsilir, camaat arasında paylanır və bu mərasim “qurbanlıq” adlanırdı.
Azərbaycanlıların məişətində qeyd olunmuş xalq bayramları ənənəvi şəkildə və təntənə ilə keçirilir. Bu baxımdan Novruz bayramının xalq arasında xüsusi yeri vardır. Bununla yanaşı, əsrlər boyu “Qadınlar bayramı”, “Gül-çiçək bayramı”, “Məhsul və peşə bayramları” da həyatımıza daxil olmuşdur.
Adətlərə riayət olunması ictimai rəyə əsaslanır. Adətlərin bir neçə nəslin həyatı müddətində yaşamasının səbəbi də onların uzunömürlü olmasından irəli gəlir və tez-tez təkrar edilməsinə əsaslanır. Ənənələr də qanunlar kimi zaman-zaman yaranır, vaxt ötdükcə yeniləri ilə əvəz olunur. Elə ənənələr də olur ki, klassik nümunələr kimi yaşayır, həmişə insanların həyat tərzində özünü göstərir. Ənənələr bəzən konkret bir mərhələni, dövrü də özündə əks etdirir. Tarixi mənbələrdən və etnoqrafik materiallardan aydın olur ki, Azərbaycanın xalq bayramları da qədim bir tarixə malikdir.
Azərbaycanda daha geniş şöhrət tapmış bahar fəslinin başlanmasını xəbər verən çərşənbələr, Novruz bavramının qeyd olunmasıdır. Səbirsizliklə yazın gəlməsini gözləyən, xalq, bir neçə həftə əvvəl Novruz bayramına hazırlıq görməyə başlayırdı. Çərşənbə axşamları və martın 21-də (köhnə təqvimlə martın 9-da) el şənlikləri, əyləncələr keçirirdi.
“Yaz bayramı” adı ilə Novruzun qeyd olunması haqqında ilk yazılı məlumat e.ə. 505-ci ildən məlumdur. Novruz bayramında analar səməni bişirir, “Səməni saxla məni, ildə göyərdərəm səni” - deyərək, xonçalarda bahar, yaşıllıq rəmzi olan səməninin yanında şam yandırırlar.
Novruz bayramı qabağı, axır çərşənbədə uşaqlar yumurta döyüşdürürlər. Qoy yeni baharda hər şey təmiz olsun deyərək evlərdə, həyət-bacalarda yır-yığış edilir, adamlar təzə paltarda küçəyə çıxır, yasda olan ailələri yasdan çıxarır, küsülülər barışır.
Novruz əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün: Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır. Novruzun başlanmasına dörd həftə qalmış həmin dörd ünsürlə bağlı xalq özünün yaratdığı adət, ənənə, etiqad və ayinləri icra edir.
Novruz bayramı bütövlükdə xalqın həyat tərzi ilə bağlı olduğundan xalqımızın Novruzla səsləşən musiqisi, rəqsləri, mahnıları, şənlikləri də yaranmışdır. Şənliklərdə bayatılar səslənir, mahnı oxunur və deyişmələrlə yanaşı, müxtəlif rəqslər, güləş, dirədöymə və onlarla başqa əyləncələr icra edilir. El arasında axırıncı çərşənbə kiçik, 21-i axşamı isə böyük bayram adlanır. Kənd camaatı bütün çərşənbələrdə və bayram günü həyətlərdə qaladığı tonqalın üstündən hoppanır, şar (lopa) atırlar. Axır çərşənbə axşamı kimin mətləbi varsa ürəyində arzu tutur, qapı pusmağa gedir.
İl təhvil olana yaxın şamları yandırır, qız-gəlinlər barmaqlarına xına yaxırlar. Xalq inamına görə “şam-od” insana, heyvana xeyir gətirir, onları xəstəliklərdən qurtarır.
Ailə məişətində ənənəvi olaraq davam edən uşaqların pay alması mərhələsi - “baca-baca”, “papaqatdı”, “qurşaqatdı” adlanır. “Dan atmaq”, “çilə çıxartmaq”, “aş bişdi” mərasimləri də qeyd olunur. Bu mərhələdə axşamçağı qızlar rəfiqələrdən birinin evinə yığışırlar. Tədarük üçün hamı sovqat gətirir, onlar plov bişirir, birgə şam edir, yelləncək qurub yellənirlər. Bəzən də evlərə xanəndələr dəvət olunur, bayram süfrəsi arxasında axşamdan səhərə qədər birgə şənlənir, kim dözməyib yatarsa, onu yorğan-döşəyə tikir və gülüş doğuran məsxərəyə qoyurlar.
Bayram axşamı bayram süfrəsi açılır, axşam və sübh çağı tonqal yandırılır. Adamlar gecə saat 12-dən sonra və səhər tezdən çay kənarına gedir, ürəklərində arzu tuturlar. Əl-üzlərini yuyur, yüngülləşirlər.
Xalqımızın birliyinin ifadəsi olan və nəsildən-nəslə ötürülən ənənələr, tarixi hadisə və bayramları (28 may, Konstitusiya günü, Müstəqillik günü, Qurtuluş günü, Gül bayramı, digər peşə və təqvim bayramları) mütəşəkkilliklə qeyd olunur.
Sovetlər dönəmindən qeyd olunan “Müəllim günü”, “Tibb işçisi günü”, “Energetik günü”, “Maldar günü”, “İnşaatçı günü”, “Sağıcı günü” və s. kimi bayramlar bu gün də öz əhəmiyyətini itirməyib.
Göründüyü kimi, Azərbaycan xalqının adət-ənənələrinin saxlanılması, gənc nəslin bu ruhda tərbiyə olunması ilə yanaşı yeni yaranan adətlərə də riayət olunur.
Qarabağ bölgəsinin qədim və zəngin toy adətləri də Azərbaycanın digər ərazilərinin toy adətlərini xatırladır. Lakin bu mahalda bəzi xarakteriklik xüsusiyyətlər də nəzərə çarpır. Bu bölgədə toylara əvvəlcə el arasında “təhlivçi” adı ilə tanınan şəxs dəvət olunur. Toya da adamları o dəvət edir. XX əsrin 60-70-ci illərinə qədər Ağcabədi rayonunun bəzi kəndlərində gəlini oğlan evinə gətirərkən qara zurna çalanlar evin damına çıxıb zurna çalır va hamı toyun həmin gün harada olacağını bilir. Qız üçün “süd pulunun” verilməsi hələ də qalmaqdadır. Toylarda adətən qıza cehiz olaraq yorğan-döşək, yataq dəsti, qab-qacaq və başqa məişət əşyaları verirlər. Toylarda “nəmər” (pul) yığılardı. Qız toyunun xərcini oğlan evi çəkirdi. Bu xərc pul və ya ərzaq formasında ödənilirdi. Bu adət indi də qalmaqdadır.
Bərdədə toy günü ev sahibləri mağarda bəyin qarşısında oynamaqla toyu açıq elan edir, sonra gəlini gətirməyə gedirlər. Orada belə bir adət də var: oğlan evində gəlini otaqdan çıxaranda pilləkənin bütün pillələrində boşqab qoyurlar və gəlin boşqabları ayağı ilə sındırıb, qalxır. Toyun axırında bəyin dostları “papaq-papaq” oyunu oynayırlar. Oyun belədir: Bəy ortada oynayanda başına papaq qoyulur. Papağı kim birinci götürsə, deməli o, birinci evlənməlidir. Sonra papaq yenə də bəyin başına qoyulur və bu təkrar olunur. Bəy oturandan sonra papağı birinci götürən öz başına qoyur, sonra oyunda qalib gələnlər arasında mübarizə gedir. Oyunda bəyin 10-15 nəfər dostları da iştirak edir.
Füzuli rayonunda gəlin evdən çıxarkən üzərlik yandırırlar. Gəlin bəy evinə bərəkət üçün çörək, nəzər qaytarmaq üçün qoyun ayağı və çıraq aparır. Bunları yengə götürür. Gəlin bəy evinə aparılarkən qarşısına güzgü tutur və şamları yandırırlar, başına konfet, qənd tökürlər. Rayonun kəndlərində XX əsrin 20-30-cu illərdə ənənəvi olaraq gəlini at belində aparırdılar. Gəlinə çəhrayı, yaxud qırmızı rəngdə tuman, kofta, üstündən qırmızı kəmər, saçaqlı, məxməri bəzəkli arxalıq geyindirir, onu aparan atı da bəzəyirdilər.
Müasir dövrdə də bu rayonda əksər toylarda toyun sonunda bəylə-gəlini oynadırlar. “Bəy tərifi” başlanır. Toyun axırında bəylə gəlinə çoxlu pul verirlər, həmçinin pulu onların başına səpirlər, fişəng atır, qığılcımlar yandırır, süni yağış kimi su tökürlər. “Bəy oturma” mərasimində xanəndə muğamat oxuyur və bəylə gəlinin qohum-əqrəbasından xələt istəyir. Füzuli rayonunda qız toyunu “toybaşı” adlandırılan qadın idarə edir. Oynayaraq istədiyindən xalat alır, ağacının başına bağlayır və həmin şəxsin havasını çaldırır. Oğlan toyunda toy mağarı ilə yemək mağarı ayrı olur. Bəyin sağdışı və soldışının biri subay, digəri isə evli olur.
Burada gəlini bəzəyəndən sonra əlini öz başına qoyurlar. Deyirlər ki, gəlin süd pulu istəyir. Bu pul isə anaya çatır. Toy günü oğlan evinə gedən qızlar təzə ayaqqabısının altına adlarını yazırlar. Adətə görə hansı ad tez getsə, o qız da tez ərə gedir.
Azərbaycanın Laçın, Ağcabədi və bir sıra başqa rayonlarında ənənəvi toy mərasimi zamanı “Gərdək qaçırmaq” oyunu keçirilir. Belə ki, toy günü cavan və yaşlı adamlar at belində qız evinə gəlirlər. Qız evinin nümayəndəsi gərdəyi mümkün qədər öz qohum və tanışlarına verməyə çalışır ki, oğlan evindən xələt alsın. Oyunçu gərdəyi əlində yuxarı qaldıraraq at üstündə qız evindən oğlan evinə tərəf qaçır. Digər oyunçular da atlarını çaparaq gərdəyi alıb oğlan evinə birinci çatmaq uğrunda mübarizə aparırlar.
Laçın rayonunun Ərikli kəndində toylarda masabəyiyə padşah deyirdilər. Xonça dağıtmaq adəti toylarda xüsusi yer tuturdu. Belə ki, xonça düzəldir, xonçaya qiymət qoyur, üstünü örtürdülər. Xonçanın örtüyünü açan şəxs xonçadakıları paylayır, xonça boşqabını isə sındırırdı. Toylarda sağdış qardaşlıq adlanırdı. Qardaşlıq gəlinə paltar, qızıl, qoyun, mal gətirirdi. Öz növbəsində qardaşlığa at bağışlayırdılar. Toya dəvət olunanları at ilə çağırışçı çağırırdı. Gəlini oğlan toyunun axırında aparardılar. Gəlini gətirəndə bəy qonşuda gizlənirdi. Sonra məşəl yandırar, musiqinin müşayiəti ilə bəyi gətirər və bəy tərifi olardı.
Gəlin üç gün gərdəyin arxasında otururdu. Qayınata gəlinə at, mal bağışlayar və gəlin üzə çıxardı.
Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda da toy mərasimləri zamanı, xüsusilə də toy günlərində qarşılıqlı yardım formalarından biri kimi, toy evinə qohum-əqrəbanın ərzaq, qoç-qoyun gətirməsi ənənəsi vardı. Azərbaycanın bir çox bölgələrində “diz dayağı”, “toy payı” adlanan bu ənənə Qarabağda da icra olunurdu. Eyni zamanda qədim Azərbaycan toylarında “bəydurma”, “bəyoturma”, “bəylik taxtı”, “bəybaşı” adlanan bəyin sağdış-soldışla mağara gətirilməsi ənənəsi də Qarabağda mövcud idi. Bu mərasim zamanı Qarabağ toylarında gənclər arasında “Xan-xan”, “Xan-vəzir”, “Maral oyunu” kimi xalq-meydan tamaşaları geniş yayılmışdı.
Qədimdə Azərbaycanda, o cümlədən Qarabağda “Hümmət toyu” deyilən bir adət varmış. Kənd ağsaqqalı yoxsul, yetim bir gəncin toyunu təşkil edir və kənd camaatını bu toya dəvət edirdi. Toya gələnlər də imkanları müqabilində yeni yaranan ailəyə lazım olan əşyadan, ərzaqdan “toy payı” gətirirdi. Bu tip toylara indi də qismən rast gəlinir. Lakin toyu oğlanın qohumlarından biri təşkil edir. Zəngin irsə malik olan Qarabağ bölgəsinin toy mərasimlərində ənənəvi, lokal ənənələr indi də qalmaqdadır.
Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafdakı ərazilərinin 20%-nin 30 ilə yaxın bir müddətdə təcavüzkar ermənilərin nəzarətində olması bu ərazidə yaşayan əhalinin məcburi köçkün vəziyyətində yaşamaları onların yaşayış tərzinə, adət-ənənələrinə təsir göstərmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiklərini bəyan etdi. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın birliyi, ordumuzun qüdrəti nəticəsində Azərbaycan dövləti qalib gəldi.
Bu gün Qarabağın işğaldan azad edilmiş torpaqlarında Azərbaycan dövlətinin rəşadəti, səyi nəticəsində dağıdılmış şəhərlər, kəndlər yenidən tikiləcək, o yerlər yenə də çal-çağırlı olacaq, Qarabağ öz doğma sakinlərini yenidən qoynuna alacaq. Bağlar, bağçalar, tarlalar yenə də əvvəlki növrağına qayıdacaq.

Nərgiz QULİYEVA,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
tarix üzrə elmlər doktoru, professor.

Read 79 times