XƏBƏR LENTİ

Çərşənbə, 03 Mart 2021 11:04

Qarabağın inkişaf perspektivləri 2021-ci ildə qarşıda duran vəzifələrin prioritet istiqamətlərindən biridir

Tarixə çevrilən 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ili kimi həkk olundu. Bu da bir faktdır ki, yola saldığımız il həm də bütün dünya dövlətlərində olduğu kimi, koronavirus pandemiyasının vurduğu ziyan Azərbaycan iqtisadiyyatından da yan keçməmişdir. Dövlətimizin başçısı 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində bu barədə demişdir: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb.

Ötən ilin statistikasına nəzər salsaq, iqtisadiyyatda müəyyən geriləmələr olsa da, müsbət göstəricilər də diqqəti cəlb edir. Məsələn, ötən il iqtisadiyyatımızda 4 faiz azalma olsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artmışdır. Kənd təsərrüfatında artım 2 faizdir və bu tendensiya davam edir. Orta əməkhaqqı və orta pensiya 13-14 faiz, Dövlət Neft Fondunun vəsaiti 0,5 faiz artıb. Beynəlxalq maliyyə-iqtisadi qurumları və ekspertlər 2021-ci ildə Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar söyləyirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ölkəmizin iqtisadiyatındakı artımı bu il 1,7-2 faiz arasında proqnozlaşdırırlar.

Lakin Azərbaycan hökuməti iqtisadi artım tempinin 3,4 faiz olacağını planlaşdırır. Buna stimul verən səbəb kimi, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinin aparılması, kənd təsərrüfatı məhsullarının qeyri-neft sektorunda mühüm rol oynayacağı göstərilir. Digər tərəfdən, məlum olduğu kimi, dünya neft bazarında Azərbaycan neftinin bir barelinin qiyməti artıq 65 ABŞ dolları civarındadır. Ekspertlər bu tempin davam edəcəyini bildirirlər. Bu da əlbəttə ki, ölkəmizdə sosial proqram və layihələrin uğurla yerinə yetiriləcəyinə zəmin yaradır.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə həm də qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev sözügedən müşavirədəki nitqində demişdir: “Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istəyirəm. Çünki, bizim ənənəvi infrastruktur layihələrimiz, demək olar ki, başa çatmaq üzrədir. Əgər azad edilmiş torpaqları istisna etsək”.

Beləliklə, bu il həyata keçiriləcək işlər içərisində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xüsusi yer tutur və qarşıda duran vəzifələr sırasında prioritet istiqamətlərdən biridir. Yeri gəlmişkən, dövlətimizin başçısı həmin müşavirədə işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən etmiş və bu istiqamətdə zəruri tapşırıqlarını vermişdir.

İlk növbədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, daşı-daş üstə qalmayan şəhər və kəndlərimizdə dövlət və mülki obyektlərə, fərdi evlərə dəymiş ziyanın qiymətləndirilməsi, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi ön plana çəkilmişdir. Dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmış, Böyük qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı hazırlanmışdır. Bir sözlə, keçmiş məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparılır. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və layiqli şəkildə qayıdışının təşkil edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikcə, yol infrastrukturunun qurulması birinci yerdə durur və bu işə artıq başlanmışdır. Qarabağın incisi olan Şuşa şəhərinə yol çəkilişi ilk layihə oldu. Azərbaycan Prezidenti vurğulamışdır ki, Şuşa şəhərinə getmək üçün yol çəkilişi mütləqdi və bu sahədə işlərə start verilib. Məlumat üçün bildirək ki, Füzuli-Şuşa avtomobil yolunun (“Zəfər yolu”) təməli 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Uzunluğu 101,5 kilometr olan yolun eni 37,7 metr təşkil edəcək. Avtomobil yolu Füzuli-Xocavənd və Xocalı rayonlarının ərazilərini əhatə etməklə 20-dən artıq yaşayış məntəqəsindən keçəcək. Layihəyə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tikinti işlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə qardaş Türkiyənin 2 şirkəti də iştirak edir.

İkinci yol layihəsi Gəncə-Toğanalı-Kəlbəcər yoludur. Yeni yolla bağlı layihələndirmə işləri aparılır. Bu işlərə də Türkiyə şirkətləri cəlb olunub. Yol birinci texniki dərəcəyə uyğun Ömər zirvəsinə (Murovdağı) qalxmadan çəkiləcək, bir neçə tunel də inşa olunacaq. Eyni zamanda Füzulinin Horadiz qəsəbəsindən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsinə hazırlıq işlərinə başlanılıb. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək və beləliklə, iki tərəfdən - həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaranacaq.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti, Ali Baş Komandan həmçinin Laçın ya Kəlbəcərdə yeni beynəlxalq hava limanının tikiləcəyini, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyini vurğulamışdır. Bu layihələrin həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğunu, eyni zamanda Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklərini bildirmişdir. Çünki iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etməkdə, yüklərin daşınmasında, turizm sektorunun inkişafına kömək göstərməkdə, insanların rahatlığında böyük rol oynayacaq.

Qarabağ bölgəsində çəkiləcək yeni dəmir yolu xətləri də mühüm layihələrdəndir. Bu layihələrdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikitisi nəzərdə tutulub. Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Bu yol Naxçıvan dəhlizini açmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Müşavirədə həmçinin Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməli və bu ərazilərdə ən müasir suvarma sistemlərinin təşkil edilməli olduğunu, orada su mənbələrinin də kifayət qədər çoxluğunu, bölgədə enerji təchizatı ilə bağlı göstərişlər verdiyini, həm ənənəvi, həm bərpa olunan enerji növlərinin bu ərazilərdə geniş vüsət alacağını və Qarabağın yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacağını bildirmişdir.

Dövlətimizin başçısı Qarabağın turizm potensialını belə dəyərləndirib: “Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zəngin və əhatəlidir. Məlum olduğu kimi, dövlətimizin başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. İşğaldan azad olunmuş ərazilərə edilən bu səfər tarixi əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olmuşdur.

Səfər çərçivəsində ölkə rəhbərinin ilk dayanacağı Füzuli rayonu oldu. Azərbaycan Prezidenti burada Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu layihə olduqca vacib və əhəmiyyətlidir. Ona görə ki, yeni qurulacaq bu nəqliyyat infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasında mühüm rol oynayacaq. Ümumiyyətlə, Azərbaycandan Naxçıvana quru dəhlizin açılması böyük tarixi nailiyyətdir.

Həmin gün dövlətimizin başçısı Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Qeyd edək ki, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edildi. Azərbaycan Prezidenti buradakı çıxışında bildirmişdir ki, mənfur düşmən 30 illik işğal dövründə bu stansiyalardan istifadə edib. Lakin Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində bütün su elektrik stansiyalarını darmadağın edib, avadanlıqları aparıb, stansiyaların binalarını dağıdıb, o cümlədən Güləbird Su Elektrik Stansiyasını da. Ancaq verilən tapşırıqlar nəticəsində qısa müddət ərzində bu stansiyanın açılışı qeyd olunur.

Ümumiyyətlə, Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisinin böyük potensialı var.

Səfər çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunda olub, burada çinar ağacı əkiblər. Daha sonra çaya balıqlar buraxılmışdır. Ermənilər işğal altında saxladıqları dövrdə bu qoruqda da ekoloji terror törədiblər. Məlumat üçün bildirək ki, Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır.

Azərbaycan Prezidenti bu bölgəyə səfəri zamanı kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını da vermişdir. 100 min hektar torpaq sahələri bol suları olan Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylarla suvarılacaq, bununla da 6-7 rayonun kənd təsərrüfatı sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaqdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində bir sıra infrastruktur layihələri açılışında və təməl qoyma mərasimlərində iştirak etməsi Qarabağ torpaqlarında yenidənqurma və bərpa işlərinə start verildiyinin bariz nümunəsidir. Yollar tikilir, işıq xətləri yenilənir, su elektrik stansiyalarının, hava limanlarının təməli qoyulur, əkinəyararlı torpaqların becərilməsinə başlanılıb. Dövlətimizin başçısının bu bölgəyə səfərləri Qarabağa Böyük Qayıdışın daha da sürətləndirilməsinə, görülən işlərin və infrastruktur layihələrinin icrasına yol açır.

Ramiz YUSİFLİ,

“Respublika”. 

Read 88 times