XƏBƏR LENTİ

Çərşənbə, 03 Mart 2021 10:53

Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb

Postmüharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a açıqlamasında qeyd olunub.

Məlumatda bildirilib ki, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

AZƏRTAC

Read 60 times