XƏBƏR LENTİ

Çərşənbə axşamı, 23 Fevral 2021 09:40

Su çərşənbəsi

Bu gün Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsidir. Novruz bayramının bu ilk çərşənbəsini “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üstünə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Qədim inancların birində deyilir ki, Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.

Əzəl çərşənbənin sabah erkəndən köpüklənən suyu hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirərlər.

Su ilə bağlı inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır.

Su içən adamı qəfil vurmazlar.

Su içən adamı ilan çalmaz.

Lal axan sudan keçərkən suyum, irəlilə deyərlər.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su olan yerdə dirilik olar,

Su ehsandır,

Su murdarlıq götürməz,

Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Yalnız su çərşənbəsində işlənən belə bir deyimlər də var:

Suyun qapısı bu gün açıq olar. “Məni yu” deməsən də, səni yuyacaq.

Su açıqdı, sən də açıq ol. Qapanıb basaratını bağlama.

Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala.

Babalarımız su çərşənbəsində pak suyun olduğu yerlərə - çay, bulaq başına gedər və həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar.

Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.

“Respublika”.

Read 46 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892296

Currently are 150 guests and no members online