XƏBƏR LENTİ

Bazar, 21 Fevral 2021 11:08

Yeni nəşrlər

Nərimanlı kəndi Göyçə mahalının Akademiyası adlanırdı. Bu kənd görkəmli alimlər, mədəniyyət xadimləri, müəllimlər ordusu yetişdirmişdir. Kəndin 100-dən çox bacarıqlı, sidq ürəklə peşəsinə bağlanan tibb işçiləri vardır. Orta məktəbin məzunlarından jurnalistlik peşəsini seçənlər də olmuş, onlar mətbuat aləmində müxtəlif janrdan olan yazılar dərc etdirməklə, iti qələm sahibi kimi tanınmış, hətta “Əməkdar jurnalist” adına layiq görülən də olmuşdur.
Vurğulamaq lazımdır ki, yaxınlarda publisist, öz istedadı ilə insanların gözündə pillə-pillə ucalmış Niftalı Quliyevin nəfis tərtibatda nəşr olunmuş “Nərimanlı - Getməsək də, gəlməsək də, o - bizim kəndimizdir” adlı irihəcmli kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş, bu sanballı əsər göyçəlilər, xüsusilə talelərinə qaçqınlıq yazılan nərimanlılar tərəfindən sidq ürəklə qarşılanmışdır.
Kitaba ön söz Cənubi Qafqazda görkəmli səhiyyə işçilərindən biri kimi tanınan, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov tərəfindən yazılmışdır.
Qeyd etmək lazımdır ki, Nərimanlı kəndi barədə əvvəllər də bir neçə kitab və məqalələr yazılmışdır. Lakin üç il yuxusuz gecələr, geniş axtarışlar hesabına başa gələn bu kitab daha oxunaqlıdır, bir sözlə, ziyalılar kəndinin ensiklopediyasıdır.
Kitabın müəllifi Niftalı Quliyev həm də müəllimdir, o, gözlərinin nurunu, qəlbinin hərarətini gənc nəslin təlim-tərbiyəsinə həsr edir, mətbuatda sanballı məqalələri ilə mütəmadi olaraq çıxış edir.
Kitab Nərimanlı kəndinin tarixi ilə başlayır, kəndin yaranma tarixi barədə ətraflı məlumat verilir. Kəndin XIII əsrin sonlarında, XIV əsrin əvvəllərində salındığı faktlarla izah edilir. Ardınca kəndin coğrafiyası, iqtisadiyyatı, əhalinin məşğuliyyəti barədə yazılır. Kəndin müqəddəs yerləri, yaylağı, ayrı-ayrı yer adları təsvir edilir. Son yüzillikdə kəndin ictimai və siyasi həyatında baş verən önəmli hadisələrdən repressiya, Böyük Vətən müharibəsinə, qaçqınlıq dövrünə və Qarabağ müharibəsinə geniş yer verilir.
Kitabın böyük hissəsini həm kəndin, həm sovetlərə qədər dövrün, həm Sovet İttifaqının, həm də müasir Azərbaycanın inkişafında mühüm rol oynayan ziyalılar barədə məlumat təşkil edir. Burada elm adamlarının, müəllimlərin, həkimlərin, jurnalistlərin, hərbi və hüquq-mühafizə işçilərinin, siyasi xadimlərin, kəndin rəhbər vəzifələrə yüksəlmiş insanlarının həyat və fəaliyyəti geniş əksini tapmışdır.
Ulu babaların söylədiklərinə və məlumat qaynaqlarına əsasən XV əsrdən 1988-ci ilədək Nərimanlı kəndinin adı beş dəfə dəyişdirilmiş, kəndə azərbaycanlılar yaşadığı dövrdə axırıncı dəfə görkəmli dövlət xadimi, yazıçı-publisist, dramaturq və həkim Nəriman Nərimanovun adı verilmişdir. 1934-37-ci illərdə ermənilər kəndin adının dəyişdirilməsi üçün dəridən-qabıqdan çıxmış, lakin onların boş xülyaları baş tutmamışdır. Faşist xislətli erməni daşnaklar sonralar da öz çirkin əməllərindən əl çəkməmiş, kəndin Nəriman Nərimanovun adını daşımasından razı qalmamış, bu işdə xəyanət toru hazırlamış, Nərimanlı kəndinin yetirməsi, Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi Talıb Musayev ayıq-sayıq olmuş, ermənilər tərəfindən kəndin adının dəyişdirilməsinə imkan verməmiş, həmişə erməni millətçilərinin qarşısına sipər çəkmişdir.
Kitabda 1988-ci ildə erməni xəyanəti nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımızın, xüsusilə Göyçənin Nərimanlı kəndindən qaçqın düşmüş insanların acı taleyinə geniş yer ayrılmışdır. 1988-ci ilin statistikasına görə, Nərimanlıdan qaçqın düşənlərin sayı 3070 olmuşdur.
Kitabda göstərilir ki, Nərimanlı kəndi Basarkeçər rayonunun ərazisində münbit və məhsuldar torpağı ilə diqqəti çəkib.
Kitabda Böyük Vətən müharibəsində Nərimanlıdan cəbhəyə yola düşən, ağır döyüşlərdə qəhrəmanlıqla həlak olan, müharibədən qayıdan cəsur oğullar haqqında ətraflı məlumat verilir.
Nərimanlı kəndi həm də məlahətli və zil səs tempi olan el aşıqları ilə məşhur idi. Onların sırasında aşıq Bəhman Qarayev, Xəstə Bayraməli, Əməkdar incəsənt xadimi, “Qırmızı Əmək Bayrağı” ordenli aşıq İslam Yusifov, Aşıq Nəriman və başqalarının adlarını fərəhlə qeyd etmək olar.
Aşıq Fətulla təkcə Göyçədə deyil, Qərbi Azərbaycanda, Gürcüstanda, Azərbaycanın bütün bölgələrində və digər qonşu ölkələrdə xalq arasında hörmət qazanmış ustad aşıqdır.
Aşıq Fətullanın şeirləri də çoxdur. “Yurd yeri” adlı şeirini oxuculara təqdim edirik:
Ellər o dağlara çıxmaz bir daha,
Yağılara yaman qaldı Yurd yeri.
Hərə səpələnib düşüb bir düzə,
Ayrılıq təblini çaldı Yurd yeri.

Daşlı Güney - Ələsgərin oylağı,
Qan ağlayır Çalmalının yaylağı.
Sarıyer, Qaraxaç elin sorağı,
Açan gülün tezcə soldu, Yurd yeri.

Aman Allah, bu nə ahdı, amandı,
Keyti dağı göz önündə dayandı.
Uzun Güney, Qumlu bulaq odlandı,
Dərin xəyallara daldı Yurd yeri.

Hayana baxıram dərddi, vərəmdi,
Göyçə əsli, Fətulla da Kərəmdi.
Kim çəkər, ay ellər, axı bu dərdi?
Yaman saldı ayrılığı Yurd yeri.
Kitabda müəllim Yusif Bayramov, şair Şahmalı Əliyev, şair Səməd Abbasov haqqında qələmə alınmış bədii, oxunaqlı yazılar diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəllərində Qarabağ uğrunda gedən ölüm-dirim savaşında Nərimanlı kəndindən 19 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, Şövqiyar Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Kitabda uzun illər Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi və digər rəhbər vəzifərlərdə çalışmış, göyçəlilərin arxa və dayağı olmuş Talıb Musayevin həyat yolu haqqında dolğun məlumat verilmişdir.
Nərimanlılar ümid və qürur mənbəyi kimi görkəmli alim Səfyar Musayevlə fəxr edirdilər. Bu şəxs göyçəlilərin, Qərbi Azərbaycanda yaşayan hər bir kəsin ümid, pənah yeri idi.
İctimai xadim Səfyar Musayev Yeni Azərbaycan Partiyasının yaradıcılarından idi.
Kitabın digər fəsillərində Nərimanlı kəndinin yetirmələrindən Maksim Musayevin, vaxtilə Basarkeçər rayonunda icraiyyə komitəsinin sədri, Amasiya Rayon Partiya Komitəsinin birinci katibi, “Sovet Ermənistanı” qəzetinin redaktoru işləmiş Zərbəli Qurbanovun həyat və fəaliyyətinə geniş yer ayrılmışdır.
Kitabda Nərimanlıdan olan gənc millət vəkili Naqif Həmzəyevin mənalı həyat yolundan bəhs edən yazı oxunaqlıdır.
Görkəmli elm adamlarından fəlsəfə elmləri doktoru Qurban Bayramov, fəlsəfə elmləri doktoru Maqsud Cəlilov, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov, texnika elmləri doktoru Vidadi Musayev, tarix elmləri doktoru Sani Hacıyev, fizika-riyaziyyat elmləri doktoru Rasim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, dosent Şahin Bayramov, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, uzun illər Nərimanlı kəndində məktəb direktoru işləmiş Əhməd Hacıyev, müəllim Qənbər Bayramov, jurnalist Maşallah Xudiyev və başqaları haqqında yazılar verilmişdir.
Jurnalist Möhsüm Qədiroğlu da Nərimanlı kəndinin yetirməsidir. O, BDU-nun jurnalistika fakültəsinin məzunudur.
Möhsüm Qədiroğlu “Qarabağ tarixin burulğanında” filminin ssenarisini yazmış və Ukrayna televiziyasında efirə getmişdir. Bir çox filmlərin layihəsinin hazırlanmasında Ukrayna, Belarus, Moldova və Azərbaycan arasında tarixi-mədəni əlaqələrin inkişaf etdirilməsində müsbət rolu olmuşdur. Məhz buna görə də Möhsüm Qədiroğlu Aslanov Ukraynanın “Qızıl Pero”, Moldova Respublikasının “Dostluq” medalı, Belarus Jurnalistlər İttifaqının “Fəxri Diplomu”na layiq görülmüşdür.
Möhsüm Qədiroğlu Azərbaycan Dövlət Televiziyasında Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev - iki əsrin fenomeni” filminin ssenari müəllifidir.
Ümumiyyətlə, kitabda Nərimanlı kəndinin yetirmələri ilə bağlı maraqlı yazılar hazırlanmış, kəndin adət-ənənələrinə geniş yer ayrılmışdır.
“Nərimanlı - Getməsək də, gəlməsək də, o - bizim kəndimizdir” kitabı sanballı əsərdir. Əminik ki, bu yeni nəşr oxucuların qəlbinə yol tapacaq və stolüstü kitabına çevriləcəkdir.

Qədir ASLAN,
“Respublika”.

Read 67 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892339

Currently are 53 guests and no members online