XƏBƏR LENTİ

Şənbə, 20 Fevral 2021 10:35

NƏQLİYYAT VƏ TRANZİT DƏHLİZLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ DAYANIQLI İNKİŞAFA VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERƏCƏKDİR

Dövlət başçısı deyib: “...nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”

 

Sosial-iqtisadi inkişafın əsas amillərindən biri də müasir nəqliyyat infrastrukturudur. Çünki fasiləsiz və operativ təchizat və əlaqələr ölkə həyatının məcazi mənada desək qan damarlarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin - “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil” - sözləri nəqliyyat infrastrukturunun qarşısında necə mühüm vəzifə durduğunu çox aydın göstərir.

 

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Qərbi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Bu dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolunun istər yerli, istərsə də tranzit daşımaları üçün əldə etdiyi mühüm əhəmiyyətə malikdir. Bu qısa və təhlükəsiz infrastruktur müvafiq ölkələrin də gəlirlərini artırmağa, əməkdaşlığını genişləndirməyə imkan verəcəkdir. Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevdir. Məhz onun razılığından sonra bu istiqamətdə bir sıra mühüm işlər görülmüş, məhsuldar görüşlər keçirilmiş və müzakirələr aparılmışdır. Mütəxəssislərin qənaətinə görə, transmilli “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan, İran və Rusiya ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, yüklərin bu istiqamətə axınına təkan verəcəkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra və ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşan həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və nəqliyyat dəhlizi layihələri ilə dünyanın diqqətindədir. Şimal Buzlu okeandan və Şərqi Avropadan cənuba doğru Hind okeanına qədər uzanan çox səmərəli və qısa “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işləməsi bir çox ölkələrin bu yola marağını daim artırmış, Azərbaycanın siyasi və iqtisadi mövqeyinin əhəmiyyətini daha da yüksəltmişdir. Bu dəhliz vasitəsilə beynəlxalq əlaqə və əməkdaşlığı güclənən ölkələrin də iqtisadi və siyasi dividendləri artır. Ötən dövr göstərib ki, belə strateji təşəbbüsləri irəli sürməklə Azərbaycan qlobal müstəvidə yerini və rolunu həm müəyyənləşdirməklə, həm də möhkəmləndirməklə yanaşı, öz potensialını, bu mühüm regionda aparıcı, fəal və güclü aktorlardan biri olduğunu nümayiş etdirir.

“Şimal-Cənub” dəhlizindən başqa, Şərq-Qərb dəhlizi də Azərbaycanın geostrateji əhəmiyyətini beynəlxalq arenada əhəmiyyətini təsdiq edən çox mühüm qovşaqdır. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyənin Qars bölgəsindəki infrastrukturuna qovuşması ilə Bosfor boğazında dəmir yolu tunelinin vasitəsilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çatdırılmasını təmin edir. Göründüyü kimi, bu layihələrin reallaşması həm region ölkələrinin tranzit potensialının artmasına, həm də dövlətimizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə geniş imkanlar yaradır. Bu gün artıq heç kim şübhə etmir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avrasiya bölgəsinin yükdaşımaları sistemində böyük müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır. Vurğulayaq ki, bu dəhliz vasitəsilə bu günlərdə Rusiyaya da yük daşınıb və beləliklə də beynəlxalq əməkdaşlıq və sosial-iqtisadi inkişafa, sabitliyə mühüm töhfələr veriləcəyinə inam daha da artır.

COVİD-19 pandemiyasından sonra “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycanın tranzit potensialının artmasıyla daha yüksək uğurlar qazanacağı isə heç kəsdə şübhə doğurmur. Ən əsası, Azərbaycan bu transmilli infrastrukturların - beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında böyük və mühüm rol oynaması təsdiq olunmaqla bərabər dünya iqtisadiyyatına da əhəmiyyətli təsir göstərməsi nümayiş olunur.

Körpülərin, avtomobil yolları və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı və regionlardakı beynəlxalq hava limanları Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, sosial-iqtisadi tələbatının ödənməsinə imkan verir. Nəqliyyat infrastrukturu iqtisadiyyatın qan damarlarıdır, desək səhv etmərik. Bu sahənin inkişafının prioritet olması iqtisadiyyatın müasir şəraitdə tərəqqisinə güclü şərait yaratması da reallıqdır. Bu gün dünya ölkələrinin qarşılıqlı maraqları ödəyən əməkdaşlığı onların sosial-iqtisadi inkişafında və siyasi sabitlikdə böyük rol oynayır. Bu əlaqələr ölkələrin inkişafı və sosial rifahında demək olar ki, həlledici əhəmiyyətə malikdir. Beynəlxalq əlaqələri səmərəli, operativ müasir tələbata uyğun və təhlükəsiz təmin edən nəqliyyat infrastrukturunun böyük və mühüm rolu danılmazdır.

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat infrastrukturunun perspektivdə oynadığı rol barədə deyib: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”. Beləliklə, beynəlxalq transmilli nəqliyyat dəhlizləri ölkədə qeyri-neft sektorunun inkişafına da əlavə güclü impuls verir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Bu layihə, eyni zamanda, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir, işğalçı ölkənin regionun tranzit dalanında qalmasına şərait yaradır. Rəsmi İrəvan uzun illər idi ki, İranla Rusiya arasında birləşdirici halqa olmaq istəyini hər fürsətdə gündəmə gətirirdi. Lakin iqtisadi problemlərin əhatəsində itib-batan, qonşular ilə müsbət münasibətləri olmayan Ermənistanın bütün cəhdləri uğursuzluqla nəticələndi. İndi işğalçı ölkə respublikamızın tranzit potensialının hər keçən gün artdığını müşahidə edir, həm də 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra yeni regional şəraitdə çıxış rolu arayır.

Son illərdə Azərbaycanda nəqliyyat, logistika mərkəzinin yaradılması istiqamətində çox işlər görülmüş və buna böyük dərəcədə nail olunmuşdur. Yeni gəmilər, bərələr, tankerlər, yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi 3 seqmentdən - dəmir, avtomobil və dəniz yollarından ibarətdir. İranla Rusiya arasında yükdaşımaların dəmir və avtomobil yolları ilə icrası Xəzər dənizi vasitəsilə daşınmasından vaxt və məsrəf baxımından daha sərfəlidir. Rusiyanın Həştərxan limanından çıxan yük gəmisi İranın Ənzəli limanına gəldikdən sonra yüklər burada boşaldılır və İranın digər regionlarına aparılması üçün təkrar avtomobillərə və ya vaqonlara yüklənir ki, bu da əlavə vaxt və məsrəf deməkdir. Avtomobil və dəmir yolu ilə daşındıqda isə yüklər birbaşa nəzərdə tutulmuş məntəqəyə çatdırılır.

Təsadüfi deyil ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti tikilib istifadəyə verildikdən sonra İran ilə Rusiya arasındakı ticarət dövriyyəsində artım müşahidə edilib. Əgər 2018-ci ildə bu ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 741 milyon dollar olmuşdusa, 2019-cu ildə ilin yanvar-sentyabr aylarında yükdaşımalar 2 dəfə artıb. Ümumilikdə 13 ölkə - Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini 6 həftədən çox azaltmaqdır (“Şimal-Cənub” dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi nəqliyyat dəhlizi Avropa - Rusiya Federasiyası, daha sonra üç istiqaməti - Qafqaz - Fars körfəzini (Qərb marşrutu), Mərkəzi Asiya - Fars körfəzini (Şərq marşrutu) və Xəzər dənizi - İran İslam Respublikası - Fars körfəzini (Mərkəzi marşrut) birləşdirəcəkdir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası nəticəsində Astara (AR) - Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər yeni 8,3 kilometrlik yol tikilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Bu körpüdən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Azərbaycan tərəfi İran Astarasında 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası, dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi nəticəsində daşımaları daha da səmərəli edəcəkdir. 2019-cu il 6 martda 175 kilometr uzunluğunda olan Qəzvin - Rəşt sahəsinin rəsmi açılış mərasimi keçirilib. İran İslam Respublikası ərazisində Rəşt-Astara sahəsində 167 kilometrlik dəmir yolu tikilməsi isə bu prosesə mühüm töhfə verəcəkdir. 28 mart 2018-ci il tarixdə İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb. Beləliklə, bu dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkilinin mümkün olması mühüm sosial-iqtisadi dividendlərə və əməkdaşlığın yeni mərhələsinə səbəb olacaqdır. Bu dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınmasının gələcəkdə 10 milyon tona qədər artırılması planlaşdırılır. Beləliklə, hazırda ulu öndər Heydər Əliyevin uzaqgörən, dövlətin iqtisadi və siyasi müstəqilliyinə mühüm dividendlər verən, möhkəmləndirən strategiyası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə, yeni şərait nəzərə alınmaqla həyata keçirilir. Bu gün digər istiqamətlərdə olduğu kimi, tranzit və nəqliyyat potensialının gücləndirilməsi sahəsində də uğurlu fəaliyyət davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafında və beynəlxalq mövqeyində mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunda transmilli dəhlizlərin əhəmiyyəti və bu baxımdan Şimal-Cənub dəhlizinin mövqeyinin son dərəcə önəmli olduğu və Avrasiya materikində geniş şəbəkə yaratdığı barədə vurğulayıb ki, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilibdir və bizim fəal iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətdədir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik.

Vurğulayaq ki, 2020-ci ildə işğalçı Ermənistanın silahlı qüvvələrilə zəbt edilmış ərazilərimizin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması beynəlxalq nəqliyyat və tranzit infrastrukturunun daha da təkmilləşməsinə, səmərəli və təhlükəsizliyinə yeni imkanlar açıb. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Vətən müharibəsində qazanılan qələbə sayəsində yeni beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin yaradılmasına və icrasına start verildiyi barədə deyib: “Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur... Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir... Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb... Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik... İlkin müzakirələr müsbətdir”. Əgər biz bu layihələrə tikilən azad edilmiş ərazilərimizdəki beynəlxalq Füzuli aeroportunu və inşa ediləcək beynəlxalq Laçın, yaxud Kəlbəcər aeroportunu da əlavə etsək ölkəmizin regionun son dərəcə mühüm beynəlxalq nəqliyyat və loqistika mərkəzinə çevrildiyinin şahidi oluruq. Beləliklə, Azərbaycan 4 qütbü birləşdirən nəqliyyat və tranzit qovşağına dönməklə və bu məkanda üç qitədə yerləşən dövlətləri iqtisadi, sosial və siyasi əməkdaşlıqla biri-birinə bağlamaqla coğrafi-siyasi mövqe qazandığını aydın görürük.

Ataş CƏBRAYILOV,

“Respublika”.

Read 93 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər892353

Currently are 93 guests and no members online