XƏBƏR LENTİ

Cümə axşamı, 05 Dekabr 2019 09:38

Dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla həyata keçirilib

Dekabrın 4-də Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra edilən nadir əməliyyata həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi və cərrah-transplantoloq Kamran Beydullayev 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat verdilər.

Tədbirdə qeyd olundu ki, Mərkəzi Gömrük Hospitalında Dr. Mircəlal Kazımi və Nəsimi Cabbarov tərəfindən aparılan müayinə nəticəsində 5 yaşlı uşaqda hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət öncə bu uşaqda Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də eyni diaqnoz qoyulsa belə, xəstəliyin müayinə və müalicəsinin mümkünsüz olduğu vurğulanıb.

Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir.

Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayırlar. Adətən, belə xəstəliyi olan uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.

Bu günlərdə 5 yaşlı xəstə qaraciyər transplantasiyası əməliyyatına hazırlandı. Xəstənin valideynlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi balaca xəstənin donoru oldu.

Əməliyyatdan öncə onun ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizə qədər darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlandı.

Mərkəzi Gömrük Hospitalı yüksəkixtisaslı həkimləri və maddi-texniki bazası ilə istənilən mürəkkəb əməliyyatları icra edə biləcək qüvvəyə malikdir. Ona görə Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alındı və əməliyyat uğurla başa çatdı.

Beləliklə, 13 noyabr 2019-cu il tarixində dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən aparılan əməliyyat və Dr. Mircəlal Kazıminin komandasının qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi.

Tədbirdə bir daha əməliyyatdan uğurla çıxan 5 yaşlı xəstənin valideynləri həkimlərə öz təşəkkürlərini bildirdilər.

Əməliyyat aparan həkimlər yığıncaqda iştirak edən çoxsaylı jurnalistlərin suallarını ətraflı cavablandırdılar.

Məhəmməd VƏLİYEV,

“Respublika”.

Read 176 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891562

Currently are 43 guests and no members online