XƏBƏR LENTİ

Çərşənbə axşamı, 19 Noyabr 2019 09:07

“Mirqorod” - Dünyanın məşhur sanatoriyası

Avropanın böyük dövlətlərindən olan Ukraynanın hər bir guşəsi gözəlliyi, romantikliyi ilə diqqəti cəlb edir. Bu ölkədəki sanatoriyalar, şəfa ocaqları dünyada məşhurdur. İlin bütün fəsillərində Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Özbəkistan, Moldova, İsrail, İtaliya və digər ölkələrdən yüzlərlə insan müayinə və müalicə üçün “Mirqorod” sanatoriyasına qədəm qoyur, istirahət müddətində dünyanı heyran qoyan, ilan tək qıvrıla-qıvrıla axan Xorol çayının nəğməli sahillərində dincəlir, buradakı nadir ağac və gül kolları, idman, əyləncə mərkəzləri hamıda xoş ovqat yaradır. Bir sözlə, “Mirqorod” müalicəvi mineral suyu, təbiəti ilə insanlara sağlamlıq bəxş edir.

Ukrayna şairi Taras Şevçenko öz şeirlərində Poltava vilayətində yerləşən “Mirqorod”u cəsarətlə dünyanın mirvarisi adlandırmış, min bir qəlbdən Xorol çayının gözəlliyinə aşiq olmuşdur.

500 mindən çox soydaşımız yaşayan Ukraynadakı insanlar həmişə flora və faunası ilə Azərbaycana bənzəri olan “Mirqorod”a üz tutur, burada əziyyət çəkdikləri müxtəlif xəstəliklərə əlvida deyirlər.

“Mirqorod” qədim Kiyev şəhərindən təxminən 350 kilometr uzaqlıqda yerləşir. Bu müalicə ocağına mütəmadi olaraq qatar və avtobuslar işləyir, qiymətləri də sərfəlidir.

Biz yaxın vaxtlarda Poltavanın “Mirqorod” sanatoriyasında, möcüzələr diyarında olduq. Bir-birinə söykənən, başı buludlardan nəm çəkən ağaclar bu yerlərə xüsusi yaraşıq verirdi.

Biz ilk öncə Xorol çayını seyr etmək üçün enli körpünün üzərindən keçməli olduq. Çay qaz, ördək və digər quşlarla əhatə olunmuşdu. Xorolun hər iki sahilindəki çimərlikdə istirahət edənlərin sayı yetərincə idi. Qayıqlarda gəzintiyə çıxanlar da var idi. Az müddətdə bu müalicə ocağında neçə-neçə azərbaycanlılarla rastlaşdıq. Bu yerlərin hamıda xoş ovqat yaratdığının şahidi olduq. Həmyerlilərimizdən bəziləri qürur hissi ilə vurğuladılar ki, uzun illərdir ki, tərəddüd etmədən, qəlblərinin hökmü ilə müayinə və müalicə məqsədilə uzun məsafəni qət edərək “Mirqorod”a üz tuturlar. Burada xəstələrə göstərilən tibbi xidmətə söz ola bilməz. Bir sözlə, bu müalicə ocağında hər dərdə dərman tapılır...

Biz vaxt tapıb “Mirqorod” sanatoriyasının baş direktoru, Ukraynanın əməkdar həkimi, tibb elmləri namizədi Qavlovski Oleksandr Daniloviçlə görüşdük. O, bizi çox mehribanlıqla qarşıladı. Üzbəüz əyləşib şirin söhbətə başladıq. Müsahibimiz ilk öncə Ukraynanın dost ölkəsi olan, Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycandan söhbət açdı. Qürurla bildirdi ki, Bakı, onun bölgələri haqqında hər yerdə xoş söhbətlər gedir, idman ölkəsi olduğu bildirilir. Bu tərəqqi, inkişaf Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Söhbətin şirin yerində Oleksandr Daniloviç bizi Azərbaycan çayına dəvət etdi. Sonra isə ayağa qalxıb otağındakı televizorun düyməsini basdı. Sevincək bir tərzdə dedi:

—Buyurun, öz ana dilinizdə televiziya verilişinə baxın.

Məlum oldu ki, “Mirqorod” sanatoriyasında müalicə alan insanlar istədikləri vaxt yaşadıqları otaqlarda “Xəzər”, “ATV” və “Space” kanallarındakı verilişlərə arxayın baxa bilərlər. Əlbəttə, biz bunu çoxsaylı azərbaycanlıların arzusu əsasında həyata keçirmişik. Bu yaxınlarda “Mirqorod”da Azərbaycandan gəlmiş incəsənət ustaları maraqlı proqramla çıxış etdilər. Gələcəkdə bu ənənə davam edəcəkdir. Bu, Ukrayna-Azərbaycan dostluğunun bariz nümunəsidir.

Nəhayət, biz söhbətin məcrasını dəyişib insanların bu şəfa ocağında müayinə və müalicəsi və “Mirqorod”un tarixi ilə maraqlandıq. Oleksandr Daniloviç bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

—“Mirqorod” sanatoriyasına hər il dünyanın uzaq-uzaq ölkələrindən xəstəliklərini müalicə etdirmək üçün çoxsaylı insanlar gəlir. Onlar burada müalicəvi mineral sudan, müxtəlif müalicə üsullarından, vanna, palçıq və digər müalicələrdən faydalanır, gəzinti və ekskursiyalara çıxır, diskotekalara üz tutur, konsert, kino verilişlərinə böyük həvəs göstərirlər. Bütün otaqlar geniş və işıqlıdır, yeməklər verilən zaman həkim məsləhətinə uyğun olaraq dietik normalara üstünlük verilir. Bir sözlə, hər kəsin istirahəti şən və mənalı keçir.

Vurğulamaq lazımdır ki, 2017-ci ildə “Mirqorod” sanatoriyasının 100 illik yubileyi keçirilmişdir. Mirqorodda “Poltava”, “Beryozovıy çay”, “Mirqorod”, “Xorol”, “Qoqol” və digər sanatoriyalar fəaliyyət göstərir.

Baş direktor söhbətinin sonunda bildirdi ki, dietik xəstəlikdən əziyyət çəkən insanlar “Beryozovıy çay” sanatoriyasında şəfa tapırlar. Bu sanatoriya dünyanın ən müasir avadanlıqları ilə təchiz olunmuşdur. Azərbaycanlıların sayı isə yetərincədir.

Bəli, “Mirqorod”un təbiəti də möcüzədir, suyu da. Xorol çayı isə bu yerlərin sorağını Olimpin zirvəsinə qaldırır...

 

Qədir ASLAN,

Bakı-Mirqorod-Bakı.  

Read 61 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496909

Currently are 241 guests and no members online