XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:30

Bakıda Dünya dini liderlərinin bir araya gəlməsi birgəyaşayış və tolerantlığa mühüm töhfədir

Dövlət başçısı deyib: “Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir”.

Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilən dünya dini liderlərinin sammitinin müasir qlobal gərgin şəraitdə çox böyük əhəmiyyəti var. Hazırda regionda və dünyada gedən proseslər dövlət başçısının nəzərindədir, gözlənilən və gözlənilməz təhlükələrdən, təhdidlərdən qorunmaq üçün bütün tədbirlərin görülməsi üçün ən zəruri addımların birgə atılması gərəkdir. Beynəlxalq prosesləri təhlil edərkən əməkdaşlığın genişlənməsini, sivilizasiyaların dialoqunu, humanitar dəstəkləri, birgəyaşayış nümunələrini və cəhdlərini görürük, lakin biz milli-dini zəmində toqquşmaların, etnik təmizləmələrin, soyqırımların, milyonlarla qaçqınların faciəsinin, günahsız cavanların, yaşlıların, körpələrin, bir sözlə, insanların həlak olduqlarının, xoşbəxt, sakit həyat ardınca Avropaya gedənlərə qeyri-insani yanaşmaların artmasının da şahidi də oluruq.
Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sammitlərdə, forum və digər tədbirlərdə bu insanlıq faciə və fəlakətlərindən çox ətraflı və aydın danışmışdır. Gərgin regionlardan insanlar daha sakit, stabil ölkələrə axın edərkən orada — Avropada onları heç də xoşbəxtlik gözləmir. Bu miqrantlar təhqir, təhdid, tikanlı məftillər, qəfəslərlə qarşılaşırlar. Hətta kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə Avropada xeyli uşaq yox olub. Bundan başqa, həmin KİV-də miqrantların qeyri-əxlaqi hərəkətlərindən geniş materiallar verilməkdədir. Bu da avropalıların emosiyalarını qızışdırmaqdadır. Nəticədə belə gərgin demoqrafik şərait fonunda sağ qüvvələrin reytinqi daim artır. Onlar hakimiyyətə gəlsələr, sivilizasiyalararası münasibətlər çox faciəli səviyyəyə çata bilər. Beləliklə, Azərbaycanın multikulturalizm həyat tərzinin nümunə kimi dünyaya nümayişinin nə qədər əhəmiyyətli olması aydın olur. Ölkə Prezidenti Dünya dini liderlərinin II sammitindəki nitqində dini-milli dözümlülüyün, tolerantlığın xalqımızın həyat tərzi olduğu barədə demişdir: “Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.
Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır... Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”.
Bu fonda Azərbaycan, öz yoluyla gedir, multikulturalizmin prioritet olduğu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı təmin edən, regionların, ölkələrin sosial inkişafına şərait yaradan siyasətini aparır. Düşünülmüş siyasətin sayəsində bu gün ölkəmizdə inkişafın dinamizmi qorunur və sabitlik əsaslıdır, möhkəmdir.
Hazırkı dünyada təhlükəsizlik böyük təhdidilər qaşısındadır. Düzdür, 1996-ci ildə BMT-nin Baş Assambleyasının təklifi ilə hər il 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Lakin Yer kürəsinin müxtəlif regionlarında milli-dini dözümsüzlük halları daha geniş yayılır. Bu amal uğrunda yaşama dünyaya birgəyaşayış, sülh, milli-dini dözümlülük bəxş edəcək əqidədir desək, yanılmarıq. Azərbaycan xalqı tarixən bu əqidəylə yaşamış və bu bəşəri həyat tərzini hazırda da bir nümunə kimi dünyaya nümayiş etdirir.
Müasir dövrümüzdə tolerantlıq getdikcə bəşəriyyəti daha çox narahat edən problemə dönüb. Dünyanın güclü siyasi qüvvələrinin maraqlarına uyğun Mərkəzi Asiyada, Yaxın Şərqdə və müxtəlif qitə dövlətlərində baş verən toqquşmalar, müharibələr, milli-dini zəmində qarşıdurmalar səngimək əvəzinə getdikcə artır.
Diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini anlaşılmazlıqların daha da böyüməsi üçün maraqlı qüvvələrin böyük rol oynadığını aydın görmək olar. Hətta dünyaya özünü demokratiyanın nümunəsi kimi təqdim edən dövlətlərin rəsmi nümayəndələrindən “Multikulturalizmin gələcəyi yoxdur” ifadəsini eşidirik. Bu sözlərin ardınca biz kütləvi informasiya vasitələrində, internetdə milli-dini zəmində humanitar faciələrin şahidi oluruq. Vurğulamaq lazımdır ki, daim genişlənən, səngiməyən bu qanlı qeyri-insani olaylar əsasən müsəlmanlara qarşıdır. Baş verən miqrasiya axınının nəticəsində Suriyadan, İraqdan, Əfqanıstan və dünyanın digər qaynar nöqtələrindən Avropaya sakit, normal həyat dalınca gedən yüz minlərlə insanın orada necə qeyri-isani rəftarla rastlaşdıqlarını da əyani görürük. Bütün bu faciəvi hadisələrin qarşısını almaq üçün isə ilk növbədə islam dünyasında birlik, bütün dinlər arasında dialoq olmalıdır. Bu vəhdətlilik reallaşanda isə həm ölkələrdə, həm regionlarda, həm də dünyada sülh, bırgəyaşayışa nail olmaq mümkündür. Azərbaycan məhz bu istiqamətdə fəaliyyətini gücləndirir. Ölkəmizdə 2017-ci ilin “İslam həmrəyliyi” ili elan olunması da islam ölkələrinin birliyinə, qardaşlığına nail olmaq məqsədi ilə olub.
Dünyada davam edən milli-dini zəmində müharibələr, toqquşmalar, müxtəlif fobiyalar, iqrqçilik, ayrı-seçkilk fonunda belə xarakterli siyasət mühüm bəşəri əhəmiyyətə malikdir. Bu baxımdan respublikamızda təşkil olunan beynəlxalq multikultural xarakterli forumların əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. 2008-ci ildə respublikamızın paytaxtında keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfransda müvafiq Bakı Bəyannaməsi qəbul edilmişdir. 2009-cu ildə isə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Həmin ildə də Bakıda İslam Konfransı Təşkilatına üzv və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Bundan başqa, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011-ci ildən başlayaraq təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları baş tutmuş, Azərbaycan mədəniyyətlər arasında körpüyaratma missiyasını bütün dünyaya bəyan etmişdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bəşəriyyəti narahat edən mühüm mövzulara həsr olunmuşdur. Qədim şəhərlərimizdən Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.
Azərbaycan paytaxtı 2011-ci ildən başlayaraq Bakı Beynəlxalq Humanitar forumlarına ev sahibliyi etməklə yanaşı, dinlərarası dialoq sahəsində fəallıq göstərmiş, tolerantlığın bərqərar olmasına səy göstərmişdir. Təsadüfi deyil ki, son dövrdə Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası, Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində keçirmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun paytaxtımızda keçirilməsi də ölkəmizin multikultural dəyərlərin bərqərar olmasında göstərdiyi fəallığın göstəricisidir. Xalqlar və dinlərarası dostluğun yaranmasında və möhkəmlənməsində Azərbaycanın apardığı siyasətin tərkib hissəsi olan vətənimizdə mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi də bu istiqamətdə mühüm rol oynayır. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, sonrakı illərdə “Formula-1” yarışlarının və Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın sabit, inkişaf edən, multikultural dəyərlərə sadiq ölkə olmasını beynəlxalq miqyasda təsdiq etmişdir.
Forumlarda təşkil olunan “dəyirmi masa”lar vasitəsilə, dialoqların aparılması - ideyaların, nəzəri və praktiki bilik mübadiləsinə, müzakirəsinə, qiymətləndirilməsinə imkan verir. Bu konstruktiv debat və müzakirələr müəyyən bir platforma formalaşdırır və əsas verir ki, Bakının dünyanın intellektual müzakirələr məkanına çevrildiyini deyək. Multikultural sahəyə aid keçirilən humanitar forumlarla hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya aparanlar, demək olar ki, haqlıdırlar. Davos iqtisadi, Bakı isə humanitar yönümlü müzakirələr, konfranslar, debatlar, bəyannamələr mərkəzinə çevirilib. 2016-cı il aprelin 24-28-dək Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da ölkəmiz üçün əhəmiyyətinə görə tarixi hadisə idi. Bir məqama da diqqət etmək vacibdir. Forumlarda insan fəaliyyətinin bütün sahələrində çalışan elm adamları, mütəxəssisləri bir araya gətirilir, sanki müxtəlif sahələrdən bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarına işıq salınır, araşdırılır, əlac tapılmasına birgə səy göstərilir. Qloballaşmanın yaratdığı humanitar problemlərə aid və bəşəriyyəti narahat edən müxtəlif rəy və təklifləri özündə əks etdirən mövqeləri bir qayda olaraq, Bakı Bəyannaməsi işıqlandırır. Belə ki, müzakirələrin yekunları nəticəsində ilkin qənaət bu olmuşdur ki, respublikamızın yaşam tərzi olan multikulturalizm istiqamətində çoxəsrlik təcrübə müasir dünyada mütərəqqi model kimi qəbul olunur və bəşəri maraq kəsb edir. Ölkə başçısı xalqımızın qədimdən bu günədək həyat tərzi olan milli-dini dözümlülük, birgəyaşayış və tolerantlığın bütün dünyada nümunə olması, dövlətimizin siyasi xətti olduğu, bu istiqamətdə dünya birliyində birgə fəaliyyətin vacibliyi barədə vurğulayıb: “Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar — münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

Ataş CƏBRAYILOV,
“Respublika”.

Read 70 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494356

Currently are 133 guests and no members online