XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:22

“Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans

Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun 15 noyabr tarixində Bakıda təşkil etdiyi “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun konfransdakı çıxışı ətrafında süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsindəki son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini qeyd etmişdir.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirmişdir ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur. CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyə mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə çoxsayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi-tədqiqatlar aparılır.

Ramin Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyasını məhz rəhbərlik etdiyi qurum tərəfindən hazırlanaraq təsdiq olunduğunu, həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət edəcəklərinin zəruriliyini, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi, Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görülməsini bildirmişdir.

Müzakirələrdə rəsmi şəxslər, məhkəmə sədrləri, hakimlər, vəkillər, tanınmış yerli və xarici ekspertlər, diplomatik korpusun nümayəndələri,  ekspertlər iştirak etmişlər.

Konfransın sonunda Avropa Şurasının xüsusi nəşri olan - CEPEJ-in “Süni intellektin məhkəmə sistemləri və bu sistemlərlə bağlı münasibətlərdə istifadəyə dair Avropa Etik Xartiyası”nın Azərbaycan dilində buraxılışının təqdimatı olub.

 

Kamil İSMAYILOV,

“Respublika”.

Read 70 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər494348

Currently are 104 guests and no members online