XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:17

Arxiv sənədləri unikal informasiyaya malik mədəniyyət sərvətimizdir

Bu gün qloballaşan dünyada xalqların və mədəniyyətlərin bir-birinə qovuşması prosesi baş verir. Mədəni irsi zəngin olan və ona sahib çıxmağı bacaran xalqlar bu tarixi prosesin amansız sınağından daha şərəflə çıxa bilirlər.
Mədəni irs dedikdə, hər bir xalqın, cəmiyyətin elmi cəhətdən öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən mədəniyyət sərvətlərinin məcmusu başa düşülür. Mədəni irsə təkcə gördüyümüz və toxunduğumuz maddi əşyalar deyil, həm də insan intellektinin və təbiətin məhsulu olan bütün maddi və qeyri-maddi sərvətlər kompleksi daxildir. Mədəni irs eyni zamanda mədəni və siyasi səbəblərdən gələcəyə ötürülməsi zəruri olan informasiyaya malik milli dəyərlər (adətlər, yazılı, sözlü tarix, tikililər, yaradıcılıq nümunələri, bilik və bacarıqlar) toplusudur.
Beynəlxalq birlik, dünya ictimaiyyəti ötən əsrin ortalarından başlayaraq mədəni irsin mühafizəsi, qorunması probleminin vacibliyini dərk etmiş və onun mühafizəsi məsələlərinə xüsusi qayğıkeşliklə yanaşmağa başlamışdır. Bu da öz əməli təzahürünü YUNESKO-nun qəbul etdiyi “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” konvensiyada, digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə öz əksini tapmışdır. Həmin sənədlərdə mədəni irs və dəyərlərin qorunmasının beynəlxalq-hüquqi prinsip və normaları müəyyənləşdirilmiş, milli və ümumbəşəri əhəmiyyətə malik mədəni-tarixi nailiyyətlərinin qorunmasında hər bir dövlətin milli tələbləri, maraqları nəzərə alınmaqla öz qanunvericilik bazasının formalaşdırılmasının zəruriliyi təsbit olunmuşdur.
Azərbaycan xalqı zəngin tarixi keçmişə və ümumbəşəri əhəmiyyətə malik mədəni-tarixi irsə malikdir. Xalqımız əsrlər boyu yaratdığı mədəni sərvətlərini nəsillərdən-nəsillərə ötürmüş, onun qorunub saxlanması üçün bütün imkanlardan istifadə etmişdir. Tarixin müxtəlif inkişaf mərhələlərində buna ayrı-ayrı şəxslər həssaslıqla yanaşmış, daha sonra dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də xalqın intellektual fəaliyyətinin məhsulu olan milli-mənəvi sərvətlərinin qorunması sahəsində institutlaşma baş vermiş, kitabxanalar, arxivlər, muzeylər bu sosial missiyanı həyata keçirməyə başlamışlar.
Ölkəmizdə xalqımızın milli irsi olan mədəniyyət sərvətlərinin siyahısını, onların dövlət qeydiyyatının aparılmasını, mühafizəsi normalarını və istifadəsi qaydalarını müəyyən edən qanunvericilik aktları “Mədəniyyət haqqında”, “Milli arxiv fondu haqqında”, “Kitabxanalar haqqında”, “Muzey işi haqqında”, “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” və digər qanunlar qəbul edilmiş, bu sahədə dövlət idarəetməni həyata keçirən mədəniyyət müəssisələrinin şəbəkəsi müəyyənləşdirilmişdir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində milli-mənəvi dəyərlərin məcmusu olan mədəniyyət sərvətlərinin tərkibinə xalqımızın mədəni-tarixi irsinin bir çox nümunələri, o cümlədən mədəniyyət və tarix profilli arxivlər, arxiv sənədləri, not yazıları, məktublar, nadir əsərlər, əlyazmalar, xüsusi əhəmiyyətli kitablar, dövri mətbuat materialları, kinofotofono sənədlər, fotoneqativlər, memarlıq layihələri, təsviri sənət əsərləri, şəkillər, rəsmlər, qravürlər, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları daxil edilmişdir. Qanunun 20.6-cı maddəsində isə həmin mədəni irsin mühafizəsini və təbliği ilə məşğul olan mədəniyyət müəssisələrinin şəbəkəsinə kitabxanalar, mədəniyyət və tarix profilli arxivlər, muzeylər və digər müəssisələr aid edilmişdir. “Milli arxiv fondu haqqında” Qanunun 5-ci maddəsində Milli arxiv fonduna aid edilən sənədlərin təsnifatı aparılmış və yuxarıda qeyd olunan mədəniyyət sərvətlərinin dövlət arxivlərinin mühafizə predmetinə aid edilmişdir. Bununla da arxivlərə xalqın mədəniyyət sərvətlərinin qorunması hüququ verilmişdir.
Tarix təsdiq edir ki, arxivlər hələ qədim zamanlarda sənədli materialların mühafizəsi məqsədilə kitabxanaların nəzdində yaradılmış, daha sonra isə muzeylər meydana gəlmişdir. Tarixi inkişafın müəyyən mərhələsində yazılı informasiya daşıyıcılarının mühafizəsi ilə məşğul olan sosial institutların diferensasiyası baş vermişdir. Milli və mənəvi dəyərlərin kompleksi olan mədəniyyət sərvətlərinin qorunması və təbliği ilə məşğul olan kitabxanalar, arxivlər, muzeylər fərqli istiqamətlər üzrə ixtisaslaşaraq fəaliyyət göstərməyə başlamışlar. Arxivlər tarix etibarilə kitabxanalardan sonra yaranmasına baxmayaraq, əsasən hakim təbəqəyə və daha sonra dövlətin öz funksiyalarının həyata keçirilməsi üçün tələb olunan informasiyanın qorunmasına xidmət etmişdir. Buna görə də arxivlər funksional fəaliyyətinə görə həmişə dövlətin nəzarətində olmuş və onun qayğısı altında fəaliyyət göstərmişlər. Cəmiyyətdə baş verən müxtəlif kataklizmlərə baxmayaraq, dövlətin himayəsində olan arxivlərin fəaliyyəti aydın şəkildə qanunvericilik aktları, təlimatlar vasitəsi ilə reqlamentləşdirilmişdir. Muzeylərin yaranması isə insan cəmiyyəti üçün təkcə mədəni irsin qorunması deyil, ona toxunmaq, duymaq, keçmişi əyani olaraq görmək, o emosiyaları yaşamaq ehtiyacı yarandığı anlardan meydana gəlmişdir. Bu sosial institutlar arasındakı başlıca fərq onların mühafizə etdiyi predmetlərin birinin əşya, digərində mətn olması ilə ölçülmür. Burada başlıca fərq arxivin predmeti olan sənədli materialların əvvəlcədən düşünülmüş hər hansı bir məlumatın əks etdirilməsi məqsədilə yaradılması və sonradan tarixi yaddaş üçün mühafizə olunmasıdır.
Bu gün arxivlər təkcə xalqın mədəniyyət sərvətlərinin siyahısına daxil edilən sənədli materialların qorunmasını həyata keçirmir, həm də tarixin müxtəlif dövrlərində baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktlarının, idarəçilik sənədlərinin, nadir və qiymətli çap əsərlərinin, əlyazmaların, elmi-tədqiqat materiallarının, kino, foto, fono sənədlərin toplanıldığı əvəzsiz xəzinəyə çevrilir. Bu xəzinə öz zənginliyi ilə dövlətin möhkəmlənməsinə, vətandaşların hüquq və maraqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir.
Əfsuslar olsun ki, ötən tarixə nəzər saldıqda, biz müxtəlif xalqlara məxsus mədəni-tarixi sərvətlərin kütləvi surətdə məhv edildiyi, yandırıldığı dövrlərə şahid oluruq. Azərbaycan xalqı da tarixin müxtəlif mərhələlərində bu acı taleyi yaşamağa məcbur olmuşdur. Təkcə XX əsrdə mənfur düşmənlər tərəfindən törədilən vəhşiliklər nəticəsində qədim və əzəli Azərbaycan torpaqlarında yerləşən xalqımıza məxsus yüzlərlə mədəniyyət abidəsi, kitabxana, arxiv, muzey, o cümlədən yüz minlərlə qiymətli və nadir sənəd abidəsi yandırılaraq məhv edilmişdir. Qeyd edilənlər vətən tariximizi təhrif etməyə, onları saxtalaşdırmağa çalışanlara əlavə fürsət yaratmışdır.
Bu gün xalqımızın mədəni-tarixi irsinin tərkib hissəsi olan arxiv sənədlərinin sistemli şəkildə mühafizə olunması, onun mərkəzləşmiş qaydada təşkili və istifadəsi məqsədilə ölkəmizdə vahid dövlət arxiv fondunun yaradılmasından yüz ilə yaxın vaxt keçir. Ötən yüz ildə arxivlərimiz zənginləşmiş, onun informasiya bazası, sənədlərin, fondların həcmi genişlənmişdir. Dövlət arxivlərimizdə xalqımızın əvəzsiz mədəniyyət sərvəti olan dörd milyona yaxın nadir və qiymətli arxiv sənədi (iş), o cümlədən sahə arxivlərində, vətəndaşların şəxsi arxivlərində yüz minlərlə qiymətli sənəd mühafizə olunur. Xalqımızın sosial-mədəni həyatı və dövlətçilik tarixinin öyrənilməsi baxımdan böyük elmi əhəmiyyəti olan bu zəngin sənəd xəzinəsi uzun tarixi dövrü əhatə edir. İdarəçilik, elmi-texniki, kino, foto, fono, video sənədlərindən, şəxsi fondlarından ibarət arxiv sənədləri dövlətin informasiya resurslarının strukturunda öz əhatə dairəsi, məlumat zənginliyi və unikallığı ilə seçilir. Dövlətin və vətəndaşların keçmiş tarixlə bağlı informasiyaya olan tələbatının ödənilməsində, o cümlədən humanitar və fundamental elmlərin inkişafında bu unikal informasiya resursundan əvəzsiz tarixi mənbə kimi istifadə olunur. Müstəqillik illərində xalqın milli sərvəti olan arxiv sənədlərinə maraq artmış, onlardan elmi-tədqiqat, mədəni-maarifçilik məqsədləri üçün istifadə edənlərin sayı çoxalmışdır. Müstəqilliyimizin ilk illərindən başlayaraq cəmiyyətin sosial sifarişinə uyğun olaraq ilkin sənədlər əsasında dövlət arxiv xidməti təşkilatları tərəfindən hazırlanmış sənəd topluları, məcmuələr, elmi nəşrlər, məqalələr və sərgilər xalqımızın böyük marağına səbəb olmuşdur. Bu sənədlər AXC hökumətinin fəaliyyəti, soyqırım, deportasiya hadisələri, repressiya qurbanları, mühacir həyatı yaşamış siyasi xadimlər, hərb tariximizin görkəmli nümayəndələri və sair mövzular üzrə elmi dövriyyəyə yeni materiallar gətirməklə xalqın milli şüurunun inkişafına böyük töhfələr vermişdir.
Böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət idarəetmə sistemində arxivlərin rolunu və arxiv işinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.
Bu faktor bir daha arxiv sənədlərinin əhəmiyyətini və onların qorunmasının zəruriliyini müəyyən edir. Bəzilərinin düşündüyü kimi, arxiv təkcə keçmişlə bağlı deyildir, o, keçmişlə bu gün arasında mühüm körpüdür. Dövlətin dayanıqlı inkişafı bu körpünün necə qurulmasından, onun möhkəmliyindən bilavasitə asılıdır. Çünki keçmişlə bağlı biliyə malik olmaq hər bir xalq üçün vacibdir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, istənilən cəmiyyətin siyasi və sosial-iqtisadi dayanıqlığı onun vətəndaşının düşüncə, savad və mədəniyyət səviyyəsindən birbaşa asılıdır. Məhz ölkənin siyasi və sosial-iqtisadi dayanıqlılığını təmin etmək üçün bilik və mədəniyyət mənbələrinin saxlanc yeri olan arxivlərə müraciət etmək labüddür. Bu gün arxivlərimizdə qorunan tarixi qaynaqlar hər bir fərdə öz tarixi keçmişilə bağlı bilik əldə etməyə imkan verməklə yanaşı, həm də onu cəmiyyətin sosial-mədəni inkişafının aktiv iştirakçısına çevirir. Arxiv sənədləri daşıdığı informasiyanın mötəbərliyi ilə bizə müəyyən bir tarixi dövrdə ölkəmizin beynəlxalq münasibətləri, sosial-iqtisadi, mədəni-siyasi vəziyyəti, elm və təhsil səviyyəsi, dil mədəniyyəti, mənəvi-əxlaqi dəyərləri barədə biliklər əldə etməyə kömək edir, cəmiyyətin sosial-mədəni inkişafının axarını müəyyən etməkdə hər birimizə yardımçı olur.
İnsan cəmiyyətinin sosial-iqtisadi və mədəni inkişafını təsdiq edən arxiv sənədləri həm də sosial fəaliyyətin məhsulu olaraq, ictimai münasibətlərin xarakterinə və formalaşmasına təsir edən mühüm informasiya resursu rolunu oynayır. Buna görə də müstəqil dövlətimizin arxivlərinə diqqət və qayğı göstərmək, ictimai-siyasi həyatımızda arxivlərin işini canlandırmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.
İstər vətəndaş, istərsə də tədqiqatçı üçün keçmişlə bağlı informasiyanın əldə olunmasında arxiv sənədlərini əvəz edə biləcək ikinci mənbə yoxdur. Bu gün informasiya axınının kəskin şəkildə artdığı bir dövrdə arxiv sənədlərindən təkcə elmi-tədqiqat və mədəni-maarifçilik məqsədləri üçün istifadə olunmur. Bu zəngin informasiya resurslarının imkanlarından çoxşaxəli məqsədlər üçün istifadə edilir. Məlumdur ki, arxiv materiallarına istinad olunmadan dövlət idarəetmə sisteminin dayanıqlı və uzunmüddətli inkişafı istiqamətlərinin proqnozlaşdırılması, strateji əhəmiyyətli qərarların qəbulu, irimiqyaslı layihələrin işlənib hazırlanması mümkün deyildir. Həmçinin, ölkənin milli təhlükəsizliyi, xarici siyasəti, beynəlxalq münasibətlər sisteminin formalaşdırılması kimi strateji məsələlər tarixi keçmişin təcrübəsi öyrənilməklə həyata keçirilir. Belə təcrübə və biliyin əldə olunduğu yeganə mənbə isə arxivlər və arxiv sənədləridir.
Ölkənin məhkəmə-hüquq sisteminin inkişafında arxiv materiallarına istinad etmədən keçinmək mümkün deyildir. İstintaq əməliyyatlarının icrasında istifadə edilən faktların mötəbərliyi və bu faktların doğruluğunu sübut etmək üçün arxiv sənədləri əvəzsiz mənbə rolunu oynayır. Eyni zamanda, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquqlarının müdafiəsi sahəsində çalışanlar üçün günahsız repressiya qurbanlarının müdafiəsində yardımçı ola biləcək yeganə vasitə arxiv sənədləridir. Jurnalist təhqiqatlarının aparılmasında, sənaye və mülki tikinti layihələrinin icrasında, mühəndis-konstruktor işlərində, demoqrafiya, məskunlaşma, köçürülmə üzrə statistik göstəricilərin əldə olunmasında, sənədli filmlərin, kinoxronikaların hazırlanmasında arxiv sənədlərinin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan elmi-tarixi və əməli əhəmiyyətə malik sənədli informasiyanın mühafizəsi işinin sistemli şəkildə təşkilində dövlət arxivləri ilə yanaşı, təşkilatların və vətəndaşların fəal iştirakı vacib şərtdir. Xalqın mədəniyyət sərvətləri olan sənədlərin idarə olunması sahəsində qəbul olunan beynəlxalq standart (İSO-15489 - (2001)) vətəndaşların və təşkilatların hüquq və vəzifələrini müəyyən edən sənədlərin cəmiyyətin mədəni-tarixi yaddaşının formalaşdırılmasında verdiyi töhfəni nəzərə alaraq daimi saxlanılmasını vacib sayır. Müasir dövrdə ölkənin sosial-mədəni inkişafında iştirak edən istər dövlət, istərsə də qeyri-dövlət təşkilatı özünün əsas fəaliyyətini xarakterizə edən sənədlərini seçərək daimi saxlamaq üçün arxivlərə təhvil verilməsi işində hüquqi məsuliyyət daşıyır. Çünki müxtəlif profilli dövlət, şəxsi və ictimai arxivlərdə toplanılan sənədli materiallar məzmun etibarilə cəmiyyətin hərtərəfli inkişafına töhfə verə biləcək qiymətli informasiya bazasıdır. Bu sənəd bazası Azərbaycan tarixinin müxtəlif dövrlərində həyata keçirilmiş, o cümlədən hazırda həyata keçirilən sosial-iqtisadi layihələrin, sənaye, kənd təssərrüfatı, nəqliyyat, şəhərsalma, səhiyyə, təhsil, milli təhlükəsizlik, beynəlxalq münasibətlər sahələrindəki inkişafın öyrənilməsi, görkəmli dövlət, elm, mədəniyyət xadimlərinin elmi ideyalarının və yaradıcılıq fəaliyyətlərinin tədqiqi üçün qiymətli xəzinə, tədqiqatçılar üçün əvəzsiz informasiya resursudur. Arxivlər eyni zamanda vətəndaşların fərdi və sosial-hüquqi münasibətləri haqqında məlumat daşıyıcılarını özündə cəmləşdirməklə milyonlarla insanın sosial hüquqlarının təminatçısına çevrilır. Hər il on minlərlə Azərbaycan vətəndaşı və əcnəbi bu qiymətli sənəd bazasına müraciət etməklə özünün qanuni maraqlarını və hüquqlarını təmin etmiş olur.
Tariximizə xəyanət edənlərə, onu təhrif etmək istəyənlərə qarşı etibarlı mübarizə vasitəsi olan arxiv sənədlərinin müstəsna əhəmiyyətini nəzərə alaraq, onların qorunmasında, müasir tariximizlə bağlı sənədlərlə zənginləşdirilməsində iştirak etmək sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilməli və onun vətəndaşlıq borcu olmalıdır. Bu gün qloballaşan dünyada milli kimliyimizi qorumaq istəyiriksə, mədəni-tarixi dəyərlərimizə sahib çıxmalıyıq. Dünya dövlətləri arasında güclü və nüfuzlu olmaq üçün tarixi irsimizi qorumalıyıq.
Son illərdə qlobal çağırışlara uyğun ölkəmizdə informasiya cəmiyyətinin təşəkkül tapması, onun sosial-iqtisadi, siyasi və hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə strateji əhəmiyyətli proqramlar və qanunlar qəbul edilmişdir. Respublikamızda informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın formalaşması sahəsində məqsədyönlü fəaliyyət həyata keçirilir. Həyata keçən bütün proqramlar xalqın sosial rifahına, cəmiyyətin modernləşdirilməsinə və onun dayanıqlı inkişafına istiqamətlənmişdir. Ölkəmizin sosial-mədəni inkişafı, mədəni-tarixi dəyərlərimizin qorunması, təbliği və ondan səmərəli istifadə edilməsinə yönəlmiş tədbirlər, yeni yol xəritələrinin, dövlət proqramlarının qəbulu bu mühüm sahənin artan dinamika üzrə inkişafına, o cümlədən arxiv işinin qloballaşan dünyanın yeni çağırışlarına uyğun modernləşdirilməsinə yeni imkanlar açacaqdır.
Arxivlər hər zaman olduğu kimi, yeni dövrdə də müasir informasiya-kommunikasiya texnologiyaların nailiyyətlərindən istifadə etməklə xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən, dövlət və cəmiyyət üçün əhəmiyyətli olan bütün sənədlərin nəsillərdən-nəsillərə ötürülməsini təmin edəcək, onları etibarlı qoruyacaq, bu mədəniyyət sərvətlərimizdən hərtərəfli istifadə etməklə dövlətin daha da möhkəmlənməsi işinə və cəmiyyətin sosial-mədəni inkişafına öz layiqli töhfələrini verəcəklər.

Həsən HƏSƏNOV,
Respublika Milli Arxiv İdarəsinin rəis müavini.

Read 89 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496888

Currently are 173 guests and no members online