XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:14

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları”

Azərbaycanda ali pedaqoji təhsilin təşəkkülü və inkişaf istiqamətləri haqqında indiyə kimi maraqlı tədqiqatlar aparılıb, monoqrafiyalar nəşr olunub, dissertasiyalar müdafiə olunub. İlk ali pedaqoji təhsilin təşkili Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olduğundan bu təhsil müəssisəsi haqqında da xeyli elmi məqalələr yazılıb, yubiley kitabları nəşr olunub. Lakin bu əsərlərin heç birində respublikada ilk ali pedaqoji təhsil müəssisəsinin təşkilində və inkişafında müstəsna xidmətləri olan rektorlar (direktorlar) haqqında məlumat verilməyib. Rektorlar və onların şəxsiyyəti ali pedaqoji təhsil müəssisəsinin inkişafı fonunda kölgədə qalıb. ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun gərgin zəhmətinin bəhrəsi kimi meydana gələn “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019, 204 s.) kitabı bu baxımdan xüsusi maraq kəsb edir.
Nəfis şəkildə nəşr edilən kitaba ADPU-nun rektoru, professor Cəfər Cəfərov geniş “Ön söz” yazmışdır. ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun elmi redaktorluğu ilə nəşr olunan bu kitab ömrünün müəyyən bir hissəsini ADPU-nun təşkili və inkişafına həsr etmiş 31 rektora həsr olunub. Kitabı oxuduqca insanın gözləri qarşısında ilk ali pedaqoji təhsil müəssisəsinin — ADPU-nun bir əsrlik tarixi canlanır. Tarixi pedaqoji irsə böyük ehtiram və məhəbbətlə qələmə alınmış bu kitabda pedaqoji kadr hazırlığı dövrün ictimai-siyasi hadisələri və ona rəhbərlik edənlərin şəxsiyyəti fonunda təqdim edilir. Müəllif rektorların ictimai-siyasi, elmi-pedaqoji fəaliyyətlərini və şəxsi həyatlarının xüsusi məqamlarını təhlil etməzdən əvvəl ADPU-nun təşkili uğrunda aparılan mübarizənin çətinliklərini şərh edir.
Zəngin arxiv materialları əsasında ADPU-nun indiki əsas binası haqqında (Kommersiya məktəbi tikmək üçün ərazinin alınması, binanın layihələndirilməsi məqsədilə İmperatorluğun Sankt-Peterburqdakı Memarlıq Cəmiyyəti tərəfindən müsabiqənin elan edilməsi, müsabiqənin qalibləri olan layihələrin mükafatlandırılması, binanın tikilməsi, istifadəyə verilməsi və s.) xeyli maraqlı elmi məlumatlar və şəkillər verir. Müəllifin kitabda epiqraf kimi verdiyi “Əslində tarix yoxdur, yalnız ayrı-ayrı şəxsiyyətlərin tərcümeyi-halları var” - fikri ilə razılaşmamaq mümkün deyil. Əslində ADPU-nun tarixi rektorların, rektorların tarixi isə ADPU-nun tarixidir. Bu illər ərzində ADPU-ya 31 nəfər rektor rəhbərlik edib. ADPU-ya rəhbərlik edən bu insanlar olduqca mürəkkəb bir dövrdə (xüsusilə 20-50-ci illərdə), fərqli ideologiya, fərqli idarəetmə sistemində yaşamış və fəaliyyət göstərmişlər. İnstitutun təşkili və formalaşmasının ilkin mərhələsi (1921-1927-ci illər) Odessa Universitetinin məzunu Fətulla bəy Əziz oğlu Rzabəylinin, Peterburq Universitetinin məzunu Məmməd Rəşid oğlu Əfəndiyevin, Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy İbrahimxəlil oğlu Mahmudbəyovun, Peterburq Psixonevroloji İnstitutunun Pedaqoji fakültəsinin Ümumi tarix ixtisasının məzunu, Başqırd Hökumətinin sədri olmuş Şarif Əhmədzyanoviç Manatovun və Kiyev Politexnik Universitetinin məzunu Cəlil Məmməd oğlu Məmmədzadənin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə ali təhsilli müəllim kadrları hazırlığında mövcud olan ciddi çətinliklər (ali pedaqoji məktəb quruculuğu ilə bağlı təcrübənin yoxluğu; orta təhsilli gənclərin sayının bütün ixtisaslar üzrə ana dilində dərs deyə biləcək müəllimlərin yoxluğu; milli dildə dərslik və dərs vəsaitlərinin hazırlanmaması; tədris laboratoriyalarının zəruri avadanlıqlarla təchiz edilməməsi; institutun daimi tədris binasının olmaması və s.) məhz onların pedaqoji fədakarlığı nəticəsində aradan qaldırılmışdır. Onu xüsusilə qeyd etmək lazımdır ki, ayrı-ayrı vaxtlarda ADPU-ya rəhbərlik etmiş Başqırd Hökumətinin sədri olmuş Şarif Manatov və xalq maarif komissarının müavini olmuş Cəlil Məmmədzadə haqqında ilk dəfədir ki, bu kitabda ətraflı məlumat verilir.
1927-ci ildə ADU-ya birləşdirilən Ali Pedaqoji İnstitut milli ziyalıların fədakarlığı nəticəsində 1930-cu ildə yenidən müstəqil institut kimi fəaliyyət göstərməyə başladı. Həmin illər həm cəmiyyətin, həm də institutun həyatında çox çətin və mürəkkəb dövr kimi yadda qalıb. O dövrdə institutun direktorları (rektorları) tez-tez dəyişdirilsə də, ADPİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan Tiflis Müəllimlər İnstitutunun məzunu Pənah Ələkbər oğlu Qasımovun, Azərbaycan Dövlət Universitetinin məzunu Bəşir Nurəli oğlu Bünyatovun, Azərbaycan Dövlət Universitetinin məzunu Məmməd Abbas oğlu Bayramovun, Şərq Zəhmətkeşləri Kommunist Universitetinin məzunu Mirzə Sultan oğlu Məmmədovun, Tiflis Politexnik İnstitutunun məzunu Mirzə Davud Məsim oğlu Rəsulzadənin, Azərbaycan Dövlət Universitetinin məzunu Hüseyn Məmməd oğlu Musayevin, Azərbaycan Pedaqoji İnstitutunun məzunu Aqil Qasım oğlu Salayevin, Zaqafqaziya Kommunist Universitetinin məzunu Camal Əhməd oğlu Əliyevin və Marksizm-Leninizm İnstitutunun məzunu Ələsgər Mahmud oğlu Həşimovun mühüm xidmətləri oldu. 30-cu illərdə başlanan repressiya dalğası Pedaqoji İnstitutun ən yaxşı müəllimlərinin böyük bir hissəsinin cismən məhv edilməsi və ya Sibirə sürgün olunması ilə nəticələndi. İnstitutun direktorları olmuş Fətulla bəy Rzabəyli, Pənah Qasımov, Məmməd Bayramov, Mirzə Davud Rəsulzadə, Hüseyn Musayev repressiya maşınından yan keçə bilmədilər. Məmməd Bayramov, Mirzə Məmmədov həbs ediləndən bir il sonra - 1938-ci ildə Bakıda güllələndilər. Onlar saxta ittihamların qurbanı oldular. Kitabda onların həbsi ilə bağlı verilən İttihamnamələri həyəcansız oxumaq olmur. Onlara qarşı irəli sürülən ittihamların hamısının məzmunu əsasən eynidir: S.M.Kirovun amansızcasına öldürülməsini həyata keçirən, sonrakı illərdə (1934-1937) partiya və hökumət rəhbərlərinə qarşı terror aktı hazırlayan əks-inqilabi trotskiçi-zinovyevçi terrorist təşkilatın üzvü olması, Azərbaycanı silahlı üsyan yolu ilə SSRİ-dən ayırmağı qarşısına məqsəd qoyan əks-inqilabi milli təşkilatın üzvü olması və s.
Böyük Vətən müharibəsində əsaslı dönüşün yaranmasından sonra ADU-ya birləşdirilən Azərbaycan Dövlət Pedaqoji İnstitutu yenidən quruldu. Müharibənin ali pedaqoji kadr hazırlığına vurduğu ağır zərbənin nəticələrini aradan qaldırmağa xeyli vəsait və vaxt sərf edildi. Müharibədən sonrakı illərdə də ADPİ müəllim kadrları hazırlığı sahəsində öz liderliyini qoruyub saxladı və özünün dinamik inkişafını təmin etdi. Bu illərdə instituta ayrı-ayrı vaxtlarda maarif və mədəniyyət naziri olmuş Məmməd Həmid oğlu Ələkbərov, 23 il Azərbaycan maarifinə nazir kimi rəhbərlik edən akademik Mehdi Məmməd oğlu Mehdizadə, professorlar - Ağamməd Səməd oğlu Abdullayev, Əhməd Yusif oğlu Seyidov, Cəfər Xəndan Hacıyev, Həmid Musa oğlu Qədirov, Cəbrayıl Ağaəli oğlu Ələsgərov, Mehdixan Yusif oğlu Vəkilov, Mehdi Sadıq oğlu Əliyev, Şövqi Süleyman oğlu Ağayev rəhbərlik etdilər. Kitabda onlar haqqında maraqlı oçerklər verilmişdir. Professor Əhməd Seyidovun ADPU-nun əsas binası ilə bağlı apardığı mücadilə insanda qürur hissi doğurur.
Kitabda müəllif haqlı olaraq xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsini Azərbaycanın ən yeni tarixinin şərəfli məhrələsi kimi təqdim edir. Bu illərdə ADPU şöhrətin uca zirvəsinə yüksəldi, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında ciddi nailiyyətlər əldə edildi. Ulu öndər bir neçə dəfə institutun professor-müəllim heyətinin qonağı oldu, 2 dəfə ən yüksək dövlət mükafatını kollektivə təqdim etdi, öz təklif və tövsiyələrini verdi, ali məktəbdə qəbul prosesini izlədi. Bu illərdə instituta professor Həşim Nizam oğlu Ağayev və AMEA-nın müxbir üzvü, professor Afad Məhəmməd oğlu Qurbanov rəhbərlik etmişdir.
90-cı illərin əvvəllərində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Bir il sonra Pedaqoji İnstituta Universitet statusu verildi. Bu, ADPU-ya müstəqil fəaliyyət göstərmək, kadr siyasətini sərbəst həyata keçirmək, təhsil müəssisəsinin büdcəsinə daxil olan vəsaitdən səmərəli istifadə etmək, xarici ölkələrin ali təhsil müəssisələri və elm mərkəzləri ilə sərbəst əlaqə saxlamaq, qarşılıqlı müəllim və tələbə mübadiləsi aparmaq imkanı verdi. Bu illərdə Pedaqoji Universitetə AMEA-nın müxbir üzvü, professor Səlvər Aslanov, professor Nizami Xudiyev, professor Bəhlul Ağayev və AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov rəhbərlik etdilər. Hazırda Pedaqoji Universitetə professor Cəfər Cəfərov rəhbərlik edir.
Kitabda yalnız Pedaqoji Universitetin 31 rektoru haqqında deyi, həm də Ali Pedaqoji Qadın İnstitutunun ilk və son direktoru olmuş Sara xanım Xuramoviç, “A.Şaiq nümunə məktəbi” və onun müdiri Qafur Əfəndizadə haqqında oçerklər, görkəmli partiya və dövlət xadimi Nəriman Nərimanovun, Azərbaycan SSR xalq maarif komissarı Mustafa Quliyevin Ali Pedaqoji İnstitutunun ilk məzunlarına təbrik məktubu, Ali Pedaqoji Kişi İnstitutunun ilk müəllimləri və məzunları haqqında məlumat verilmişdir.
Görkəmli pedaqoq alim, professor Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabı ADPU-nun qarşıdan gələn yubileyinə ən yaxşı töhfədir.

Məhəmməd BALAYEV,
ADPU-nun Fəlsəfə və sosial
elmlər kafedrasının professoru,
fəlsəfə üzrə elmlər doktoru.

Read 144 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496901

Currently are 204 guests and no members online