XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 08:56

Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi formalaşması

Multikultural ölkələrdə çoxsaylı etnik və dini qruplar qarşılıqlı hörmət şəraitində yaşayır və çoxmədəniyyətli cəmiyyətin bir üzvünə çevriliblər. Bu ölkələr multikulturalizmi dövlət siyasəti səviyyəsində inkişaf etdirirlər. Burada fərqli etnik və dini qruplardan, mədəniyyətlərdən olan insanlar dinc və ahəngdar şəkildə bir yerdə yaşamağa müvəffəq olurlar. Dünyanın bu nümunələrə hər zaman ehtiyacı var, çünki onlar bizə bəşəriyyətin dəyərlərinə inamımızı bərpa etməyə kömək edir, bu günün bəzi böyük problemlərinə necə yanaşmalı olduğumuzu göstərir.

Nəzəriyyə baxımdan, “multikulturalizm” eyni cəmiyyətdə fərqli ənənələr, dəyərlər və adətləri bölüşən bir çox fərqli etnik, irqi, dini və ya mədəni qrupların mövcudluğu və dinc şəraitdə birlikdə yaşaması olaraq səciyyələndirilir. Multikultural bir cəmiyyətdə bu qruplar özlərinə məxsus olan xüsusiyyətlərini ifadə etmək, təşviq etmək, qorumaq və müdafiə etmək hüququna sahibdirlər. Zamanla tədqiqatçılar multikulturalizmin müxtəlif sosial modellərini inkişaf etdirərək çoxmədəniyyətli cəmiyyətin daxili işlərini ümumiləşdirməyə çalışırlar. Qısacası, bu modellər ya assimilyasiyaya, ya da izolyasiyaya məruz qalır.

Ancaq nəzəriyyəni bir kənara qoyub, yaxşı işləyən bir multikulturalist modeli praktikada müəyyənləşdirmək çox asandır: milliyyətiniz, irqiniz və dininizdən asılı olmayaraq, “uyğun” olduğunuzu hiss etdiyiniz bir cəmiyyətin sizə qucaq açmasıdır. Azərbaycan bunu - təhlükəsiz multikultural cəmiyyəti ərazisində yaşayan hər bir kəs üçün ən yüksək səviyyədə təşkil və təklif edir. Çünki zaman keçdikcə ölkədə müxtəlif qrupların bir-birinə qarışdıqları, birlikdə yaşadıqları və bərabərhüquqlu paylaşdıqları, eyni zamanda öz etnik, mədəni və dini kimliklərini qoruduqları çox yaxşı işləyən bir multikulturalist model inkişaf edir.

Azərbaycan cəmiyyəti multikulturalizmi həqiqətən başa düşülə bilir. Müxtəlif dini icmaların rəhbərlərinin (müsəlmanlar, xristianlar, yəhudilər və s.) eyni masada birləşərək dünyaya ortaq bir mesaj çatdırdıqlarının tez-tez şahidi oluruq, hansı ki, bu bir çox başqa ölkələrdə görmək mümkün olmayan görüntüdür. Haradan gəlməyinizdən asılı olmayaraq, burada insanlar sizi açıq ürəklə qarşılayacaq. Bir modelin işlədiyini görmək çox xoşdur, amma bunun nə məqsədlə edildiyini başa düşmək daha yaxşıdır. Multikulturalizmin Azərbaycan modeli keçmiş tarix, xüsusi coğrafiya və müdrik siyasət arasında mükəmməl balanslaşdırılmış qarışıqlığın nəticəsidir.

Əvvəla, Azərbaycanın multikulturalizminin tarixi kökləri var. Ölkəmizin cəmiyyəti mürəkkəb tarixi yolunu və daim dəyişən təsir mənbələrini nəzərə alaraq, bir çox əsrlər əvvəldən bəri etnik və dini qrupların mozaikasını yenidən birləşdirir. Bundan əlavə, Azərbaycanın yerləşdiyi coğrafiya da öz müsbət rolunu oynayır. Qərbdə Avropa ilə Şərqdə Asiya, Şimalda xristianlıq ilə Cənubda İslam arasında olan Azərbaycan həmişə öz ərazisində bir-birinə qovuşan müxtəlif sivilizasiyaların qovuşuğunda olmuşdur. Bu tarixi və coğrafi amillər Azərbaycan xalqının fərqli mədəniyyətlərə və dinlərə münasibətinin formalaşmasında həlledici rol oynamışdır. Azərbaycan cəmiyyəti hər kəsin öz mədəni və dini kimliyini qoruyub saxlaya bildiyi və təbliğ etdiyi bir cəmiyyətdir. Azərbaycan multikulturalizm modelinin uğuru xalqın özünəməxsus açıq düşüncəsinə və müasir münasibətinə əsaslanır. Azərbaycan Respublikası, 1918-ci ildə ölkə dünyəvi demokratiya qurduqdan sonra İslam dünyasında ilk demokratik respublika idi ki, burada vətəndaşları mənşəyindən, dinindən və əqidəsindən asılı olmayaraq bərabər idilər. Azərbaycan tarix boyu gender bərabərliyinin dəstəkləndiyi, qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olan və qızlarına məktəb tikdirərək təhsillərini dəstəkləyən bir cəmiyyətdir. Bu gün də Azərbaycan dünyada bir müsəlman ölkəsində insanların bərabər, azad və dinc yanaşı yaşamaq prinsiplərini qəbul etdiyini sübut edən ən yaxşı nümunədir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti ayrı-ayrı etnik və dini qruplar arasında dinc yanaşı yaşamağın dəstəklənməsinə və təbliğinə yönəldildi. Azərbaycan Konstitusiyası, müasir ölkələrin bir çoxunun konstitusiyaları kimi, bütün dini etiqadların qanun qarşısında bərabərliyini irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəs üçün bərabər hüquq və azadlıqları təmin edir, hər kəsə vicdan azadlığı verərək hər hansı bir dinə təkbaşına və ya başqaları ilə birgə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ verir. Bu gün Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüququ, o cümlədən də azlıqların bütün hüququ qorunur. Milli azlıqların dilinin, mədəniyyətinin, təhsilinin inkişafı üçün dövlətin müəyyən etdiyi strategiya uğurla həyata keçirilir.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasıdır.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev etnik siyasi münasibətlər sisteminin mahir bilicisi kimi çox yaxşı başa düşürdü ki, “Azərbaycan” adlı məmləkəti öz canı və qanı bahasına, onu təmsil edən çoxmillətli bir xalq  - Azərbaycan xalqı yaratmışdır. Elə buna görə də, o milliyyətlərin hər birinin bu müqəddəs yurdda, torpaqda haqqı və hüququ olmasını “azərbaycançılıq” ideyasında tərənnüm etmək kimi bir missiyanı öz üzərinə götürmüşdü. O, “azərbaycançılıq” ideyasını ən ali milli dəyər elan etmişdi. Azərbaycan tarixində tolerantlıq və multikulturalizm ideayalarını siyasi müstəviyə və dövlət siyasəti səviyyəsinə məhz ümummilli lider Heydər Əliyev çıxarmışdır.

Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın təbii həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycan çoxmillətli dövlətdir və bu məmləkətdə müxtəlif etnik qruplar yaşayır. Ölkə əhalisinin 92,2%-i müsəlmandır. Bununla yanaşı, ölkədə 3 yəhudi icması fəaliyyət göstərir, 2003-cü il mart ayının 9-da Bakıda açılmış sinaqoq Avropada ən böyük yəhudi ibadət evi hesab olunur. Azərbaycanda xristianlığın 2 minlik tarixi vardır. Hətta Azərbaycanda 1909-cu ildə Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçisi H.Z.Tağıyevin maddi yardımı və ianələr hesabına. Pravoslov kafedral kilsəsi inşa edilib. Bölgələrimizdə də böyük xristian kilsələri fəaliyyət göstərir. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, konkret şəkildə “mədəni diplomatiya” aktiv şəkildə həyata keçirilir və bu müstəvidə dəqiq hazırlanmış bir proqrama malikdir.

Azərbaycanda tolerant dini-mədəni mühitin bərqərar edilməsində və ölkəmizin islam həmrəyliyinin əsas etalonu kimi tanınmasında Heydər Əliyev Fondunun, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, Prezident Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının milli, dini və tarixi irsinə böyük diqqət və qayğısı sayəsində ölkəmiz bu gün mədəniyyətlərarası və humanitar dialoqun bərqərar olduğu yüksək təşəkküllü mədəni məkana çevrilmişdir.

 

Sevinc NƏCƏFOVA,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının tələbəsi.

Read 168 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər496889

Currently are 174 guests and no members online