XƏBƏR LENTİ

Şənbə, 09 Noyabr 2019 10:04

Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib AZƏRTAC OANA-nın vitse-prezidenti seçilib

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçib.

Bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan Baş Assambleyasında qəbul edilib.

Assambleyada Yonhap agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, AZƏRTAC OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI Baş Assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub.

XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. AZƏRTAC yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub. OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, AZƏRTAC, Rusiyanın TASS, Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri vitse-prezidentdir, Avstraliyanın AAP, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Yaponiyanın Kyodo, Vyetnamın VNA, Livanın NNA, Monqolustanın Montsame agentlikləri isə üzvdür.

Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstin Dövlətinin AFA agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın Nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.

OANA-nın baş katibi Vüqar Seyidov təşkilatın AZƏRTAC-ın sədrlik etdiyi 2016-2019-cu illəri əhatə edən fəaliyyəti barədə məlumat verib, maliyyə və texniki hesabatlarını diqqətə çatdırıb. Sədrlik dövründə AZƏRTAC təşkilatın veb-saytının təkmilləşdirilməsi, üzvlərin fəallığının artırılması istiqamətində bir sıra layihələr həyata keçirib. AZƏRTAC-ın təqdim etdiyi təkliflər paketi təşkilatın İcraiyyə Komitəsinin Livan, İran və Vyetnamda keçirilən iclaslarında geniş müzakirə olunub.

Vüqar Seyidov OANA-nın yeni seçilən baş katibi Donq Min Liyə uğurlar arzu edib.

Baş Assambleyada, həmçinin 2019-cu il üçün OANA Mükəmməllik Mükafatının qalibləri olan Vyetnamın VNA və Çinin Sinxua agentliklərinə diplomlar və pul mükafatları təqdim edilib.

Tədbirdə çıxış edən İranın İRNA agentliyinin baş direktoru Seyed Ziya Haşemi, Yaponiyanın Kyodo agentliyinin prezidenti Toru Mizutani, Çinin Sinxua agentliyinin vitse-prezidenti Siyanq Liu 2016-2019-cu illərdə OANA-ya uğurlu rəhbərliyə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov OANA-nın yeni prezidenti, Yonhap agentliyinin rəhbəri Ço Sanq Boya uğurlar arzulayıb, təşkilatın növbəti dövrdə inkişafının dinamik olaraq davam edəcəyinə əminliyini bildirib.

Assambleya başa çatdıqdan sonra Yonhap-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 46-cı iclası keçirilib. İclasda yeni katibliyin görəcəyi işlər, OANA-nın fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, növbəti - 47-ci İcraiyyə Komitəsinin iclasının 2020-ci ilin yazında Montsame agentliyinin təşkilatçılığı ilə Monqolustanda keçirilməsi qərara alınıb.

Bununla da OANA-nın XVII Baş Assambleyası başa çatıb.

 

 

 

 

AZƏRTAC

Read 34 times