XƏBƏR LENTİ

Şənbə, 09 Noyabr 2019 10:04

“Minera” MMC-də Dövlət Bayrağı Günü qeyd olunub

Bakının Nərimanov rayonunun ərazisində yerləşən “Minera” MMC-də “Bayrağımız - fəxrimiz, şərəfimiz və qürur mənbəyimizdir” mövzusunda bayram tədbiri keçirilib. 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən mərasimdə Cəmiyyətin direktoru Mətanət xanım çıxış edərək vurğuladı ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan səmasında 18 ay dalğalanıb. Azərbaycanın üçrəngli Bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixi iclasında qəbul olunub. 1920-ci ilin aprelində bolşevik işğalından sonra AXC bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkic bayrağı ilə əvəzlənib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra digər atributlarımız kimi, dövlət bayrağımız da bərpa olunub.

ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsiplərini təşkil edən türkçülük, islamçılıq və müasirliyini ifadə edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən dövlət bayrağını bərpa etdi. İlk olaraq, Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı.

Mətanət xanım sözünə davam edərək vurğuladı ki, Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də sərəncam imzalamış, 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bəli, bayrağımız tariximizin şanlı səhifəsidir. Ona görə ki, milli həmrəyliyin yaradılması və qorunmasında, ölkəmizin beynəlxalq müstəvidə tanınmasında milli bayrağımız mühüm əhəmiyyət kəsb edir. Bayraq Meydanında qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun ümumi görüntüsünə əlavə çalarlar qataraq, meydana xüsusi gözəllik, füsunkarlıq verir.

Tədbir iştirakçıları əminliklə bildirdilər ki, bayrağımız ölkə başçısının rəhbərliyi və məqsədyönlü fəaliyyəti nəticəsində tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaqdır.

Qədir ASLAN,

“Respublika”.

Read 31 times