XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:38

İLK MİLLİ KONSTİTUSİYAMIZ

Azərbaycanda 1995-ci il noyabr ayının 12-də hüquqi dövlət quruculuğu sahəsində çox mühüm, əlahiddə addım atıldı. Həmin tarixdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu Ali Qanun Azərbaycanın siyasi tarixində yeni bir era açmaqla dövlətimizin suverenliyinin, insan haqlarının və demokratik dəyərlərin əsas təminatçısına çevrildi.
Zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız ötən əsrin əvvəllərində - düz 101 il öncə bütün türk dünyasında və İslam Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. AXC-nin cəmi 23 aylıq fəaliyyəti dövründə bir çox mütərəqqi qanun və digər hüquqi aktlar qəbul edilsə də, 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı səbəbindən müstəqil dövlətin əsas qanunu olan Konstitusiyanı yazıb hazırlamağa vaxtı çatmadı. Sonrakı illərdə, yəni Azərbaycanda kommunistlərin üsuli-idarəsi dövründə ölkəmizdə bir neçə dəfə konstitusiya qəbul olunmuşdur. Aydındır ki, partiyanın “həssas rəhbərliyi” altında yazılan bu konstitusiyaların heç biri müstəqil və milli ola bilməzdi.
Nəhayət, 1991-ci ildə Azərbaycan xalqı bütün dünyaya müstəqilliyini elan etdi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın Əsas Qanununun hazırlanması ilə əlaqədar ciddi bir iş görülmədi. Nəticədə dörd il ərzində Azərbaycan faktiki olaraq 1978-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən fəaliyyət göstərməli oldu.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1993-cü ilin oktyabr ayında ulu öndər yeni Konstitusiyanın hazırlanması barədə Milli Məclis qarşısında məsələ qaldırmış və iki ilə yaxın müddət ərzində bu istiqamətdə böyük həcmli iş aparılmışdır. 1995-ci il may ayının 2-də Konstitusiya Komissiyasının üzvlüyünə yenidən baxılaraq onun tərkibinə hüquqşünaslar, iqtisadçılar və digər sahələrdən olan yüksəkixtisaslı mütəxəssislər daxil edilmişdir.
Yenidən təşkil olunmuş komissiyanın gərgin əməyi nəticəsində hazırlanmış layihə 1995-ci il oktyabr ayının 15-də mətbuatda dərc edilərək ictimaiyyət arasında, respublikanın bütün şəhər və rayonlarında geniş müzakirə olundu. Verilən təkliflər isə bir daha konstitusiya layihəsi hazırlayan komissiyaya göndərildi.
Bunlar yeni, müstəqil inkişaf yoluna qədəm qoyan xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edən sənədlər idi. Yeni Konstitusiyanın qəbul olunmasında əsas məqsəd Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, dünyəvi dövlət qurmaq, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün xalqlarla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə fəaliyyət göstərmək idi.
Konstitusiyada insan hüquqları, azadlıqları, onların məsuliyyəti, xalq hakimiyyətinin və dövlətin cəmiyyət qarşısında yerinə yetirməli olduğu vəzifələr konkret və aydın şəkildə verilmişdir.
Hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Konstitusiyanın təməlində dayanması ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının vacib xüsusiyyətləridir. Əsas Qanun ənənəvi hüquqi dövlət məfkurəsini özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib. Ümumilikdə isə Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Taleyüklü məsələ olan və səsvermə yolu ilə qəbul olunan Konstitusiyamızın əsas səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Konstitusiya respublikamızda yaşayan və fəaliyyət göstərən heç bir millətə, xalqa, etnik qrupa, milli azlığa, ictimai və siyasi quruma üstünlük vermədən Azərbaycanda yaşayan bütün xalqların ümumi istək və arzularını, ümumi mənafelərini əks etdirən bir sənəddir. Bu Konstitusiya bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş, beynəlxalq normaya çevrilmiş insan hüquqları, milli suverenlik və demokratiya prinsiplərinə əsaslanmışdır.
Konstitusiyanın insan hüquqları və vəzifələri ilə bağlı fəsilləri böyük demokratiya və dövlətçilik təcrübəsi olan inkişaf etmiş dövlətlərin müvafiq sənədlərindən nəinki geri qalmır, əksinə Ali Qanunumuzda həmin dövlətlərin insan və dövlətin münasibətlər sisteminin formalaşmasına aid olan qanunvericilik sənədləri Azərbaycan reallıqları və dünya ölkələrinin son təcrübələri bir qədər də yaradıcı şəkildə zənginləşdirilmişdir.
Müstəqil Azərbaycanın Milli Konstitusiyası həm vətəndaşların dövlət, həm də dövlətin vətəndaşları qarşısında daşıdığı məsuliyyət və vəzifələri əks etdirən yeni münəsibətlər sistemi yaradılmasını nəzərdə tutur.
Bundan başqa, bu ali sənəd ictimai süurda qanunçuluğa, qanunların hüquqi nüfuzuna, hüquqi mədəniyyətin yüksəldilməsinə də şərait və zəmin yaradır.
12 noyabr şərəfli bir bayram günü kimi tariximizə ölkəmizin ilk Milli Konstitusiya Günü kimi daxil olmuşdur. Konstitusiyanın qəbul olunması şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Bu sahədə apardığı gərgin işlər haqqında Heydər Əliyev özü belə deyirdi: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyim çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altında imza atıram və bu layihəyə görə bu gün tam cavabdeh olduğumu bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd, siyasi-hüquqi sənəd hazırlamışıq”.
Həyat durmadan irəli gedir. Müstəqilliyini əldə etmiş respublikamızın da həyatında baş verən müsbət irəliləyişlər artıq bütün sahələrdə dinamik inkişafa çevrilmişdir. Dünya birliyinə qovuşmaq, beynəlxalq arenada gedən demokratikləşmə prinsiplərinə zamanın tələbləri baxımından yanaşmaqdan ötrü Əsas Qanunumuzda dəyişikliklər etmək zərurəti meydana çıxarkən Azərbayan Respublikası Prezidentinin 22 iyul 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının etibarlı qorunması sahəsində çox böyük tarixi hadisə oldu. Biz çox sevinirik ki, hər il təntənə ilə qeyd etdiyimiz Konstitusiyanın qəbulu Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət ideyalarına sadiqliyini bir daha təsdiqləməklə, onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, nüfuzunun artmasına geniş və real imkanlar açmışdır.
2009-cu ilin martın 18-də və 2016-cı ilin iyulun 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı keçirilmiş referendumlar da xalqımızın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu referendumlara əsasən Ali qanunda qəbul olunmuş əlavə və dəyişikliklər dövlətimizin hüquqi əsaslarının möhkəmələnməsinə yönəldilmişdir.
Növbəti, 24-cü ildönümünü qeyd etdiyimiz Konstitusiyamızda bütün demokratik təsisatlar, o cümlədən hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ da təsbit olunmuşdur. Respublikamızda demokratik Seçki Məcəlləsinin qəbul olunması da bu istiqamətdə atılmış mühüm işlərə parlaq misaldır. Konstitusiya qəbul olunduqdan ötən dövr ərzində ölkəmizdə demokratik əsaslarla keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri ilə Azərbaycan xalqı hüquqi dövlət quruculuğu prinsiplərinə, demokratik prinsiplərə sadiqliyini dünya ictimiyyətinə nümayiş etdirmişdir.
Milli Konstitusiyanın verdiyi imkan və hüquqlardan əsl siyasətçi kimi son dərəcə məharətlə, uzaqgörənliklə istifadə edən, bununla da ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı və siyasi varisi olduğunu artıq bütün dünyaya sübut edən müdrik Prezidentimiz İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti xalqımız ürəkdən bəyənir və dəstəkləyir. Azərbaycanda bu gün əsl demokratik, hüquqi və sivil dövlət qurulur. Bu yol Heydər Əliyev yoludur, xalqımızı inkişaf etmiş dünyaya qovuşduran, xarici aləmdən təcrid olunmağa qoymayan yoldur! Bu yolda bütün uğurlar ölkənin hər bir vətəndaşının firavan yaşamasından, insan azadlığının və haqlarının təmin olunmasından başlanır. Təsadüfi deyil ki, ölkəmizdə geniş vüsət almış inkişaf və islahatlar məhkəmə-hüquq sistemindən də yan keçməmişdir. Belə ki, son illərdə ölkədə həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatların bir-birini tamamlaması zərurətini önə çəkən Prezident İlham Əliyev ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla inkişaf etdiyi, həyata keçirilən inkişaf strategiyasının iqtisadiyyatda müsbət nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətindəki bəzi çatışmazlıqlarla, qanunazidd hallarla bağlı ictimai narazılıqların tamamilə aradan qaldırılması da Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Təbii ki, hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillərin başlıcası qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.
Məhkəmə sistemində ardıcıl və məqsədyönlü islahatların davam etdirilməsinin tərəfdarı olduğunu cənab İlham Əliyevin hələ 2006-cı il 19 yanvarda imzaladığı “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanunun tətbiq edilməsi barədə” fərman bir daha təsdiqləmişdir. Belə bir fərmanın imzalanması regionların sosial-iqtisadi inkişafı tədbirlərinin tərkib hissəsi kimi diqqəti çəkmiş və əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldilmişdir.
Bundan əlavə, 1 yanvar 2011-ci il tarixindən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi insan hüquqlarının müdafiəsi istiqamətində yeni atılan addımlardan biri olmaqla, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəlmişdir.
İnzibati-İqtisadi məhkəmələrin 1 yanvar 2011-ci il tarixdən fəaliyyətə başlaması insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasının yeni mərhələsidir. İnzibati-İqtisadi məhkəmələr inzibati orqanların hüquqi nəticə yaradan fəaliyyətinin qanunauyğunluğuna nəzarəti həyata keçirməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı kimi çıxış edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi ilə vətəndaşların hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı genişlənmiş, məhkəməyə inam və qaldırılan iddiaların sayı artmışdır ki, bu da vətəndaşların pozulmuş hüquqlarının daha etibarlı müdafiəsinə xidmət etmişdir.
Azərbaycan müstəqillik yolları ilə inamla irəliləyir. Ən başlıcası isə Prezidentimiz İlham Əliyev xalqımızın müdrik oğlu Heydər Əliyevin dövlət idarəçilik irsini dünyada və Azərbaycanın həyatında baş verən dəyişiklikləri nəzərə alaraq yeni meyillərlə inkişaf etdirir, daha da zənginləşdirir. Konstitusiyamızın verdiyi hüquqlardan istifadə edərək milli maraqlara uyğun və mənafelərinin qorunmasına yönəldilmiş siyasəti həyata keçirir.

Vidadi CƏFƏROV,
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi.

Read 53 times