XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:31

Bədii nəsrdə Heydər Əliyev obrazı

Bədii nəsrdə Heydər Əliyev mövzusunun inikası və dərki yenicə başlanılmış, amma kifayət qədər miqyaslı və əhatəlidir. Müasirləri Heydər Əliyev miqyasının əlçatmazlığını adətən uca, nəhəng dağla müqayisə edirlər. Belə ki, bu nəhənglikdən yaranan heyrəti ifadə etmək bir şeydir, həmin nəhəngliyi dərk və bədii təsvir etmək başqa bir məsələ. Zaman keçdikcə, uzaqlaşdıqca, Heydər Əliyev obrazının nəhəngliyi daha aydın görünür, dərk olunur, qələmə gəlir.
Heydər Əliyev mövzusunun nəsrdə inikası ən çox bədii-sənədli janrda və xatirə əsərlərində reallaşmışdır. Heydər Əliyev obrazı bir sıra memuar nəsri nümunələrində - Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər”, Hafiz Paşayevin “Bir səfirin manifesti”, Səyyad Aranın “Heydər Əliyevin Amerika fəthi”, Hüseynbala Mirələmovun “İşığın izi ilə” əsərlərində bu və ya digər rakursdan, ulu öndərlə görüşlərdən doğan canlı təəssürat əsasında əksini tapmışdır.
1990-cı illərin çətin ictimai-siyasi həyatını, müstəqillik yolunun ağırlığı və ziddiyyətlərini əks etdirən bir sıra bədii əsərlərdə - Sabir Rüstəmxanlının “Xətai yurdu” romanında, Aqil Abbasın “Çadırda üzeyir Hacıbəyov doğula bilməz” povestində, Afaq Məsudun “Dahi” hekayəsində hadisələrdən ani keçən Heydər Əliyevin tarixi obrazını görürük. Çox maraqlıdır ki, janrlar içərisində bədii detektiv Heydər Əliyevin və xalqın həyatındakı mürəkkəb və çətin dövrlərə müraciət etmiş, Çingiz Abdullayevin, Elmira Axundovanın, İsa Nəcəfovun siyasi detektivlərində ulu öndərin xilaskarlıq missiyası gərgin hadisələr fonunda qələmə alınmışdır.
Ulu öndərə ümumxalq sevgisinin faktı olan Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabı folklor materialını təqdim etməklə yanaşı, həm də yazı ədəbiyyatı, bədii nəsr nümunəsidir. Heydər Əliyev obrazının dürüst, reallığa, tarixi həqiqətə tam uyğun əks olunmasında yazıçı sənətkarlığı mühüm rol oynayır. Heydər Əliyev ömrünün müxtəlif anlarını bu və ya digər rakursdan qabardan canlı lətifə, əhvalat və deyimlər əsl müdriklik təzahürü olub, xalq gülüşü ədəbiyyatına da bir töhfədir.
Tarixi planda yanaşdıqda Heydər Əliyev obrazı bədii nəsrdə ən çox Xilaskar kimi, xilaskarlıq missiyası ilə təqdim və təfsir olunur. Həm də üç məqam, üç səciyyədə:
1) Hələ dövlət təhlükəsizlik sahəsində çalışdığı zaman Heydər Əliyev milli insanın xilaskarı kimi çıxış edir; neçə-neçə milli düşüncəli gəncləri qoruyur, həbs olunmaqdan, ölümdən xilas edir; dissidentizmdən yayındıraraq milli quruculuq proseslərinə yönləndirir. Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman”, Anarın “Unudulmaz görüşlər”, Hüseynbala Mirələmovun “Xəcalət”, Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” əsərlərində, xüsusən Tofiq Abdinin “Dövlət çevrilişi” povesti və Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü” memuarında bu obrazın təfərrüatları əksini tapıb.
2) Respublikanın, Sovet Azərbaycanının xilaskarı obrazı. 1969-1982-ci illərdə Heydər Əliyev Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasına başçılıq etmiş, rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incənəsəti inkişaf etmiş, bu dövrdə xalqın ictimai və milli şüuru artmış, müasir dünya səviyyəsinə yüksəlmişdir. Amma maraqlıdır ki, həmin dövrdə Heydər Əliyev ədəbiyyatın yaddaşında heç də kommunist lider, partokrat məmur, yaxud “Moskva emissarı” kimi deyil, əksinə, dissident obrazı ilə yer almışdır. Bəlkə də burda bir qanunauyğunluq gizlənir. Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabında belə bir “olmuş əhvalat” var: “Yazıçıların X Qurultayında çıxış edən Heydər Əliyev sovet dövründə Azərbaycan yazıçılarının cəsarətindən söz açıb dedi: “-Əslində, o dövrdə elə siz hamınız dissident olmusunuz”. Rəyasət Heyətində oturmuş yazıçı Anar ayağa durub, üzr istəyərək Heydər Əliyevin fikrinə qoşuldu: “-Hörmətli Prezident, bir dəfə çıxışınızda dediniz ki, sovet dövründə ən böyük dissident mən olmuşam”. Heydər Əliyev məmnun halda Anarın sözünü təsdiqlədi: “-O da doğrudur! O zaman Kommunist partiyası daxilində ən böyük dissident mən idim!”.
Anar, Elmira Axundova, Viktor Andriyanov və Hüseynbala Mirələmov Respublikanın başçısı kimi Heydər Əliyevin tarixi missiyasını, həyatın və cəmiyyətin bütün sahələrində apardığı inqilabi islahatlara görə “xilaskar” obrazı ilə səciyyələndirmişlər. Əgər bura qədər, dövlət təhlükəsizliyi sıralarında onun fəaliyyəti milli insanın xilası naminə yönəlmişdisə, bu dəfə daha böyük miqyasda - ətalətə, durğunluğa, staqnasiyaya mübtəla olmuş respublikanın, ölkənin qurtulmasına yönəlir. Vidadi Babanlının “Unutmadığım günlər”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Anarın, Elçinin, Maqsud İbrahimbəyovun, Mark Verxovskinin və b.-nın memuar əsərlərində bu dövrün təsərrüfat və mədəniyyət quruculuğu proseslərində Heydər Əliyevin portret çizgiləri yaxından müşahidələr əsasında qələmə alınmışdır.
3) Ən nəhayət, millətin, xalqın, müstəqil dövlətçiliyimizin Xilaskar obrazı. Bu obraz bəzən ani də olsa, onlarca bədii əsərdən keçir. Maraqlıdır ki, qeyd olunduğu kimi, yazıçılar dövrün hadisələrinə yalnız bədii-sənədli nəsrdə deyil, detektiv janrında da müraciət etmiş, bir-birinin ardınca Elmira Axundova və İsa Nəcəfovun “Naşirin ölümü” (2000), İsa Nəcəfovun “Gecə yarısında qətl” (2000), Elmira Axundovanın “Şüşə saray” (2007) siyasi detektivləri, Çingiz Abdullayevin “Qanın üç rəngi” (2001) detektiv romanı yaranmışdır. Bəlkə də təəccüblü deyil, 1990-cı illərin əvvəlləri - müstəqilliyinə can atan Azərbaycan xalqının şərəfli səhifələr dolu azadlıq mübarizəsi ilə yanaşı, tariximizin ən dramatik, siyasi hakimiyyət uğrunda intriqalarla səciyyəvi bir dövrüdür. Adıçəkilən əsərlər detektiv janrında qələmə alınsa da, sırf tarixi materiallara söykənir; bədii təxəyyül burda özünü əsasən yazıçı ustalığı və sənətkarlıq tərəflərində göstərir.
Adıçəkilən romanlarda bu və ya digər həcmdə Heydər Əliyevin obrazı yer alır. Yazıçılar tarixən bəlli olan həqiqətləri - dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqının daxili ziddiyyətlər və xarici təzyiqlər nəticəsində az qala onu itirməsinə qənşər ulu öndərin siyasət meydanına qayıdıb, nəhəng bir atlant kimi xilaskarlıq missiyasını çiyinlərinə götürməsi, Müstəqil Azərbaycanın taleyini həll etməsi hadisələrini bədii nəsrin həqiqətinə çevirə bilmiş, müstəqilliyin heç də asan qazanılmadığı bu yolda ən çox Heydər Əliyev dühasına, Heydər - Xalq sevgisinə borclu olduğumuz ideyasını aşılaya bilmişlər.
Müstəqillik dövründə yaranmış, adını çəkdiyim və çəkmədiyim onlarca əsərdə ulu öndərin obrazı xilaskarlıq missiyası ilə yanaşı, ümummilli lider, böyük dövlət xadimi və siyasətçi, müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin memarı, mədəniyyət və cəmiyyət qurucusu, milli mənəviyyatın qoruyucusu, ədəbiyyat və sənət bilicisi, ali və dahi insan, möhtəşəm şəxsiyyət, ən böyük azərbaycanlı və s. məqamlarda da təsvir olunmuş, ədəbiyyat çoxyönlü, çoxcəhətli, universal keyfiyyətlərin vəhdətini qapsayan Heydər Əliyev obrazının bütövlüyünü təqdim etməyə çalışmışdır.
***
Heydər Əliyevin həyat yolunu bütövlükdə ehtiva edən, işıqlandıran ayrıca bədii əsər, tarixi roman yazılmamışdır. Bütün çətinliyi və məsuliyyəti ilə birgə, görünür ki, bu hələ yaxın gələcəyin işidir. Amma çox əlamətdar haldır ki, ulu öndərin ilk bioqrafları dahi şəxsiyyətin həyatını, zəngin və nəhəng fəaliyyətini araşdırmış və məhz bədii-sənədli janrda qələmə almışlar. Heydər Əliyevin tarixi obrazını əks etdirməklə birgə, ilk bədii obrazını da həmin əsərlər bizə təqdim edir. Söhbət Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən çap olunmuş “Heydər Əliyev” (Bakı, “Nurlan”, 2008) və Elmira Axundovanın altı cilddə, irihəcmli “Heydər Əliyev: şəxsiyyət və zaman” kitablarından (2007-2013) gedir. Hər iki əsər rus və Azərbaycan dillərində böyük tirajla nəşr olunaraq geniş maraq və rəğbətlə qarşılanmışdır. Elmira Axundovanın altı cildliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, Heydər Əliyev mükafatına layiq görülmüşdür.
Hər iki əsərdə Heydər Əliyev obrazı geniş zaman və tarix kontekstində işıqlandırılmış, həyatının müxtəlif mərhələləri: uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti (1944-1969), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi (1969-1982) və mərkəzi hakimiyyətə yüksəldiyi - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi (Sov.İKP MK) Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi (1982-1987) dövrlər, Sovet İttifaqının süqutu və Vətənə qayıdışı (1987-1990), milli istiqlal hərəkatının Naxçıvan dövrü (1990-1993), Xilaskarlıq missiyası və Müstəqil Azərbaycanın qurucusu kimi (1993-2003) - geniş materiallar, sənədlər, canlı şahidlər və xatirələrin dili ilə, eyni zamanda yüksək ideya-bədii sənətkarlıqla, iti yazıçı müşahidəsi, ümumiləşdirmə bacarığı, təsvir və təcəssüm ustalığı, dərin təhlillər və şərhlərlə, sirayətedici, oxucunu daim maraq təsirində saxlayan bədii üslubda təqdim olunmuşdur.
Adıçəkilən tarixi vexaların hər birinin təsviri müəllifdən geniş bilik, təfəkkür, elmi və bədii dərk qabiliyyəti tələb edir, amma bu epoxaların hər birini fəth etmiş, zamanın fövqünə yüksəlmiş Heydər Əliyev şəxsiyyətini mücadilədə olduğu kontekstdən kənarda öyrənmək də mümkünsüzdür. Eyni zamanda, Heydər Əliyev miqyasında tarixi simaların ərsəyə gəlməsi hər zaman olmur, burda sürəkli tarix, cəmiyyət, mədəniyyət prosesləri ilə birgə hətta təbiət faktorundan, kainatın təsadüflərə və zərurətə yozulan sirlərindən də danışmaq lazım gəlir. Müəlliflər bu amillərə də həssas olmağa çalışır, Heydər Əliyevi yetirən xalqın genetik mədəniyyətinə, ailə mühiti və adət-ənənələrinə baş vurur, eyni zamanda şəxsiyyəti formalaşdıran, üzə çıxaran qlobal hadisələrə, XX yüzilin çevriliş və inqilablar epoxasına diqqət ayırırlar.
Elmira Axundova “Heydər Əliyev: şəxsiyyət və zaman” əsərinin janrını doğru olaraq bioqrafik roman-tədqiqat kimi göstərir. Birinci hissə: Heydər Əliyevin həyatının uşaqlıq, gənclik və DTK dövrünü (1923-1969), “Hakimiyyət və məsuliyyətin ağır yükü altında” adlı ikinci hissə qəhrəmanın Sovet Azərbaycanına başçılıq etdiyi dövrü (1969-1982), “Kreml beşilliyi” adlanan üçüncü hissə Sovet İttifaqı hakimiyyətinin zirvəsi və süqutu dövrünü (1982-1990), “Həyat və fəaliyyətinin xronikası”nı izləyən dördüncü hissə bütövlükdə ömrün sovet dövrü səhifələrini (1969-1989), beşinci hissə “Ömrün Naxçıvan aşırımları”nı (1990-1993), altıncı hissə “Qayıdış” qurucusu ulu öndərin olduğu Müstəqil Azərbaycan mənzərələrini (1993-2003) ehtiva etməklə əsl epopeya səciyyəsi daşıyır. Göründüyü kimi, ayrıca adı, mövzusu, predmeti (zaman əhatəsi) olmaqla hər hissənin özü də ayrı bir roman təsiri bağışlayır, hətta bədii üslub, təhkiyə tərzi, struktur və süjet-kompozisiya həlli baxımından da fərqlənərək, qəhrəmanı saf və romantik uşaqlıq-gənclik çağlarından ən məsul, şərəfli ictimai və bəşəri missiyaya, qalib və müdrik rəhbər, ali ideallar mücəssəməsi, ulu öndər mərtəbəsinə qədər pillə-pillə izləyir, sevə-sevə təsvir etdiyi Heydər Əliyev obrazını oxucularına da sevdirə bilir. “Ömrünün ən mühüm layihəsi” saydığı altı cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” əsəri Xalq yazıçısı Elmira Axundovanın böyük uğurudur (“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabında əsər haqqında ayrıca məqalə verilmişdir; bax: Lalə Həsənova, Dahiyə layiq bədii-sənədli epopeya).
Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Heydər Əliyev” əsəri populyar seriyadan qələmə alındığından daha geniş oxucu auditoriyasına hesablanmışdır. Müəlliflər XX əsrin ən görkəmli siyasətçiləri sırasından Heydər Əliyevin ictimai-siyasi və insani portretini yaratmaq üçün bioqrafiyasının ən ümdə hadisələrini götürür, konkret epizodları geniş ümumiləşdirmələrlə əlaqələndirir, qəhrəmanın fərqli, özəl, xarakter cizgilərinə həssas olmağa çalışır, eyni zamanda müəyyən tarixi müqayisələrlə şəxsiyyətin böyüklüyünü, miqyasını nəzərə çarpdırmağa səy edirlər. Əsər başdan-başa Heydər Əliyev ömrünün intəhasız zənginliyini əks etdirən hadisə və faktların məntiqi düzülüşü üzərində qurulmaqla yanaşı, xronoloji ardıcıllığı yeri gəldikcə retrospeksiya ilə, müəllif şərhləri, düşüncələri, ricətləri ilə tamamlayan ədəbi texnika və bədii üslub baxımından da seçilir.
***
Heydər Əliyevin uşaqlıq və gənclik obrazı ilə də ilk bioqraflarının əsərlərində - Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman” roman-tədqiqatında və Viktor Andriyanovla Hüseynbala Mirələmovun “Heydər Əliyev” bədii-sənədli kitabında tanış oluruq.
Bioqraflar 10 may 1923-cü il tarixində, Naxçıvan şəhərində, Əlirza və İzzət Əliyevlərin ailəsində Heydər Əliyevin doğulmasını yalnız quru rəqəmlərlə, sənədlər və faktlarla təsbit etmirlər. Eyni zamanda, bədii detallar vasitəsilə dünyaya dahi insanın gəlişini tarixi-mədəni və ictimai-mənəvi kontekstdə əsaslandırmağa, qabaqcadan xəbər verməyə tələsirlər. Hətta bu məqamda dahini yetirən torpağın və təbiətin də öz payı, iltifatı var: “Əsrləri, minillikləri yola salmış bu şəhərin may ovqatı məscid üzərində açılan bahar asimanı kimi safdır, ülvidir və sanki dünyaya yeni gələn bir insanın valideynlərinə bəxş etdiyi ümid işığıdır...” (Sitatlar V.Andriyanov və H.Mirələmovun “Heydər Əliyev” əsərindəndir).
“Anadan olanda adını Heydər qoydular. Mənası - öndə gedən, başçı deməkdir...”. Gələcəyin lideri, ulu öndəri həm zamanın, həm də Azərbaycan torpağının qanlı-qadalı illərində dünyaya göz açır. Müəlliflər reallıqları ədəbiyyatın gücü ilə ümumiləşdirərək, ilk səhifələrdən oxucunu tarixin acı həqiqətlərinə aşina edirlər: “Andronik Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular. Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarırlarsa götürüb dağlara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zəngəzur torpağında baş verən müsibətə laqeyd qala bilmirdi. Atlar, yüklənmiş ulaqlar, qorxudan böyürən öküzlər, inəklər - hər şey bir-birinə qarışmışdı. Kənddə qalan yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən ayrı təsəvvür etməyən qocalar idi...”.
Həmin təsvir “illər ötəndən sonra Əliyevlər ailəsində də əldən-ələ keçən” Əyyub Abbasovun “Zəngəzur” romanındandır; vaxtilə İzzət xanımın danışdıqları ilə tam üst-üstə düşür. Axı Heydər Əliyevin hər iki valideyni 1919-1920-ci illərdə ermənilərin Zəngəzura basqınları, Azərbaycan torpağında özlərinə dövlət qurduqları zamanı həyata keçirdiyi genosid siyasətinin acı nəticələrini dadmış, uzaq və yaxın qohumlarını, bacı və qardaşlarını itirmişdilər. Bu həqiqətlərin Heydər Əliyevin taleyində, yaddaşında və altyaddaşında yeri olması şəksizdir. 1923-cü il mayın 10-u. “Körpəyə İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmuş qardaşı Heydərin adını qoydular. O Heydərin yaşı həmişəlik 23 olaraq qaldı...”; xatirəsi isə bütün XX əsr boyu xalqın ümid və pənah yeri olan Heydər Əliyevin adında əbədiyyət qazandı...
Yalnız ağrı və kədərlə haşiyələnməyib, Əliyevlər ailəsinin may sevincini kitab müəllifləri başqa bir simvolik detalla təsbit edirlər. Ailənin başçısı, Bakı neft mədənlərində fəhləlikdən sonra Naxçıvana qayıdan Əlirza Əliyev dəmir yolunda işə düzəlmişdi. “Heydər anadan olanda Əlirza Əliyevin köhnə dostu, parovoz maşinisti dəmir maşınından elə qulaqbatırıcı fit verir ki, Araz qırağında otlayan qoyun-quzu hürküşüb az qala çaya töküləcəkmiş...”. Azərbaycan xalqının bəxtinə doğan səadəti xəbər verməklə yanaşı, həmin detal həm də ölkənin həyatında başlayan yeni eranı eyhamlaşdırır.
Heydər Əliyevin uşaqlığı çətin, lakin əlverişli şəraitdə keçib. Müəlliflər, hər şeydən əvvəl, bunu milli-mənəvi dəyərlər mühiti, ata ocağının istisi ilə bağlayırlar. Halallıq, böyüklük, düzgünlük, nizam-intizam, zəhmətsevərlik, ailəyə hörmət, qonaqpərvərlik, alicənablıq, havadarlıq, mərhəmət və bu kimi mənəvi keyfiyyətlər Əliyevlər ailəsinin hər bir üzvünə irsən və ailə tərbiyəsindən keçir. “Dəmiryolu işçiləri arasında zərbəçi sayılan Əlirza Əliyevə torpaq sahəsi ayırdılar. Uşaqların hərəsi öz gücünə görə çalışırdı, kimisi bostanda kömək edir, kimisi də qoyun-quzu otarırdı. Onlar ömürlərinin erkən çağlarından çörəyi alın tərilə qazanırdılar. Çünki Naxçıvanın özünəməxsus sərt təbiəti tənbəlliyi bağışlamırdı”.
Əsərdə ata ocağının baş mühafizi İzzət xanımın incə zövqü, sadə Azərbaycan qadınına xas mədəniyyət və rəftarı, təbiətlə ünsiyyəti, “gül-çiçəkdən, meyvə və otlardan” yaratdığı möcüzələr, məişət təfərrüatları ailə nizamının rəhni kimi təsvir olunur. “Əlbəttə, ananın sehrli səliqə-sahmanını ilk növbədə qızları görüb-götürürdü. Amma oğullar da ibrət alırdı. Heydər Əliyevin geyim-keçimindəki təbii incəlik, zövq və səliqə də ata-ana ocağından gəlir”.
Heydər Əliyevin bir şəxsiyyət kimi formalaşmasında yeni eranın gətirdikləri ilə qədim Naxçıvan torpağının yaşatdığı tarixin, mədəniyyətin üzvi təsiri əsərdə yığcam təfərrüatlarla verilir: “Böyüdükcə, Heydər sinif yoldaşlarıyla birlikdə mavzoleyin (Möminə Xatun türbəsi - T.Ə.) seyrinə dalmağı, onun göylərə tuşlanmış cizgilərini rəsm etməyi xoşlayardı. Naxçıvan başdan-başa tarixin canlı kitabıdır. Əcəminin yaratdığı bir başqa məşhur abidə də - Yusif ibn Küseyirin məqbərəsidir. Arazın üzərindən o taya, İrana uzanan körpülər, karvansara xərabələri... və Telman adına klub, - alman proletariatı rəhbərinin ağlına gəlməzdi ki, onun adı yazılmış lövhə yenidən təmir edilib qurulmuş ibadətxananın qapısına vurulacaq...”.
Sovet hakimiyyətinin maarif siyasəti yeni nəslin hərtərəfli formalaşdırılmasına köklənmişdi. Məktəb illərindən istedadının çoxyönlülüyü, ədəbiyyata, tarixə, riyaziyyata, rus dilinə, rəssamlığa, teatra, kinoya marağı balaca Heydəri erkən yetişdirir və vaxtından bir il tez, 13 yaşında atası onun Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunmasına nail olur. Güclü pedaqoqları və texniki təchizatı - “yaxşı kabinetlər, laboratoriyalar, hərbi-idman kompleksi, kino qurğusu” olan texnikumu Heydər Əliyev əla qiymətlərlə bitirir.
Heydər Əliyevin uşaqlıq və məktəb illəri Elmira Axundovanın roman-tədqiqatında daha geniş, çoxsaylı xatirələrin şahidliyi ilə, təsvir və təfərrüatların əyaniliyində təqdim olunur. Romanda yeniyetmə Heydərin az qala atdığı bütün addımları izləyir, keçdiyi küçə və məhəllələrdən nəfəsini duyur, Puşkin küçəsi boyu gələcəyə doğru inamlı addımlarını canlı təsəvvür edirik (bax: Axundova Elmira, “Heydər Əliyev. Şəxsiyyət və zaman”. Bakı, “Ozan”, I cild, 2007; Birinci fəsil. Ömür yolunun başlanğıcı). Bu, həm də roman-tədqiqat janrının imkanlarını nümayiş etdirir. V.Andriyanov və H.Mirələmov sənədli-bioqrafik əsərdə daha kəsə yolla gedir, yığcam detal və lövhələrlə böyük ümumiləşdirmələrə nail ola bilirlər.
Respublikanın qocaman pedaqoqu, 2003-cü ildə ulu öndərin “İstiqlal” ordeni ilə təltif etdiyi yüz yaşlı müəllimi Lətif Hüseynzadə xatırlayır: “Heydər elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu... Hətta yuxarı kursların ötkəm tələbələri də ona böyük hörmət bəsləyir, üzünə də, arxada da, gələcəyini bilirmiş kimi, ona “general” deyirdilər”. Məktəb yoldaşı Zərqələm Quliyeva da gənc Heydərin özünü erkən göstərən liderlik istedadına dair bir məqamı hafizəsində qoruyub-saxlamışdır: “Dərslərarası fasilələrdə tələbələr texnikumun həyətinə axışırdılar. Qızlar kənara çəkilib sakitcə pıçıldaşır, oğlanlar isə dərhal dəstələrə bölünüb oynayırdılar. “Mən kiminləyəm, mən kiminləyəm”, - səsləri eşidilirdi. Yalnız Heydər soruşurdu: “Kim mənimlədir?”.
Gənclik dostlarından, əsərdə göstərildiyi kimi, 1980-ci illərin sonlarında “anti-Heydər Əliyev” kampaniyasına qarşı mətanətlə çıxış edən Dövlət Məmmədovun xatirində də mənalı epizodlar yaşayır. Texnikum illərindən rus dilini mükəmməl öyrənməyə nail olmuş “Heydər Əliyev Lev Nikolayeviç Tolstoyun “Hərb və sülh” romanını orijinaldan oxuyan ilk tələbə olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də çəkmişdi”. Dövlət Məmmədov Heydər Əliyevin romandan: “uzaq keçmişdə baş vermiş müharibədən, 1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə”, necə şövqlə danışdığını xatırlayır. Və əsər müəllifləri buradaca vurğulayır: “O vaxt kimin ağlına gələrdi ki, bu yeniyetmələrin birinin yolu məhz Kremlə gedib çıxacaq. Deyəsən, təkcə uzaqgörən Lətif müəllim bu gənci həmkarlarından əvvəl qiymətləndirə bilmişdi: - Bu cavan oğlan böyük adam olacaq, - o, pedaqoq həmkarlarına bu sözü çox demişdi”.
Heydər Əliyevin müəllim peşəsinə sevgisi bütün ömründən keçsə də, rəhbər olduğu dövrlərdə respublikada təhsilin, maarifin inkişafına hədsiz töhfələr, müəllim adına və əməyinə yüksək dəyər versə də, sadəcə müəllim olmadı; Lətif müəllimin uzaqgörənliyi yerini aldı. 1941-ci ilin iyununda Böyük Vətən müharibəsi başlarkən, Heydər Əliyev Sənaye İnstitutunun memarlıq üzrə ikinci kursunu bitirmişdi. Onun cəbhəyə getmək səyi nəticəsiz qalır: “Bura da cəbhədir. Zaqafqaziya cəbhəsi...”. Sovet qoşunlarının 1921-ci il Sovet-İran müqaviləsinə əsasən İrana daxil olması ölkənin cənub sərhədlərini də gözəgörünməz cəbhəyə çevirmişdi. Gənc Heydər Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsində işə başlayır və bu, bütünlükdə ömür yolunu müəyyənləşdirir. Amma kitabda göstərilən faktlar təsbit edir: Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarına gəlişi düşünülmüş, dərk olunmuş addımdır. Belə ki, dünyamiqyaslı cahanşümul hadisələr dərin dərrakəli gəncin bilavasitə gözünün önündə baş verirdi. Heydər Əliyev ilk gəncliyindən şahidi olub, Cənubi Azərbaycanda Demokratik Dövlətin qələbə sevinclərini və məğlubiyyət acılarını yaşamış insandır. Bu, Heydər Əliyevin milliyyətçi düşüncə tərzi və obrazının formalaşması ilə birgə qəti həyat yolunun müəyyənləşməsinə də səbəb olur.
***
Xalq yazıçısı Anar 2003-cü ilin dekabrında qələmə aldığı “Qalib gəldi, qalib getdi” vida yazısında ulu öndərin həyat yolunu, uzun ömür dastanını görükdürə bilən yığcam bir obraz-ifadə işlədir - Qalib! “Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi...”. Yazıçının düzgün sezdiyi bu obraz Heydər Əliyevin tərcümeyi-halının bütün pillələri, dönəmləri, nöqtələrində bir insan kimi, şəxsiyyət kimi, fenomen kimi tarixi fəaliyyətinin başlıca uğurlarını, nəticələrini, yekunlarını özündə ehtiva edir. Və ulu öndər haqqında yazılan bütün əsərlərdə təsbitini tapır. Bioqrafları həyat tarixçəsinin hər mərhələsində Heydər Əliyevi qalib kimi görür və qələmə alırlar.

Read 53 times