XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:20

YENİLİKLƏR

Saç tökülməsinə son qoyacaq yeni ixtira

ABŞ alimləri saç transplantasiyasının alternativ üsulunu tapıblar. Bu dəfə baş dərisinə saç deyil, hüceyrələr köçürüləcək. Alimlərin bu yeni kəşfi gənc yaşlarında saçları tökülən insanların keçəllik kabusuna son qoyacaq. Kolumbiya Universitetinin tədqiqatçıları baş dərisinə saç hüceyrələrinin transplantasiyasına nail olublar. Bunu etmək üçün onlar saç follikullarından istifadə ediblər. Əvvəllər alimlərin bu cəhdi uğursuzluqla nəticələnirdi. Belə ki, laboratoriyalarda əkilən saç hüceyrələri dəfələrlə dəri hüceyrələrinə çevrilirdi. Lakin indi kolumbiyalı alimlər damla şəkilli üçölçülü hüceyrələrdən istifadə edərək hüceyrələrin saç əmələgətirmə xüsusiyyətlərini qoruya bildilər.

Tədqiqatçıların sözlərinə görə, bu prosedur hətta irsi saç tökülməsi olan insanlarda belə mümkün olacaq. Təcrübələr zamanı alimlər 7 irsən saç tökülməsi olan kişinin hüceyrələrindən götürdülər və hüceyrələri çoxaltdıqdan sonra siçanların kürəyinə köçürdülər. Altı həftə ərzində 7 test seansından beşində saç kökləri meydana gəldi. Daha sonra tədqiqatçılar bunu DNT testi ilə də təsdiqlədilər. Belə ki, testdə saçın insan mənşəli olduğu və müəyyən bir donora uyğun gəldiyi təsdiqləndi. Alimlər bildiriblər ki, bu çox mürəkkəb bir prosedur olduğu üçün qiyməti 20.000-30.000 avro arasında ola bilər. Bu araşdırma barədə  ətraflı məlumat  “Forschung und Wissen” jurnalında dərc edilmişdir.

 

Çinli alimlər misi qızıla çevirməyi bacarıblar

Dalyan Kimya və Fizika İnstitutunun professoru Sun Tsyan və onun komandası misi xassələrinə görə qızıla çox bənzəyən metala çevirməyə nail olublar. Bu məqsədlə onlar misi elektrik yüklü, qaynaq arqonla “atəşə tutublar”. Bu zaman çox sürətlə hərəkət edən ionlaşmış zərrəciklər mis atomlarını nümunədən vurub çıxarıblar. Bu atomlar sonradan soyuyaraq və kondensləşərək toplayıcı qurğunun səthinə yığılmağa başlayıblar. Yığılan nümunə nazik toz örtüyü əmələ gətirib. Hər bir toz hissəciyi bir neçə nanometr diametrində olub.

Alınmış materialı tədqiqatçılar kömürdən spirt alınması prosesində katalizator kimi istifadə etmək məqsədilə reaksiya kamerasına yerləşdiriblər. Qeyd olunan proses çox mürəkkəb sintez prosesidir və bu reaksiyanın aparılması zamanı yalnız dəyərli materiallar (qızıl, gümüş, platin və s.) katalizator kimi istifadə olunur. Sınaq zamanı mis nanohissəcikləri çox yaxşı katalitik nəticələr göstəriblər. Bu nəticələr qızıl və gümüş kimi katalizatorların nəticələrinə yaxın olub. Mütəxəssislər qeyd edirlər ki, yeni material elektronikada qızıl və bu kimi dəyərli materialları tamamilə əvəz edə bilməsə də, bir çox üstünlüklərə malikdir. Belə ki, o yüksək temperatura, oksidləşməyə və erroziyaya qarşı davamlılıq göstərir.

Tədqiqatçılar onu da vurğulayıblar ki, yeni metal istehsalatda  dəyərli və nadir metalların istifadəsini xeyli azalda biləcək. Mütəxəssislərin araşdırması “Bild der Wissenschaft” jurnalında işıq üzü görüb. 

 

3D printerlə bioloji sümük implantı

İsveç alimləri 3D printer vasitəsilə maqneziumla zəngin, duz parçalarından ibarət sümük implantı etməyi bacarıblar. Tərkibi duz pastasından ibarət bu yeni implant növü xüsusi qəliblərə tökülərək hazırlanmışdır. Alimlərin fikrincə hazırda travmatologiyada istifadə olunan metal implantlar demək olar ki, həm bioloji, həm də kimyəvi cəhətdən orqanizmlə deqradasiyaya uğrayır. Magneziumla zəngin olan duz pastasından hazırlanmış bu yeni sümük implantlarının üstünlüyü xəstələrdə sağalma prosesini sürətləndirəcək. Digər üstünlüyü isə magneziumun bədənə daha tez sorulmasıdır. Belə ki, sümük əmələ gətirən hüceyrələr sayəsində xəstənin sümüyü tez sağalır və implantı ləğv etmək üçün isə yeni bir əməliyyata ehtiyac qalmır.  “Bild der Wissenschaft” jurnalında dərc olunan məqaləyə görə, alimlər ilk istehsal mərhələsi üçün jelatinli duz pastası hazırlamış və 3D printerindən istifadə edərək üçölçülü şəbəkə çərçivəsi yaratmışlar. Alimlərin sözlərinə görə, şəbəkənin kənarlarını və onların diametri arasındakı məsafəni ehtiyac olduqda fərdi qaydada tənzimləmək olar. Fizika və Texnologiya İnstitutunun professoru Jörg Zöffler izahlı şəkildə qeyd  edir ki, maye magneziumla doldurulmuş, duzdan ibarət olan incə məsamələr mexaniki olaraq çox sabitdir və istənilən zaman fərdi qaydada cilalana bilər. Tədqiqatın müəllifləri Martino Cihova və Kunal Masanianın verdiyi məlumata  görə, hazırda 3D çap prosesinin daha da təkmilləşdirilməsi üçün işlər aparılır və xəstələr üzərində keçirilən sınaqlar davam edir.

Alman dilindən çevirdi:

Eleonora HƏSƏNOVA,

“Respublika”.

Read 34 times