XƏBƏR LENTİ

Bazar, 12 Mart 2017 22:17

Ləyaqətli və şərəfli ömür yolu

Tapdıq Güləhməd oğlu Həsənov 1937-ci ilin 23 martında Gürcüstan Respublikası Qardabani rayonunun Təzə kəndində anadan olmuşdur. Qardabani orta məktəbi bitirdikdən sonra, 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində oxumuş və onun coğrafiya şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmiş, elmi fəaliyyətə isə 1963-cü ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda, akademik A.A.Nadirovun rəhbərlik etdiyi “Məhsuldar qüvvələrin yerləşdirilməsi” şöbəsində başlamışdır. 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları elmi-tədqiqat İnstitutunun əyani aspiranturasına daxil olmuş və orada “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Bakıya qayıtdıqdan sonra yenidən Azərbaycan EA İqtisadiyyat İnstitutunda işləmişdir. 1967-1968-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri vəzifəsində çalışmışdır. Həmin illərdə adı çəkilən İnstitutda respublikanın məhsuldar qüvvələrinin inkişafı və yerləşdirməsinin perspektiv sxemləri hazırlanırdı və məşğul olduğu sektor ölkələrin yüngül və yeyinti sənayesinin perspektiv inkişafı və yerləşdirməsi planının tərtib olunmasında bilavasitə iştirak etmişdir. Sektorun yerinə yetirdiyi keyfiyyətli elmi-tədqiqat işlərinin nəticələrinə görə özü və şöbənin işçiləri İnstitut rəhbərliyi tərəfindən mükafata layiq görülmüşdür.

O, 1969-cu ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasına keçir və burada işlədiyi müddətdə assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlir, professor elmi adını alır. O, 1991-ci ildən indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışır. Universitetdə çalışdığı illərdə o genişşaxəli elmi-tədqiqat və pedaqoji fəaliyyətlə məşğul olur. T. Həsənov Azərbaycan Respublikasının müstəqillik şəraitində sosial-iqtisadi inkişafının ərazi təşkili, iqtisadi-coğrafi rayonlaşdırılması, tədqiqat metodları və həmçinin bir neçə dərsliklərin hazırlanması üzrə Azərbaycanda tanınmış alim və pedaqoqdur.
Professor kafedrada elmin və tədrisin təşkili — bakalavr, magistratura və doktorantura pillələrinin tədris-proqram metodiki vəsaitləri və dərsliklərin hazırlanmasında yaxından iştirak edir və bir çoxlarının da müəllifidir. Magistraturanın “İqtisadi coğrafiya”, “Ərazi planlaşdırma və rayon planaalma” ixtisaslaşmaları üzrə ilk tədris planlarının əsaslandırılması və hazırlanmasında T.Həsənovun zəhməti böyük olmuşdur. Onun müəllifliyi ilə universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin iqtisadiyyat ixtisasında oxunan iqtisadi coğrafiya fənn proqramları toplusunun hazırlanmasının elmi redaktoru və proqramları tərtibatçısı olmuşdur.
T. Həsənov İqtisadi coğrafiyanın tədrisində ilk dəfə “Coğrafiyanın tədqiqat metodları (1990)”, “Coğrafiya tarixi (2001)”, “İqtisadi-coğrafi rayonlaşdırma (2012)”, “Rayon və şəhərlərin planlaşdırılması” dərsliklərini nəşr etdirmiş və tələbələrin istifadəsinə vermişdir. O, hazırda bir sıra yeni dərslik, proqram və dərs vəsaitləri üzərində çalışır.
Alim apardığı tədqiqatları ümumiləşdirərək 2007-ci ildə “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkmilləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi və sonra professor elmi adını alıb. O, Azərbaycan Respublikası Nazirlər Kabinetnin qərarı ilə yaradılmış “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi” üzrə İşçi Qrupunun işində yaxından iştirak edir. Qarabağ münaqişəsinə bir alim kimi reaksiya verən T.Həsənov 2002-ci ildə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” əsərini yazmışdır. Geosiyasi əhəmiyyəti və geniş informasiyası, xəritə-sxemləri və s. ilə təchiz olunan bu kitab rus və qazax dillərinə tərcümə edilərək internet şəbəkəsinə daxil edilmişdir.
Onun ən böyük elmi nailiyyətlərindən biri 1995-ci ildə AMEA-nın Coğrafiya və İqtisadiyyat İnstitutları ilə birgə hazırladığı “Azərbaycan Respublikasının iqtisadi rayonlaşdırılması şəbəkəsi”dir. Hazırda da istifadə edilən bu şəbəkəyə Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Naxçıvan iqtisadi-coğrafi rayonları daxil edilmişdir. Göstərilən rayon şəbəkəsi 2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının hazırlanmasında, ölkənin istehsal sahələrinin inkişaf etdirilməsi haqqında Azərbaycan dövlətinin hazırda irəli sürdüyü strateji yol xəritələrinin ərazi ilə əlaqələndirilməsində regional elmi-tədqiqat işlərinin aparılmasında, orta və ali məktəblərdə Azərbaycanın iqtisadi və sosial coğrafiyasının tədrisində özəl vasitə kimi istifadə olunur.
T.Həsənov 4 kitab və monoqrafiya, 2 xəritə, 1 dərslik və 170 məqalənin müəllifidir. Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası və coğrafiya fakültəsi Elmi şuralarının üzvüdür. AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya şurasının sədr müavinidir. Son illər Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin coğrafiya bölməsinin İmtahan Komissiyasının sədri olubdur.
Professor elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövləti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən bir sıra yüksək təltiflərə layiq görülmüşdür. O, Respublikanın “Əməkdar Müəllimi” fəxri adı, “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, “Universitetin Fəxri Fərmanı” və başqa fəxri adlarla təltif olunmuşdur. T. Həsənov məsuliyyətli, təvazökar, həmkarlarına qarşı diqqətli və bu gün də elmi-pedaqoji fəaliyyətinin məhsuldar dövrünü yaşayan dəyərli alim, layiqli müəllimdir.
Biz, Coğrafiya İnstitutunun əməkdaşları bu gün də gənclik ehtirası ilə yaşayıb-yaradan həmkarımıza uğurlar, cansağlığı arzu edirik!

Ramiz MƏMMƏDOV,
AMEA-nın Coğrafiya
İnstitutunun direktoru, akademik.

 

 

 

Read 239 times