XƏBƏR LENTİ

Cümə axşamı, 20 Oktyabr 2016 22:17

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 15 illik yubileyi

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 15 illik yubileyi keçirilmişdir. Tədbiri BEA-nın Azərbaycan Bölməsinin prezidenti akademik, professor Dr. Elçin Xəlilov açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, 2001-ci il noyabrın 3-də Bakıda iki dəfə Nobel mükafatı laureatı Beynəlxalq Elmlər Akademiyasının (BEA) banisi və ilk prezidenti Laynus Karl Polinqin anadan olmasının 100 illiyinə həsr edilmiş Elmi İnkişaf üzrə Beynəlxalq Şura — Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (EİBŞ/BEA AB) təsis yığıncağı keçirilmişdir. Təsis yığıncağında xarici qonaqlardan görkəmli alimlər: EİBŞ/ BEA prezidenti dr., professor, BEA akademiki Valter Kofler (Avstriya), BEA Şərqi-Avropa Bölməsinin prezidenti, dr. professor, BEA akademiki Karl Hext (Almaniya), BEA akademiki Savoley Yelena Nikolayevna (Almaniya), BEA Rusiya Bölməsinin baş katibi, dr., prof., BEA akademiki O.S.Qlazaçev (Rusiya) iştirak edirdilər. Sonra EİBŞ/ BEA prezidenti BEA akademiki Valter Kofler və BEA Rusiya bölməsinin baş katibi BEA akademiki Oleq Qlazaçev çıxış edərək Azərbaycanda olduqlarından və burada yubiley tədbirində iştiraklarından məmnun olduqlarını bildirdilər. 

BEA AB-nin yaradılması bəşəriyyətin aktual problemlərinin həllində Azərbaycanın elmi potensialının beynəlxalq elmi proqramlarının, həmçinin birgə beynəlxalq qrantların yerinə yetirilməsində iştirakına,milli elmin dünya elmilə daha sıx inteqrasiyasına imkan verir. 2001-2016-cı illər ərzində Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi bir neçə böyük beynəlxalq və milli konfranslar keçirmiş və onların məruzələr toplusunu, monoqrafiyalar, kitablar və broşürlər H&E “Science Without Borders” (“Sərhədsiz Elm”) Beynəlxalq Elmlər Akademiyasının məruzələri — 3 cild elmi məqalələr toplusunu çapdan çıxartdırmışdır. Elm və təhsildə böyük nailiyyətlərə görə bir sıra görkəmli Azərbaycan alimləri, Beynəlxalq Elmlər Akademiyasının və BEA-nın Azərbaycan Bölməsinin ali mükafatı olan — Qızıl Nişanla təltif edilmişdilər.
2002-ci ilin may ayında Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev, müstəqil Azərbaycanda yeni demokratik ictimaiyyətin formalaşdırılmasında, elmin və təhsilin inkişafında görkəmli və müstəsna nailiyyətlərə görə, Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) Ali mükafatı olan Nobel laureatı Pavlov adına Qızıl Nişanla təltif edilmişdir və Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) fəxri Akademiki seçilmişdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda demokratik ictimaiyyətinin və iqtisadiyyatın inkişafında müstəsna və görkəmli nailiyyətlərə görə Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) fəxri Akademiki seçilmişdir və ona, Nobel laureatı Pavlov adına olan Qızıl Nişan təqdim olunmuşdur. 2005-ci ilin may ayında Beynəlxalq Elmlər Akademiyasının H&E prezidenti prof. Valter Kofler, Beynəlxalq Konfransın nümayəndələr heyəti tərkibində, 2010-cu ildə isə Avstriya Prezidenti hökumət nümayəndələri heyəti tərkibində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür.
Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəaliyyətdə olan elmi bölməsi Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutudur. İnstitutun əsas nailiyyəti - zəlzələlərin proqnozlaşdırılmasının işlənmiş yeni texnologiyası və ATROPATENA zəlzələlərin proqnozlaşdırılması stansiyalarıdır. Bu stansiyalar, gözlənilən zəlzələ ocaqlarında kritik mexaniki gərginliyin toplanması nəticəsində ətrafa yayılan tektonik dalğalarını qeyd edir. Bu dalğalar böyük məsafələrə yayılır və ATROPATENA stansiyaları tərəfindən zəlzələnin baş verməsi anından 3-7 gün əvvəl qeyd olunur. 2009-cu ildə bu stansiyaların isifadəsi əsasında zəlzələlərin proqnozlaşdırılması Qlobal Şəbəkəsi (GNFE) mərkəzi Londonda olmaqla yaradılmışdır. 2009-cu ildə üç ədəd ATROPATENA zəlzələlərin proqnozlaşdırılması stansiyası işə buraxılmışdır. Bunlardan biri İndoneziyada (Cakarta), biri Pakistanda (İslamabad) və biri Azərbaycanda (Bakı) yerləşdirilmişdir. Sonralar stansiyalar həmçinin Türkiyədə (İstanbulda) və Ukraynada (Kiyev) qurulmuşdur.
Zəlzələlərin proqnozlaşdırılması texnologiyası 2005 və 2013-cü illərdə alınmış PCT və Avrasiya potentlərinə malikdir. (Khalilov E.N. Earthquake prediction method and device for the implementation thereof. World İntellectual Property Organization (WİPO), Geneva, Publication Date No: 04.07.2013, Publication № WO 2013/096997, İnternational Application № PCT/AZ2011/000016 Eurasian Patent № 018373). 2016-cı ildə Çin Respublikasının zəlzələ administarsiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu memorandum uyğun olaraq stansiyalar həmçinin ÇXR-da yerləşdiriləcəklər. 2005-ci ildə zəlzələlərin proqnozlaşdırılması və öyrənilməsi ETİ-nun “Elm sülh naminə” beynəlxalq proqramı çərçivəsində 350 000 EUR məbləğində NATO qrantının qalibi olmuşdur. Qrant, “Seysmodayanıqlı tikintinin yeni texnologiyası” proqramının yerinə yetirilməsinə ayrılmışdır. Layihə müvəffəqiyyətlə icra edilmişdir və NATO tərəfindən 2010-cu ildə qəbul edilmişdir. Layihənin əsas nəticəsi, seysmodayanıqlı tikinti texnologiyasının yaradılmasıdır (Dancing Building Technology - DBT). DBT texnologiyasına 11 patent verilmişdir, onlardan axırıncısı 2013-cü ildə alınmışdır (Seismic block and preparation method thereof. World İntellectual Property Organization (WİPO), Geneva, Publication Date No: 12.09.2014, Publication № WO/2014/134690, İnternational Application № PCT/AZ2013/000003).
Yeni seysmodayanıqlı tikinti texnologiyası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, belə ki, bu texnologiya baha olmayan 5 mərtəbəyə qədər seysmodayanıqlı binaların tikilməsinə imkan yaradır. Texnologiya maksimal sadədir, əsasən kənd rayonlarında aztəminatlı əhaliyə hesablanmışdır.
Tədbirin sonunda BEA- nın həqiqi və müxbir üzvlərinə diplomlar, eləcə də yeni seçilmiş üzvlər, elmin və təhsilin inkişafında nailiyyətlərinə görə BEA akademiki professor dr. Məhbubə Vəliyeva BEA AB-nin Qızıl Nişanı təqdim edildi.

M.MİRZƏ,
“Respublika”.

 

 

 

Read 129 times