XƏBƏR LENTİ

Çərşənbə, 10 Fevral 2016 09:09

“Tarixi saxtalaşdırmaq cinayətdir”

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı Rayon Polis Bölməsinin ilk və sonuncu rəisi polis mayoru, Qarabağ müharibəsi veteranı Sabir Surxay oğlu Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabda Xocalı hadisələrindən üzübəri bütün cəbhə boyu Ağdam, Goranboy ərazilərində gedən döyüşlərdə fəal iştirak etmiş müəllif həmin illərdə Xocalıda tüğyan edən hadisələrdən, xocalıların başlarına gətirilən müsibətlərdən söhbət açmışdır.

Kitabxananın direktoru Tahir Sadıqov Sabir Məmmədovun keçdiyi döyüş yolundan danışmış və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəhid atası Məhəmməd Mürsəloğlu Xocalı soyqırımı ilə bağlı erməni quldurlarının törətdikləri vəhşilikdən söhbət açmışdır. Əməkdar həkim, dosent 1990-1999-cu illərdə Ağdam Rayon Səhiyyə Şöbəsinin müdiri işləmiş Taryel Eyvazov Xocalı yaralılarına göstərilən ilk tibbi yardımdan söhbət açmış və o ağır illəri ürək ağrısı ilə xatırlamışdır.

Çeçenistanın milli qəhrəmanı, Prezident təqaüdçüsü, I qrup Qarabağ müharibəsi əlili Arif Məhərrəmov Xocalıdan pərən-pərən düşmüş yaralıların, eləcə də erməni quldurları tərəfindən əsir götürülmüş Xocalı sakinlərinin azad olunmasında Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırovla yanaşı, qardaşı Eldar Bağırovun da şücaətindən danışmışdır.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, professor Ziyadxan Nəbibəyli, “Azad Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı Hacı Tofiq Seyidzadə və başqaları tarixi mənbələrlə zəngin bu kitabın gələcək nəslin vətənpərvər ruhda böyüməsində əhəmiyyətindən danışmışlar.

Sonra tədbir iştirakçılarına Sabir Məmm

ədovun yazdığı 2 cildlik “Tarixi saxtalaşdırmaq cinayətdir” kitabı təqdim edilmişdir.    

Rauf İLYASOĞLU,

“Respublika”.

 

 

 

Read 212 times