XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:54

Moskvada RAGB-AMOR fəalları ilə görüş keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB-AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü əsasında Milli Məclisin deputatı Emin Hacıyev təşkilatın fəalları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, RAGB-nin Moskva ofisində baş tutan görüşdə Rusiyanın müxtəlif ali məktəblərində fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının sədrləri və Gənclər Birliyinin əməkdaşları iştirak ediblər.

Milli Məclisin deputatı Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından gəncləri salamlayaraq, təşkilatın yaranma tarixindən danışıb. O bildirib ki, Rusiyada RAGB-nin 70-dən çox regional bölməsi fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın bütün regionlarında 1990-cı ilin qanlı 20 Yanvar hadisələri, 1992-ci ilin Xocalı soyqırımı ilə bağlı “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində anım mərasimləri keçirilir. Gənclər mədəni-kütləvi, idman və xeyriyyə aksiyalarına, o cümlədən Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik mini futbol turnirinə, “Nə? Harada? Nə zaman?” intellektual oyununa, “Qanın milləti yoxdur” xeyriyyə aksiyasına həvəslə qatılırlar. Hər il təhsildə fərqlənən gənclər “AMOR təqaüdü”nə layiq görülürlər. Böyük Vətən müharibəsində Qələbənin ildönümlərində RAGB gəncləri faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların həyat və döyüş yolu barədə danışırlar.

“Bütün Azərbaycan xalqı kimi, Rusiyada yaşayan və təhsil alan soydaşlarımızın da ən böyük problemi əlbəttə ki, Qarabağ münaqişəsi idi. RAGB fəalları təşkil olunan hər bir görüşdə, hər tədbirdə Qarabağ münaqişəsinin başvermə səbəbləri, xalqımızın haqq işi barədə rusiyalıları məlumatlandırır, bu münaqişənin ədalətli həllinə çağırırdılar. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər nəticəsində Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdıra bildik. Dövlətimiz güclü, peşəkar ordu yaratdı və 44 günlük Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Silahlı Qüvvələrimizin şanlı Qələbəsi ilə başa çatdı. Mən sizi bir daha xalqımızın bu böyük Qələbəsi münasibətilə təbrik edirəm”, - deyə E.Hacıyev bildirib.

Deputat ölkəmizdə siyasi, iqtisadi, humanitar sahələrdə görülən işlərdən danışıb, işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri, Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Sonda deputat Emin Hacıyev RAGB fəallarını maraqlandıran sualları cavablandırıb.

 

 

AZƏRTAC

Read 112 times