XƏBƏR LENTİ

Cümə axşamı, 04 Mart 2021 05:47

Misirin informasiya agentliyində Prezident İlham Əliyevin mətbuat konfransı haqqında analitik məqalə yayılıb

Misirin “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkir Əbu Əl-Məcd Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı haqqında analitik məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyevin mətbuat konfransına dair siyasi-strateji fikirlər” sərlövhəli məqalədə dövlətimizin başçısının bir çox mətləblərə aydınlıq gətirdiyi, Ermənistan rəhbərliyinə, habelə Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq keçirən ölkələrə mesajlar göndərdiyi qeyd olunur. Müəllif vurğulayır ki, jurnalistlərin suallarını dörd dildə səlis cavablandıran İlham Əliyev dəqiqliklə işlənilmiş və həyata keçirilmiş strateji planlarını da açıqlayıb. Məhz uzun illər təmkinlə reallaşdırılan bu planlar nəticəsində Azərbaycan Ordusu qısa müddətdə torpaqları işğaldan azad edə bilib. 

Analitik məqalədə Prezident İlham Əliyevin 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi, Türkiyə və Rusiyanın müşahidə missiyasının fəaliyyəti, uzun illər pulsuz silahla təchiz edilən Ermənistan silahlı qüvvələrinə qarşı preventiv tədbirlərin həyata keçirilməsi haqqında fikirləri yer alıb. Müəllif vurğulayıb ki, Azərbaycanın inamlı Qələbəsinə aparan yolun təməli ötən əsrin 90-cı illərinin əvvəlində ölkəni məhv olmaqdan xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulub. Sovet İttifaqının rəhbərlərindən biri olmuş bu müdrik siyasətçi həm postsovet məkanında vəziyyəti, həm də regionda geostrateji şəraiti hər kəsdən yaxşı bilir, Rusiya və MDB ölkələri ilə yanaşı, Qərblə də yüksək səviyyədə əməkdaşlıq siyasəti yürüdürdü. Onun neft strategiyası, Azərbaycanın iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər sayəsində yaradılan ordu öz gücünü göstərdi. Qırx üç yaşında dünyanın ən gənc prezidentlərindən biri olan İlham Əliyev isə atasının uzaqgörən siyasətini davam etdirərək adını tarixə Müzəffər Ali Baş Komandan kimi yazdırdı.

Məqalədə Azərbaycanın son 17 ildə keçdiyi inkişaf yolundan, həyata keçirilən transmilli neft-qaz və nəqliyyat layihələrindən ətraflı bəhs edilib. Müəllif, həmçinin Prezident İlham Əliyevin mətbuat konfransında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların səmərəsizliyi, atəşkəs dövründə işğalçı Ermənistanın hərbi təxribatlarını davam etdirməsi, 44 günlük müharibədə, xüsusən Şuşanın azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin şücaəti barədə fikirləri də yer alıb.

Sonda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri, Ermənistanda son vəziyyət haqqında mülahizələri geniş təhlil edilib.

AZƏRTAC

Read 92 times