XƏBƏR LENTİ

Cümə axşamı, 04 Mart 2021 05:44

İrpendə orta məktəbdə Azərbaycan xalqının igid övladı Əhmədiyyə Cəbrayılov haqqında açıq dərs keçirilib

Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbdə Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında açıq dərs keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin üçüncü katibi Təranə Sadıqova, soydaşımız, hərbçi Vidadi İsrafilov ölkəmizin İkinci Dünya müharibəsində qələbəyə verdiyi töhfələr, Bakı neftinin qələbədə rolu, xalqımızın qəhrəman oğullarının fədakarlığı haqqında geniş məlumat veriblər. Şagirdlər Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu haqqında məlumatlandırılıb.

Eyni zamanda, Əhmədiyyə Cəbrayılov haqqında sənədli film nümayiş etdirilib. Filmdən sonra iştirakçılarla viktorina keçirilib və ən çox düzgün cavab verən şagirdlərə hədiyyələr təqdim edilib.

Sonda məktəbin direktoru Valentina Antonenko səfirliyə təşəkkür edib və ukraynalı gənclərə vətənpərvərlik hissinin aşılanması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

 

 

AZƏRTAC

Read 135 times