XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2019 11:47

Ankara şəhərindəki Heydər Əliyev Parkı Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından biridir

Ankara şəhərində fəaliyyət göstərən Heydər Əliyev Parkının ümumi ərazisi təxminən 10 000 kvadratmetrdir. Parkın ərazisi eni 19,23 metr olan giriş, meydanın cənub hissəsindəndir. Bu giriş meydanı ulu öndər Heydər Əliyevin doğum ilini simvolizə etməkdədir.

Meydanın mərkəzində quraşdırılmış su fəvvarəsi üzərində ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” məşhur kəlamı diqqəti cəlb edir.

Heykəlin qərar tutduğu meydan səkkizguşəli ulduzla ifadə olunub ki, bu da öz-özlüyündə keçmiş və gələcəyi ehtiva edir. Heykəlin ətrafında qədim Türk inanclarına görə müqəddəs hesab olunan, keçmişlə gələcək arasında əlaqə quran ulu çinar ağacları əkilib. Heydər Əliyevin doğumu və ölümü axan su ilə ifadə olunub.

Heydər Əliyev Parkının ana girişində ağ mərmər divarda Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırma sistemi tətbiq edilib. Bundan başqa, parkın ətrafında travertlər divar hörülüb və divarlarda qoyulan dəmir məhəccərlərdə Azərbaycanın milli motivləri öz əksini tapıb.

Parkın içində hər fəslə uyğun əkilən çiçəklər təsviri incəsənətimizin ən qədim qollarından olan buta simvollarının içində yerləşdirilib. Həmçinin parkda günün 24 saatı istirahət üçün gələn paytaxt sakinləri və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə kameralar quraşdırılıb. Döşənən mərmər və qranitlər Bakının park və xiyabanlarında istifadə olunan mərmər və qranitdən qətiyyən fərqlənmir. Bu da Azərbaycandan Ankaraya qonaq gələn həmvətənlərimizin, həmçinin Türkiyədə yaşayan soydaşlarımızın könlünü oxşayır. Bir sözlə, bu məkanda yaradılan belə bir ab-havada azərbaycanlılar özlərini Bakı parklarındakı kimi hiss edirlər.

2012-ci ildə əsaslı yenidənqurma işləri aparılaraq yenidən Ankara sakinləri və qonaqların ixtiyarına verilən park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr yer alıb. Bu istirahət məkanındakı şərait - idman meydançası, uşaq-əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqə uyğun istirahət etmələri üçün imkanlar yaradır.

İstər ərazi, istərsə də demoqrafik quruluş baxımından İç Anadolu bölgəsinin spesifik xüsusiyyətlərini özündə əks etdirən bir ərazi relyefində yerləşən parkımızı ziyarət edən hər kəs haqlı olaraq Ankara Heydər Əliyev Parkını “Batıkent rayonu və bütövlükdə Ankaranın ağciyəri” hesab edir. ümumilikdə, parkda əkilən ağaclar ərazinin quraq iqlimini sürətlə örtərək parkın olduğu ərazi və bütövlükdə ətraf bölgəyə fərqli bir yaşıllıq görüntüsü bəxş edir. Bu da şəhərin sakinləri və qonaqların parka gələrək təmiz hava qəbul etmələri, səhər və axşam gəzintilərində buranı seçmələrinə şərait yaradır.

Ankaradakı Heydər Əliyev Parkında, eyni zamanda, təmiz hava gəzintiləri üçün nəzərdə tutulan ərazilərdən başqa, paytaxt sakinlərinin sağlam həyat tərzi keçirmələrinin təmini üçün uşaq parkları, futbol və basketbol meydançaları da inşa edilib ki, bu da gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından ideal bir məkandır.

 

Esmira YAZKAN ASLANOVA,

“Respublika” qəzetinin

Türkiyə müxbiri.

Read 59 times