06.05.12 | Neft Fondu Azərbaycanın tərəqqisinə, bugünkü və gələcək nəsillərə xidmət edir
Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdur
—Ötən illər ərzində Neft Fondu Azərbaycanın iqtisadi inkişafına, xalqımızın güzəranının daha da yaxşılaşmasına sanballı töhfələr verib. Bu töhfələr barədə nə deyə bilərdiniz?
—Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqının təbii sərvəti olan neftdən əldə edilən gəlirlərin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Bu ideya Heydər Əliyevin “Neft — Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” kəlamında aydın şəkildə ifadə olunur.
Bu ideyaya uyğun olaraq Neft Fondunun fəaliyyəti dövründə aşağıdakı mühüm vəzifələr yerinə yetirilmişdir:
İlkin olaraq, neft və qaz sazişlərinin icrası çərçivəsində ölkəyə böyük həcmdə xarici valyutanın daxil olması şəraitində makroiqtisadi sabitliyin qorunmasının təmin edilməsi fondun qarşısında duran ən əsas vəzifələrdən biridir. Digər tərəfdən, Neft Fondu tərəfindən neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması təmin edilmişdir. Belə ki, 31 mart 2012-ci ilə qədər olan dövr ərzində Neft Fonduna ümumilikdə 70,8 milyard ABŞ dolları miqdarında vəsait daxil olmuşdur ki, bu vəsaitin 32,4 milyard ABŞ dolları və yaxud 45,7 faizi yığıma yönəldilmişdir.
Bununla bərabər, Neft Fondu tərəfindən ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi təmin edilmişdir. Belə ki, müstəqilliyinin ilk illərində Azərbaycanda mövcud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdı. Bununla əlaqədar olaraq, 2001-ci ildən etibarən ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin həyata keçirilməsində Dövlət Neft Fondunun mühüm töhfəsi olmuşdur. Belə ki, bu dövr ərzində Dövlət Neft Fondu tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli tədbirlərinin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri, “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının formalaşdırılması kimi tədbir və layihələr maliyyələşdirilmişdir.
Eyni zamanda, Azərbaycanda beynəlxalq əhəmiyyətli şəffaflıq təşəbbüsünün həyata keçirilməsində Dövlət Neft Fondunun mühüm töhfəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində Azərbaycanın qoşulduğu beynəlxalq əhəmiyyətli “Mineral ehtiyatların hasilati ilə məşğul olan sənaye sahələrində şəffaflıq” təşəbbüsünün (MHŞT) həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətlər və real nəticələr artıq digər ölkələr üçün nümunəyə çevrilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış MHŞT üzrə Komissiya tərəfindən ölkə hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatlar və beynəlxalq auditor şirkətinin bu hesabatlara dair verdikləri rəylər ictimaiyyətə mütəmadi olaraq açıqlanır və Azərbaycan bu tədbirin həyata keçirilməsində lider ölkədir. 31.03.2012-ci il tarixinə komissiya tərəfindən 14 hesabat və bu hesabatlara dair audit şirkətlərinin rəyləri açıqlanıb. MHŞT-nin Azərbaycanda tətbiqinə dair memorandumu imzalamış şirkətlərin sayı 31-ə bərabərdir.
Neft Fondu həyata keçirdiyi şəffaf fəaliyyəti nəticəsində beynəlxalq birlikdə etibarlı partnyor və etibarlı tərəfdaş kimi yüksək nüfuz əldə etmiş və fondun fəaliyyəti dünyanın bir çox nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilmiş, Dövlət Neft Fonduna mükafatlar təqdim edilmişdir. Belə ki, 2007-ci il iyunun 26-29-da BMT-nin Vyanadakı qərargahında “Hökumətə inamın bərpası” mövzusunda keçirilmiş 7-ci Qlobal Forum çərçivəsində BMT-nin Dövlət Qulluğu mükafatlarının təqdimetmə mərasimində Dövlət Neft Fonduna “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafat təqdim edilmişdir. Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumu olmuşdur.
—Şahmar müəllim, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatlarının qorunmasında rolu bu gün çox böyükdür. Bu, yəqin ki, DNF-in əsas vəzifələrindən biridir.
—Dövlət Neft Fondunun əsas vəzifələrindən birini neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır. Ölkənin ümumi strateji valyuta ehtiyatlarında Neft Fondu mühüm paya malikdir. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondunun aktivlərinin həcmi 31 mart 2012-ci il tarixinə 32,4 milyard ABŞ dollarını keçmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 43,2 milyard ABŞ dolları təşkil edir ki, bu ehtiyatların 75 faizi Dövlət Neft Fondunun payına düşür.
—DNF-dən dövlət büdcəsinə transfertlər davam edir. Bu barədə bir az geniş açıqlama verə bilərdinizmi?
—2003-cü ildən etibarən Dövlət Neft Fondunun vəsaitinin böyük hissəsi dövlət büdcəsinə transfer edilir, bu vəsait hesabına dövlət investisiya proqramına daxil edilən layihələrin maliyyələşdirilməsi həyata keçirilir. 2003-2012-ci illər ərzində fonddan dövlət büdcəsinə edilmiş transfertlərin ümumi məbləği 27,0 milyard manat təşkil etmişdir. Neft Fondundan dövlət büdcəsinə transfert dövlət büdcəsinin gəlirlərinə daxil edilir və bu məbləğ “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hər il Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilir. 2012-ci ildə dövlət büdcəsinin daxilolmalarında Neft Fondundan transfertin payı 60,3 faizə çatmışdır.
—Şahmar müəllim, bəs DNF-in yeni strategiyası əvvəlkindən nə ilə fərqlənir?
—Yarandığı tarixdən Neft Fondu konservativ investisiya siyasəti həyata keçirir, bu da idarəetmədə olan vəsaitlərin qorunub saxlanmasını təmin etməyə hədəflənmişdir. Neft Fondunun vəsaitləri əsas etibarilə yüksək keyfiyyətli, sabit, lakin eyni zamanda aşağı gəlirli aktivlərə yerləşdirilmişdir. Belə siyasətin həyata keçirilməsi 2007-2008-ci il qlobal maliyyə böhranı zamanı fond üçün əlverişli olmuşdur. Belə ki, 2008-ci maliyyə ilində aqressiv investisiya siyasəti həyata keçirən və vəsaitlərinin böyük hissəsini yüksək riskli aktivlərə yerləşdirən investisiya fondlarının bir çoxu nəzərəçarpan zərərlərlə üzləşdiyi halda, Dövlət Neft Fondu həmin ili müsbət investisiya gəlirliliyi ilə başa vurmağa müvəffəq olmuşdur.
Maliyyə bazarlarında faiz dərəcələrinin kifayət qədər aşağı olması səbəbindən daha az faiz dərəcəsi riski götürməklə mövcud şərtlər daxilində maksimum gəlirlilik əldə etmək, eləcə də investisiya portfelinin yüksək diversifikasiyasını təmin etmək məqsədilə ARDNF 2009-cu ildən başlayaraq investisiya portfelində daha aşağı kredit reytinqinə malik istiqrazların payını artırmağa başladı. Belə ki, fondun investisiya portfelindəki “AAA” reytinqinə malik kağızların çəkisi 2008-ci ilin sonundan 2011-ci ilin sonuna kimi 89,2 faizdən 36,1 faizə endirildi, “A” kredit reytinqinə malik olan kağızların çəkisi 6,0 faizdən 27,8 faizə qədər, “BBB” kredit reytinqinə malik kağızların çəkisi isə 0,4 faizdən 21,44 faizə qədər artırıldı. Bu müddət ərzində Neft Fondunun investisiya portfelində korporativ istiqrazların çəkisi 1,7 faizdən 24,9 faizə qədər artırıldı.
Bütün bu tədbirlərə baxmayaraq, sabit gəlirli qiymətli kağızlar bazarında gəlirliliyin aşağı olması fondun uzunmüddətli hədəflərinə nail olmasına imkan verəcək gəlirliliyin əldə olunmasına maneə törədir. Belə ki, 2005-2009-cu illərdə fondun vəsaitlərin idarə edilməsi ilə bağlı orta illik gəlirliliyi 3,69 faiz olduğu halda, 2010-2011-ci illər üçün bu göstərici 0,91 faiz təşkil etmişdir. Avropada suveren borc böhranının dərinləşməsi və dünya iqtisadiyyatında müşahidə olunan zəif iqtisadi artım tempi güman etməyə əsas verir ki, ən azı növbəti bir neçə ildə aşağı riskli sabit gəlirli qiymətli kağızlar bazarında yüksək gəlirlilik müşahidə edilməyəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və fondun vəsaitlərinin idarə edilməsindən gəlirliliyin artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2011-ci il tarixli fərmanı ilə fondun investisiya qaydalarına əlavə və dəyişiklilər edilmiş və fondun investisiya alətləri sırasına daşınmaz əmlak və qızıl da daxil edilmişdir. Neft Fondunun yeni 2012-ci il üçün təsdiq edilmiş investisiya siyasətinə əsasən ARDNF-in aktivlərinin 15 faizə qədərinin səhmlərə, qızıla və daşınmaz əmlaka yerləşdirilməsinə icazə verilir. 2012-ci ildən etibarən Neft Fondu artıq qızıla investisiyaya başlamış və cari il ərzində daşınmaz əmlaka investisiya istiqamətində də işlər həyata keçirilir.
—DNF-in investisiya portfeli haqqında nə deyə bilərdiniz?
—Dövlət Neft Fondunun investisiya portfelinin idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a uyğun olaraq həyata keçirilir. Eyni zamanda Neft Fondunun valyuta vəsaitlərinin idarə edilməsi hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan Neft Fondunun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Qaydalara əsasən Neft Fondunun investisiya portfelinə Mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər, investisiya dərəcəli kredit reytinqinə malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri, beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər, pay fondlarına, o cümlədən alternativ investisiya fondlarının səhmləri daxil edilir. Eyni zamanda Neft Fondunun yeni investisiya strategiyasına əsasən fondun investisiya portfelinə 2012-ci ildən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr, daşınmaz əmlak kimi aktivlər də daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin cari il üçün təsdiq edilmiş Neft Fondunun investisiya siyasətinə əsasən Neft Fondunun investisiya portfelinin 50 faizi ABŞ dolları, 40 faizi avro, 5 faizi isə Böyük Britaniya funt sterlinqində, qalan 5 faizi isə digər valyutalarda ifadə olunmuş aktivlərdə yerləşdirilə bilər.
—Dövlət İnvestisiya Proqramının reallaşmasında, digər iri layihələrin maliyyələşməsində DNF-in rolu barədə bir az ətraflı məlumat verməyinizi xahiş edirik.
—2001-ci ildən etibarən ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin həyata keçirilməsində Dövlət Neft Fondunun mühüm töhfəsi olmuşdur.
Bu dövr ərzində Dövlət Neft Fondu tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli tədbirlərinin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri, “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının formalaşdırılması kimi tədbir və layihələr maliyyələşdirilmişdir.
Ulu öndər Heydər Əliyevin qərarına əsasən Dövlət Neft Fondundan ilk vəsait qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. 2001-ci ildən etibarən Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri üçün qəsəbələrin, yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilmişdir. Bu layihəyə Neft Fondu tərəfindən ümumilikdə 906,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Beləliklə, ARDNF-in vəsaiti hesabına 31 mart 2012-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkün ailələri üçün 58 qəsəbə tikilmiş, 19073 ailə yeni evlə təmin edilmişdir.
2002-ci ildən 1 fevral 2007-ci il tarixinədək olan dövr ərzində Dövlət Neft Fondu tərəfindən 298 milyon manat məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.
Eyni zamanda ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Neft Fondunun vəsaiti hesabına Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı formalaşdırılmışdır. 2006-cı ildə şirkətin nizamnamə kapitalının formalaşdırılmasına 90,0 milyon manat vəsait ayrılmışdır. Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırılmış bu şirkətin investisiya fəaliyyətinin məqsədini əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatların nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.
Bununla bərabər, 2007-ci ildən etibarən Neft Fondunun ümumilikdə 227,3 milyon manat məbləğində vəsaiti Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Layihənin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etmək və bununla region ölkələrinin tranzit potensialının artırılmasıdır. Bu məqsədlə Türkiyə ərazisində 76 kilometr və Gürcüstanın ərazisində 26 kilometr uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 kilometr uzunluğunda Marabda-Axalkalaki yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, 2006-2011-ci illər ərzində Neft Fondu tərəfindən 779,6 milyon manat məbləğində vəsait Oğuz-Qəbələ-Bakı layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Azərbaycanın paytaxtı Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllində bu layihə mühüm əhəmiyyət kəsb edir. 2010-cu ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə su kəməri istifadəyə verilmişdir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasıdır. 2011-ci ildə layihənin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi başa çatmışdır.
Dövlət Neft Fondu tərəfindən eyni zamanda bir çox dövlət proqramlarında nəzərdə tutulmuş Neft Fonduna aid tədbirlərin icrası və maliyyələşdirilməsi təmin edilmişdir. Belə ki, Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi” ilə bağlı tədbirlərin maliyyələşdirilməsi həyata keçirilib. 2006-cı ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 716,3 milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.
Neft Fondunun vəsaiti hesabına həyata keçirilən daha bir mühüm layihə kimi 2008-ci ildən maliyyələşdirilməsinə başlanılan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı misal göstərmək olar. 1 aprel 2012-ci il tarixinə bu proqram vasitəsilə xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı 1135-ə çatmışdır. 240 tələbə məzun olmuşdur.
—Ötən ilin və bu ilin birinci rübünün yekunları həm də qarşıya yeni vəzifələr qoyub. Perspektivlər barədə nə deyə bilərdiniz?
—Analoji xarici fondların qabaqcıl təcrübəsinə əsaslanan və uzunmüddətli investisiya fondlarının fəlsəfəsinə uyğun olan yeni, uzun müddətdə daha yüksək gəlir gətirmək potensialına malik investisiya siyasətinin həyata keçirilməsi bu gün Neft Fondunun gündəmində olan prioritet məsələlərdəndir. Bununla əlaqədar olaraq növbəti illərdə sabit gəlir gətirən qiymətli kağızlardan əlavə olaraq qızıl, daşınmaz əmlak və səhmlərə investisiyalar sayəsində Neft Fondunun vəsaitinin idarə olunmasından gəlirlərin həcminin və gəlirlilik faizinin artması gözlənilir.
Uzunmüddətli dövr ərzində neftin qiymətinin 80 ABŞ dollarına və gəlirlilik səviyyəsinin 4 faizə bərabər olduğu təqdirdə 2024-cü ilin sonuna ARDNF-in vəsaiti 176 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır. Dövlət Neft Fondunun vəsaitinin artması ölkənin strateji valyuta ehtiyatlarının və son nəticədə maliyyə imkanlarının artması deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasında qeyd etdiyi kimi, artan maliyyə resursları hesabına Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərəcək, maliyyə gücü kimi iştirak edəcəkdir.
Müsahibəni apardı:
T.ƏBDÜLƏZİZOĞLU.




