Yerevanın mərkəzində mayın 4-də qazla doldurulmuş şarların partlaması nəticəsində əsasən gənclərdən ibarət xeyli sayda adam yaralanıb. Məlumatlara görə, insident zamanı dünyasını dəyişən olmasa da, 144 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bu barədə “mignews” xəbər verib.
Hadisə Ermənistanın iqtidar Respublika Partiyasının mitinqindən öncə təşkil edilmiş konsert zamanı baş verib. Qazla doldurulmuş hava şarları mitinqdə iştirak edən gənc insanların əllərində olub. Yüzlərlə şar ani partlayaraq iştirakçıların üzərinə ərimiş rezin damcıları sıçradıb. Partlayışdan sonra meydanda vahimə yaranıb. Yerli mətbuat xəbər verib ki, şarların partlamasına səbəb yandırılmış siqaret olub.
Bütün bunlara baxmayaraq, bir neçə dəqiqədən sonra iqtidar partiyasının konserti və mitinqi davam etdirilib.
“BBC”nin məlumatına görə, insidentdən təxminən 10 dəqiqə sonra Serj Sarkisyan çıxış üçün hazırladığı nitqi oxuyub, lakin hadisə barədə heç nə deməyib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Şuşan Unanyanın sözlərinə görə, xəstəxanalara yerləşdirilənlərin bir hissəsi vahimə və sıxlıq nəticəsində zərər çəkib, onlardan bəziləri ilk yardım alaraq xəstəxanaları tərk edib.
Bəzi KİV-lər ehtimal edir ki, partlayış iqtidar partiyasının mitinqini pozmaq məqsədilə təşkil edilə bilərdi. Qeyd edək ki, mayın 6-da Ermənistanda parlament seçkiləri keçiriləcək.