Müstəqil Azərbaycan bu gün sosial-iqtisadi həyatın bütün sahələrində hərtərəfli, geniş və dinamik inkişaf yolundadır. İstehsal olunan ümumi daxili məhsullara dünya bazarında tələbat isə mütəmadi surətdə artmaqdadır. Ölkə hər ili yeni uğurlarla başa vurur. Əsl səbəb isə bütün regionlarda böyük quruculuq və abadlıq işlərinin görülməsi, beynəlxalq səviyyəli yerli sənaye və emal müəssisələrinin yaradılmasıdır. Dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik daim inkişaf edir və hər bir sahədə layihələr müvafiq dövlət proqramları ilə həyata keçirilir. İcra mexanizmi olduqca dəqiq və elmi-praktik baxımdan əsaslandırıldığına görə nəticələr çox uğurludur və bu proses getdikcə dərinləşir.

Azərbaycan iqtisadi modelində aparıcı keyfiyyət odur ki, yerli potensial hərtərəfli öyrənilir, dünya bazarına təklif dəyərləndirilir və bu proqnozda əsasən milli mənafelərə uyğun layihələr icra olunur, beynəlxalq standartlara müvafiq məhsul istehsal edilir. Dünya bazarında gedən proseslərin inkişaf meyilləri, onun mahiyyəti, ölkənin iqtisadi potensialı, sənaye sahələrinə təklif və dünya bazarlarının tələbatı daim nəzərə alınır. Sosial-iqtisadi tərəqqi, təbii ki, geniş beynəlxalq iqtisadi əməkdaşlıq zəminində baş verir. Bu əlaqələr iqtisadiyyatın nə qədər çox sahələrini əhatə etsə, dövlət o qədər də güclü olur. Azərbaycan rəhbərliyi bu mövqedən çıxış edərək diqqəti ölkədə müasir, rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəldib. Belə ki, xarici tarəfdaşlarla iqtisadi dövriyyənin dinamikası daim öyrənilir, potensial imkanlardan səmərəli istifadə olunmasına çalışılır. Bu proses, təbii ki, qarşı tərəfin də marağındadır. Çünki dövlətlərarası ticari əlaqələrin çoxşaxəliliyi həmin ölkələrin də sosial-iqtisadi inkişafına təsir edən mühüm amillərdəndir.
Dünya iqtisadiyyatına inteqrasiyada ümummilli məqsəd və mənafelər ön mövqedədir. Buna görə də öz müstəqilliyini bərpa etmiş Azərbaycan iqtisadiyyatını qısa müddətdə dirçəltmiş, çoxşaxəliliyə, davamlı inkişafa nail olmuş, beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, əksinə, geniş tərəqqi yoluna çıxmışdir. Ölkədə müasir istehsala nail olunması rəqabətədavamlı iqtisadiyyata səbəb olmuşdur. Beləliklə, davamlı sosial-iqtisadi tərəqqi müasir hərtərəfli inkişafın təməlini təşkil etməkdədir. Mövcud potensialın aşkara çıxarılaraq dövriyyəyə cəlb edilməsi dövlətin iqtisadi qüdrətinin davamlı surətdə artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu məsələ daim diqqət mərkəzindədir. Çünki bu proses həm də əhalinin məşğulluğunun artırılmasında və yoxsulluğun aradan qaldırılmasında həlledici rol oynamaqdadır. Həmin sahələrdə müasir layihələr hazırlanaraq elmi-praktik baxımdan həyata keçirilməsi də diqqət mərkəzindədir. Əldə olunan bu böyük uğurlar mövcud siyasi iradə, gələcəyin elmi-praktik əsaslarla, doğru proqnozlaşdırılması, perspektivin aydın təsəvvür edilməsi, maneələrin düzgün qərarlar qəbul edilərək vaxtında aradan qaldırıla bilinməsi, reallığa əsaslanmaq siyasəti nəticəsində qazanılıb. Xalqın dövlət başçısına inamı və dəstəkləməsi isə qazanılan hər bir nailiyyətdə həlledici rol oynayır.
Azərbaycan öz davamlı sosial-iqtisadi uğurları və rəqabətədavamlı ümumi daxili məhsulları sayəsində artıq investisiya və sosial proqramlarını da daxili imkanları hesabına icra edir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbəri bu barədə deyib: “Davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaqdır. Biz isə investisiya proqramlarımızı və sosial proqramları öz imkanlarımızla icra edirik. Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq. Bu vəsaitin səmərəli işləməsi və bu vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə maliyyə vəziyyətimizi daha da yaxşılaşdıracaq, ölkədə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır”.
Azərbaycanın daxili və xarici siyasəti vəhdət təşkil edir. Ölkənin dünyanın müxtəlif region dövlətləri ilə yaratdığı geniş əməkdaşlığı çox böyük uğurlara səbəb olub. Ölkə Prezidentinin çoxsaylı xarici səfərləri həmin ölkələrlə sıx, çoxtərəfli siyasi və iqtisadi əlaqələrin səmərəliliyində də mühüm rol oynayır. Hazırda Azərbaycan Avratlantik məkanda mühüm iqtsadi tranzit ölkədir və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır, bu əməkdaşlıq daim genişlənir və möhkəmlənir. Azərbaycanın qazandığı etimad və etibarlılığı ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi “beyin mərkəzi” olan Davos İqtisadi Forumu dövlətlərin iqtisadi qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görüb, MDB məkanında isə birinci yerdədir. Məsələ ondadır ki dünyada inkişaf etmiş ölkələrin kredit reytinqi aşağı düşdüyü, bəziləri defolt ərəfəsində olduğu halda, ölkəmizin reytinqi və nüfuzu daim yüksəlməkdədir. 155 ölkənin Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə səs verməsi bunun əyani göstəricisidir. Bu qələbə, ölkəmizə inamın, etimadın göstəricisi və Azərbaycan haqqında beynəlxalq ictimai rəyin yüksək səviyyədə olmasının sübutudur. Bu gün, hələ ki, dünyada baş vermiş böhranın zədələri aradan qalxmayıb, lakin ölkəmiz bu ağır beynəlxalq şəraitdə öz maliyyə ehtiyatlarını daim artırır. Qlobal iqtisadi və maliyyə böhranı nəticəsində maliyyə vəsaitlərinin qorunmasında faizlər əhəmiyyətli dərəcədə azaldığı üçün ona yeni forma ilə yanaşılır. Ölkə özünün inkişafının daha yüksək mərhələsinə qədəm qoyduğu üçün milli maraqlara uyğun yeni, çevik siyasət aparmaqda qərarlıdır. Dövlət başçısı bu barədə öz çıxışında vurğulayıb: “Bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Eyni zamanda, dünyada baş verən böhran faiz dərəcələrini əhəmiyyətli dərəcədə aşağı saldığı üçün biz yeni formalara müraciət edirik. Bu gün Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir. Bu təbiidir. Necə ki biz ölkə iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm əmniyyətli, həm də daha səmərəli şəkildə lazım olan sahələrə qoyulmalıdır. Ümumiyyətlə, gələcəkdə böyük valyuta ehtiyatlarımızın idarə edilməsi və ölkə maraqlarına daha da çox xidmət göstərilməsi işində daha da çevik siyasət aparılmalıdır”.
Hazırda qəbul olunmuş dövlət proqramları inamla, vaxtında və dəqiq mexanizmlərlə icra olunmaqdadır. Məqsəd makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq, əhalinin pul gəlirlərini daha da artırmaq, Dövlət İnvestisiya Proqramını daha dolğun icra etməkdir. Təbii ki, müasir dünyada siyasi və iqtisadi müstəqilliyin, sosial rifahın əsasında iqtisadi qüdrət dayanır. Bunun üçün də ölkə rəhbərliyi möhkəm sosial-iqtisadi inkişafın bünövrəsi kimi enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini təmin edərək daim möhkəmləndirir. Bundan başqa, iqtisadiyyatın daha da şaxəliliyinə nail olmaq üçün ölkə regionlarında müvafiq konkret dövlət proqramları həyata keçirilir. Əldə edilən nəticələr sübut edir ki, Azərbaycanın inkişaf etmiş ölkələrin səviyyəsinə çatması üçün seçilmiş bu strateji kurs ən doğru yoldur, dövlətin daha da qüdrətli olmasına istiqamətlənib. Azərbaycan iqtisadiyyatı öz qüdrətini artırdıqca, onun dünya ölkələri ilə əməkdaşlığı genişlənir, bazarlarının sayı artır. Dövlət bu istiqamətdə düşünülmüş, məqsədyönlü addımlar atır. Ölkə rəhbəri bu barədə deyib: “Bizim inkişafımız hərtərəflidir, çoxşaxəlidir. Azərbaycanda çox böyük ixrac potensialı formalaşır. Biz də bu potensialın güclənməsində maraqlıyıq və öz növbəsində, Azərbaycan dövləti bu işdə çox fəal rol oynayır. Azərbaycan şirkətlərinin, o cümlədən özəl şirkətlərin xarici bazarlara çıxması üçün çalışırıq və çalışacağıq”. Ölkə sürətlə, davamlı surətdə öz qüdrətini artırmaqdadır. Bu da, öz növbəsində, sosial məsələlərin həllində mühüm rol oynamaqdadır. Buna sovet dövründən qalma əmanətlərin qaytarılmasını misal çəkmək olar. Bu proses 2 milyon 400 min şəxsi hesabı əhatə edəcəkdir və ödəməyə təxminən bir milyard vəsait ayrılmışdır. Bu kompensasiya yürüdülən sosial siyasətin sayəsində mümkün olub, çünki dövlət sovet dövründə əmanət kassalarına qoyulan vəsaitlər üçün məsuliyyət daşımır. Azərbaycan Prezidenti İlham Əliyev dövlət siyasətinin mahiyyəti barədə deyib: “Azərbaycan siyasəti bundan ibarətdir ki, ilk növbədə siyasətimizin mərkəzində insan amili dayanır… Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən sərəncam imzalandı ki, kompensasiya ödənilsin”. Beləliklə, ölkənin bütün regionlarında icra olunan infrastruktur layihələri, bölgələrdə gedən tərəqqi, ümumi iqtisadi təşəbbüslər, şaxələndirmənin sürəti və uğurlu yüksəlişi, iqtisadiyyatı davamlı surətdə gücləndirir. Nəticədə Azərbaycan həyatın bütün sahələrində daim müsbət göstəricilər əldə etməkdədir.
Ataş CƏBRAYILOV,
“Respublika”.